AZ EN RU

İstehlakçı hüquqlarının müdafiəsi ümumi inkişafa paralel olaraq təkmilləşdirilir

15 mart Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür

    Hər il martın 15-i ölkəmizdə “Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü” kimi qeyd olunur.
    İstehlakçıların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz ulu öndərimizin təşəbbüsü ilə 1995-ci il sentyabrın 19-da “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş, bu sahədə hüquqi bazanın tam şəkildə formalaşdırılması istiqamətində məqsədyönlü və ardıcıl işlər həyata keçirilmişdir. Hazırda ölkəmizdə bütün sahələrdə keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi tədbirlər görülür. Bu gün ölkəmizdə daxili bazarın formalaşdırılması və istehlakçı hüquqlarının qorunması istiqamətində qarşıya qoyulan əsas vəzifə əhalinin istehlak mallarına olan tələbatını maksimum səviyyədə yerli istehsal hesabına yüksəkkeyfiyyətli məhsullarla təmin etməkdən ibarətdir. İstehlakçıların hüquqlarının müdafiəsini nəzərdə tutan ayrı-ayrı Dövlət proqramlarının, qanunların, qərar və qaydaların muxtar respublikanın aidiyyəti orqanları tərəfindən icrası diqqət mərkəzində saxlanılır.

