AZ EN RU

Kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılması istiqamətində tədbirlər görülür

    Deqradasiyaya məruz qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin münbitliyinin artırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, bol kənd təsərrüfatı məhsulu istehsalının təmin edilməsi məqsədilə ümumi torpaq fondundan təyinatına uyğun səmərəli istifadə edilməsi, torpaqların münbitliyinin qorunması daim diqqətdə saxlanılır.

    Təbii antropogen və texnogen amillərin təsiri ilə deqradasiyaya məruz qalan torpaqların uçotu və monitorinqi sistemlərinin təkmilləşdirilməsi, elektron xəritə materialları əsasında torpaqların vahid məlumat bazasının yaradılması məqsədilə torpaqların elektron kadastr uçotu informasiya sistemində “Torpaqların keyfiyyət göstəricilərinin monitorinqi” modulunun yaradılması üçün iş ardıcıllıqları müəyyənləşdirilmiş, modulu yaradılaraq sistemin fəaliyyətini təmin edən proqram təminatında quraşdırılmışdır. Torpaqların keyfiyyət göstəricilərinə dair müvafiq məlumatların rəqəmsal kadastr xəritəsində əks olunması təmin edilmişdir.
    Şərur rayonunun 22 bələdiyyəsi və dövlət ehtiyat fondu, Babək rayonunun 12 bələdiyyəsi və qış otlağı, Culfa rayonunun 7 bələdiyyəsi, Kəngərli rayonunun 6 bələdiyyəsi və qış otlağı, Ordubad rayonunun 5 bələdiyyəsi, Sədərək rayonunun 1 bələdiyyəsi, dövlət ehtiyat fondu və qış otlağı, həmçinin Naxçıvan şəhərinin 4 bələdiyyəsi üzrə olmaqla, ümumilikdə, muxtar respublikanın 57 bələdiyyəsi, dövlət ehtiyat fondu və qış otlaq sahələri üzrə 8583 hektar eroziyaya uğramış, şoranlaşmış, şorakətləşmiş və digər səbəblərdən deqradasiyaya məruz qalmış torpaq sahələri xəritələşdirilmişdir. 
    Muxtar respublika ərazisində dövlət ehtiyat fondu, bələdiyyə və xüsusi mülkiyyətdə olan əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə və əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə cari ilin ötən dövrü ərzində kameral və çöl şəraitində əkin dövriyyəsindən kənarda qalmış ərazilər araşdırılmış, muxtar respublika üzrə 8269 hektar istifadə olunmayan əkinəyararlı torpaq sahələri xəritələşdirilmiş, eksplikasiyası tərtib olunmuşdur. 
    Eyni zamanda maarifləndirici tədbirlərin davam etdirilməsi diqqət mərkəzində saxlanılmış, muxtar respublikanın bütün rayonlarında rayon İcra Hakimiyyəti başçılarının yerlərdəki nümayəndələrinin, bələdiyyə sədrlərinin, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin, o cümlədən ailə təsərrüfatlarının nümayəndələrinin iştirakı ilə rayonlar üzrə hazırlanmış əkin atlaslarına uyğun ixtisaslaşdırmanın təşviq olunmasına, torpaq və iqlim xüsusiyyətləri nəzərə alınmaqla yeni əkin və suvarma sistemlərinin tətbiqinə və ailə təsərrüfatlarında əkin atlaslarına uyğun olaraq əkinlərin keçirilməsinə nail olunmasına dair maarifləndirici tədbirlər keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası
 Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə 
Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 18.11.2022 20:46