AZ EN RU

Karateçilərimizin uğurlu Sumqayıt səfəri və maraqla gözlənilən Bolqarıstan sınağı

    Mayın 14-15-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fudokan (ənənəvi karate üslubu) üzrə birinci açıq Sumqayıt şəhər birinciliyi və çempionatı keçirilib. Sumqayıt Olimpiya İdman Kompleksində reallaşan yarışda 600-dən çox idmançı “Bu günün sağlam gənci, dövlətimizin gələcəyi, sabahımızın təminatçısıdır!” şüarı altında mübarizə aparıb. 
    Naxçıvan Karate-do Federasiyasından 22 idmançı yarışda iştirak edib. Təmsilçilərimizin çıxışı uğurlu alınıb. Belə ki, karateçilərimiz 8-i qızıl, 4-ü gümüş, 13-ü bürünc olmaqla toplamda 25 medal qazanıblar. Bundan əlavə, federasiyadan 9 idmançı və 1 məşqçi Bolqarıstanın Albena Kranevo şəhərində keçiriləcək 12-ci Avropa Şotokan çempionatında iştirak edəcək. 20-22 may tarixlərini əhatə edən qitə birinciliyində məşqçi Siyavuş Bayramovun rəhbərliyi ilə Rəşad Qasımov (18-21 yaş, 60 kiloqram), Vüsal Seyidov (16-17 yaş, 60 kiloqram), Məhəmməd Bağırov (14-15 yaş, 57 kiloqram), Qafar Hüseynov (14-15 yaş, 52 kiloqram), Nərgiz Həsənli (12-13 yaş, -57 kiloqram), Yaqub Qənbərov (12-13 yaş, 50 kiloqram), Canər Abbaszadə (12-13 yaş, 44 kiloqram), Rafiq Hüseynli (10-11 yaş, 42 kiloqram) və Saleh Qənbərov (7 yaş, 25 kiloqram) mübarizə aparacaqlar. Çempionatda iştirak edəcək Naxçıvan heyəti bu gün yola düşüb. 
    Qeyd edək ki, Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda müxtəlif yaş kateqoriyaları üzrə idmançıların, həmçinin paralimpiyaçıların iştirakı nəzərdə tutulub. 

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.05.2022 18:32