    İqtisadi inkişafın səmərəliliyinin artırılmasında keyfiyyətin əsas meyar kimi qəbul olunduğu muxtar respublikada daxili bazarın, istehlakçıların hüquq və mənafelərinin qorunması istiqamətində təsərrüfat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə dövlət nəzarəti işi hər zaman diqqətdə saxlanılır. Muxtar respublikada daxili bazarda istehlakçıların hüquq və mənafelərinin qorunması istiqamətində müvafiq qanunvericiliyə uyğun olaraq müəyyənləşdirilmiş konkret tədbirlər həyata keçirilmişdir. Ardıcıl olaraq yerli və idxal olunan məhsulların keyfiyyətinə dövlət nəzarətinin diqqətdə saxlanılması nəticəsində hazırda muxtar respublikada əmtəə bazarının keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli məhsullardan qorunması vəzifəsi uğurla icra edilir. Ötən dövrdə həyata keçirilən müxtəlif tədbirlər, istehlakçı hüquqları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışların edilməsi, həmçinin istehsal, ticarət və xidmət, ictimai iaşə obyektlərində çalışan işçilərin maarifləndirilməsi bu baxımdan əhəmiyyətli olmuşdur.
    Ötən il yerli məhsulların daxili və xarici bazarlarda rəqabətədavamlılığı, təsərrüfat subyektlərinin istehsal-xidmət şəraiti, məhsul göstəricilərinin texniki normativ-hüquqi aktların, standartların və texniki şərtlərin tələblərinə uyğunluğuna nəzarət diqqətdə saxlanılmış, ümumilikdə, məhsul nümunələrinin 1007 halda, o cümlədən qida məhsullarının 946 halda keyfiyyət və təhlükəsizlik göstəricilərinin yoxlanılması təmin olunmuş və bu istiqamətdə ciddi nöqsanlar aşkar edilməmişdir. Analiz olunmuş mallar, əsasən, taxıl emalı məhsulları, unlu-qənnadı məmulatları, süd və süd məhsulları, konservlər, ət və ət məhsulları, meyvə-tərəvəz, mineral sular və digər məhsullar olmuşdur. 2021-ci il ərzində, ümumilikdə, standartların tələblərinə uyğun olmayan 321 manat dəyərində keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılmışdır. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə diqqət və qayğısı sayəsində həyata keçirilən tədbirlər istehlakçıların hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaratmışdır. Bu il fevral ayının 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Ali Məclisin Sədri demişdir: “Muxtar respublikada sahibkarlığın inkişafında yerli məhsulların istehsalı qədər onların satışının təşkili də mühüm əhəmiyyət daşıyır. Yaşayış məntəqələrində iri ticarət mərkəzlərinin və bazarların fəaliyyət göstərməsi, mövsüm ərzində yarmarkaların təşkili, yerli məhsullara üstünlük verilməsi və istehsaldan birbaşa satışa prinsipinin dəstəklənməsi məhsul istehsalçılarının marağını artırmışdır. Bu, bir həqiqətdir ki, sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına və sosial rifaha birbaşa təsir edir”. Bütün bunlar, nəticə etibarilə, istehlakçıların təhlükəsiz və keyfiyyətli məhsullarla təmin edilməsinə şərait yaradan vacib amillərdəndir. Ona görə ki, yerli istehsalın təşkili bir tərəfdən xaricə valyuta axınının qarşısını alaraq idxaldan asılılığı aradan qaldırırsa, digər tərəfdən məhsulun istehlakçılara daha münasib qiymətlərlə çatdırılmasına imkan yaradır, eyni zamanda mənşəyi məlum olmayan, ekoloji cəhətdən o qədər də təmiz hesab edilməyən məhsulların bazarlara yol açmasının qarşısını alır. Bu da muxtar respublikada daxili bazarın, həmçinin istehlakçıların hüquqlarının qorunması deməkdir.
    İstehlakçıların keyfiyyətli yerli məhsullarla təmin olunması məqsədilə mütəmadi olaraq istehsal olunan və tələbatı 100 faiz ödəyən məhsullar haqqında məlumat hazırlanaraq aidiyyəti üzrə göndərilmişdir. Ticаrət, хidmət və istеhsаl müəssisələrinin sаhibkаrlаrınа rəqаbətqаbiliyyətli məhsul istеhsаlı və yеrli məhsullаrın sаtışınа üstünlük vеrilməsi istiqаmətində sahibkarlara mеtоdik tövsiyələr verilmişdir. Artıq sahibkarlar tərəfindən, xüsusilə yeyinti məhsullarının lazımi keyfiyyətdə istehsalına, onların saxlanma şəraitinə riayət olunmasına, daşınmasına və satışına, istehlakçılara göstərilən xidmət səviyyəsinin xeyli dərəcədə yaxşılaşdırılmasına nail olunmuşdur. Məhsulun tarladan süfrəyə, istehsalçıdan istehlakçıya çatdırılmasında bütün tələblərə riayət olunur ki, bu da Naxçıvan əhalisinin ekoloji cəhətdən təmiz, keyfiyyətli və etibarlı ərzaq təminatı deməkdir.
    İstehlakçıların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərdən biri də süni qiymət artımının qarşısının alınmasıdır. Bu məqsədlə 2021-ci ildə əhali tərəfindən daha çox istifadə olunan 14 min 726 adda ərzaq və qeyri-ərzaq məhsullarının orta bazar qiymətlərinə nəzarət edilmiş və süni qiymət artımına yol verilməmişdir.
    Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı diqqətdə saxlanılır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün 76 ailə təsərrüfatına 1 milyon 221 min 400 manat güzəştli kredit verilmiş, ailə təsərrüfatları müxtəlifölçülü taralarla təmin edilmişdir. Yaradılan şərait və həyata keçirilən tədbirlər ailə təsərrüfatlarının inkişafı ilə yanaşı, həm də istehlakçıların yerli, keyfiyyətli və standartlara uyğun qablaşdırılmış məhsullarla təminatına imkan verir. 
    Yerli məhsulların satışına və təbliğinə geniş imkanlar açan, bazardakı bolluğu təmin edən kənd təsərrüfatı yarmarkaları daxili bazarın inkişaf etdirilməsində və istehlakçıların artan tələbatının yerli və sağlam məhsullarla qarşılanmasında mühüm rol oynayır. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı və sənaye məhsulları yarmarkası təşkil olunmuş və məhsulların bazar qiymətlərindən daha sərfəli qiymətlərlə satılmasına nəzarətin həyata keçirilməsi təmin edilmişdir. Bundan başqa, sahibkarlar idxal edəcəkləri malların istehlak müddətinə, gigiyenik vəziyyətinə, keyfiyyət göstəricilərinə də diqqəti artırmışlar. İstehlakçılar istər ərzaq, istərsə də qeyri-ərzaq məhsulları alarkən yerli istehsala, yerli markaya üstünlük verməlidir. Çünki yerli məhsulun istehlakı həmin məhsulu istehsal edən müəssisənin daha da güclənməsi, ümumilikdə, muxtar respublikanın iqtisadi qüdrətinin artması deməkdir.

“Şərq qapısı”

Nəşr edilib : 14.03.2022 19:34