AZ EN RU

Kənd təsərrüfatının inkişafı diqqətdə saxlanılıb

    Kənd təsərrüfatı sahəsində qəbul edilmiş müvafiq Dövlət proqramlarının icrası ilə bağlı maarifləndirmə tədbirləri mart ayında da davam etdirilib. Yaz-tarla işlərinə başlanılması ilə əlaqədar nazirliyin mütəxəssisləri tərəfindən payızlıq taxıllara yemləmə gübrəsinin verilməsi, yağ üçün qarğıdalı və günəbaxan bitkilərinin əkilib-becərilmə texnologiyaları, kartof və soğan bitkilərinin əkin sahələrinin hazırlanması və əkinlərin aqrotexniki qaydalara uyğun aparılması, eləcə də əkinlərdə alaq otlarına və zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında görülməsi mövzularında torpaq mülkiyyətçiləri və ailə təsərrüfatçıları ilə tarla seminar-müşavirələri və maarifləndirici tədbirlər keçirilib.

    “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində işlər davam etdirilib, muxtar respublikanın iqlim şəraitinə uyğunlaşan məhsuldar meyvə və aborigen meyvə sortlarından istifadə etməklə yeni meyvə bağlarının salınması və onlara qulluq edilməsi haqqında təsərrüfat sahibləri ilə görüşlər keçirilib. Meyvə və üzüm bağlarında aqrotexniki tədbirlərin vaxtında aparılması ilə bağlı məsləhətlər verilib.

    Mütəxəssislər tərəfindən Babək rayonunun Cəhri qəsəbə sakini Nüsrət Qurbanova məxsus meyvə bağında müşahidələr aparılıb, qabaqlayıcı tədbir olaraq ağaclara insektisid çilənməsi işində təsərrüfat sahibinə köməklik göstərilib. Ay ərzində yeni meyvə bağları və üzümlüklərin salınması, meyvə ağaclarının xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri ilə əlaqədar 17 təsərrüfat sahibi tərəfindən nazirliyə edilən müraciətlərə uyğun lazımi tövsiyələr verilib.
    Hesabat ayında torpaq mülkiyyətçilərinin iştirakı ilə müasir  texnologiyalar tətbiq edilməklə əkinlərin keçirilməsinin üstünlükləri, səmərəliliyi və məhsuldarlığa təsiri barədə tarla seminar-müşavirələri keçirilib. Ötən ay “Araz” Elm-İstehsalat Birliyinin elmi şurasının iclası keçirilib, aparılan elmi-tədqiqat və təsərrüfat işlərinin gedişi müzakirə olunub. Birliyin əkin sahələrində və laboratoriyasında Naxçıvan Dövlət Universitetinin Kənd təsərrüfatı və təbiətşünaslıq fakültəsinin Torpaqşünaslıq və aqrokimya ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübələri davam etdirilib. Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsi tərəfindən muxtar respublikanın rayonları üzrə torpaqların qida maddələri ilə təmin­edilmə dərəcələrinə uyğun olaraq hər bir bitki üçün mineral gübrələrin normaları hesablanaraq rayon və şəhər icra hakimiyyətlərinə göndərilib. Birliyin laboratoriyasına Culfa rayonunun Gülüstan kənd sakini, torpaq mülkiyyətçisi Mirsalim Seyidov tərəfindən gətirilən torpaq nümunəsində torpaq məhlulunun reaksiyası, karbonatlıq, humus və fosforun təyini analizləri aparılıb, nəticələri mülkiyyətçiyə təqdim edilib.
    Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinə mülkiyyətçilər tərəfindən gətirilən toxumlar analizdən keçirilib, nəticəsi analiz aktı formasında onlara təqdim olunub. Ay ərzində idarəyə meyvə və üzüm sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə müraciət edən 42 təsərrüfat sahibinin əkin sahələrinə mütəxəssislər tərəfindən baxış keçirilib, onlara meyvə və üzüm bağlarında bordo, komrasor və volk kimyəvi preparatlardan istifadə edərək dərmanlanma aparılması tövsiyə edilib.
    Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, zoobaytar qaydalarına uyğun qulluq edilməsi, otlaqlardan səmərəli istifadə, yaz aylarında arıxanalarda baytarlıq tədbirlərinin aparılması, quşlar arasında xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi istiqamətində maarifləndirmə işləri davam etdirilib. Nazirliyin əməkdaşları Şərur rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birlikdə özünüməşğulluq proqramına uyğun olaraq dəvət edilmiş ailə təsərrüfatçıları ilə maarifləndirici görüşdə  mal-qaranın, quşların və arı ailələrinin saxlanması və yetişdirilməsi ilə bağlı maarifləndirici mühazirə oxuyublar.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 19.04.2022 18:27