AZ EN RU

İstehsalat təcrübəsini başa vuran tələbələrlə görüş keçirilib

    Naxçıvan Muxtar Respublikası İqtisadiyyat  Nazirliyində istehsalat təcrübəsini başa vuran tələbələrlə görüş keçirilib. 
    Tədbiri giriş sözü ilə iqtisadiyyat  naziri Tapdıq Əliyev açaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası ilə bağlı tədris müddəti ərzində təhsil alan tələbələrin təcrübə keçmələri üçün zəruri işlər görülüb. Vurğulanıb ki, bundan sonra iqtisadiyyatın müxtəlif sahələri üzrə praktik bilik və bacarıqlara yiyələnmiş kadrlara artan tələbatı ödəmək məqsədilə kadr hazırlığına diqqət artırılacaq, qarşılıqlı əməkdaşlıq imkanlarından daha səmərəli istifadə ediləcəkdir. Diqqət çatdırılıb ki, əməkdaşlığın ən yüksək səviyyədə davam etdirilməsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində mümkün olub. Əminliklə demək olar ki, İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən tələbələr bu təcrübədən layiqincə yararlanacaq, ölkəmizin, o cümlədən muxtar respublikamızın gələcək iqtisadi inkişafı üçün əllərindən gələni əsirgəməyəcəklər.
    Görüşdə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin İqtisadiyyat fakültələrinin dekanları Əşrəf Ələkbərov və Zakir Məmmədov çıxış edərək istehsalat təcrübəsinin tələbələrin biliklərinin zənginləşdirilməsi, gələcəkdə karyeralarının formalaşması baxımından əhəmiyyətli olduğunu bildiriblər. İstehsalat təcrübəsinin tələbələrə universitetdə qazandıqları bilikləri praktik olaraq tətbiq etmək imkanı yaratdığını vurğulayaraq bu imkandan səmərəli istifadə etməyi tövsiyə ediblər.
    Qeyd edək ki, istehsalat təcrübəsi ərzində hər iki ali təhsil ocağının İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələri nazirliyin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış ediliblər. Nazirliyin əməkdaşları tərəfindən 55 mövzu üzrə praktik məşğələlərdə tələbələrin iştirakı təmin olunub. Hazırlanmış təcrübə proqramına uyğun olaraq praktik məşğələlər aparılıb, tələbələr iqtisadiyyatın ayrı-ayrı sahələrini əhatə edən mövzular ilə bağlı geniş məlumatlar qazanıblar.
     Həmçinin tələbələr “Naxçıvan Duz İstehsalı”, “Badamlı Mineral Sular”,  “Ləzzət Biskvit və Şokolad Fabriki”, “Gəmiqaya Qida Məhsulları”,  “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin istehsal prosesi və Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal edilən məhsullar və yerli sənətkarların əl işlərindən ibarət sərgi  ilə tanış olublar.
    Nazirlikdə istehsalat təcrübəsi keçən tələbələrdən Fuad Nəcəfzadə, Nihad Heydərli və Rəbbi Səfərli göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər. 

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.05.2022 20:59