AZ EN RU

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib

    Muxtar respublikada ərzaq məhsullarının keyfiyyəti daim diqqət mərkəzində saxlanılır. Bu işlərin davamı olaraq  laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi təmin edilmişdir. Belə ki, “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyasının İSO17025 standartı üzrə beynəlxalq akkreditasiyası  məqsədilə Latviyanın “LATAK” Milli Akkreditasiya Bürosu ilə əlaqələr yaradılmış və 14 noyabr 2013-cü il tarixdə müqavilə bağlanması təmin olunmuşdur. 

    LATAK akkreditasiya orqanının müvafiq qərarına əsasən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi Qida Sınaq Laboratoriyası LATAK–T-492-00-2014 nömrəsi ilə qeydiyyata alınmış və İSO 17025 standartı üzrə akkreditasiyası başa çatdırılmışdır.
    Ötən dövr ərzində “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə Latviya Milli Akkreditasiya Bürosu (LATAK) tərəfindən 2017-ci ildə qüvvədəolma müddəti 27 yanvar 2023-cü ilə qədər olan beynəlxalq sertifikat təqdim olunmuş və  hər il akkreditasiya orqanının ekspertləri tərəfindən Mərkəzi Qida Sınaq Laboratoriyasının fəaliyyəti yoxlanılmış və laboratoriyanın beynəlxalq akkreditasiya sahəsindəki fəaliyyəti müsbət qiymətləndirilmişdir. 

    “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin nəzdində fəaliyyət göstərən Mərkəzi Qida Sınaq Laboratoriyası mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Aparılan sınaq nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə laboratoriya beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir. 
    Həmin tədbirlər çərçivəsində bu il fevralın 22-də Polşa Respublikasının “LGC Standards Sp. Z o.o.” şirkəti ilə bağlanmış müqaviləyə əsasən laboratoriya içməli su məhsulu üzrə beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına qatılmışdır.
    İstehsalı Böyük Britaniyada həyata keçirilən içməli su nümunəsində 5 mikrobioloji göstərici üzrə laboratoriya təhlilləri aparılmışdır. Müayinəsi aparılmış ümumi aerobların sayı 220C-də, ümumi aerobların sayı 370C-də, escherichia coli mikroorqanizmləri, coliformlar və enterococci (faecal streptococci) göstəricilər beynəlxalq standartların tələbləri əsasında yoxlanılmışdır. Nəticələr qiymətləndirilmə üçün Polşa Respublikasının “LGC Standards Sp. Z o.o.” şirkətinin portal hesabına yüklənilmişdir.  Şirkət tərəfindən nəticələrin əsas, fərdi, performans və analitik hesabatları hazırlanaraq laboratoriyaya təqdim edilmişdir. Dünyanın müxtəlif ölkələrindən, ümumilikdə, 309 laboratoriyanın iştirak etdiyi WT 311 saylı içməli suyun mikrobioloji raundunda, Mərkəzi Qida Sınaq Laboratoriyası 5 göstəricinin hər biri üzrə yüksək nəticələr əldə edərək sınaqları uğurla başa vurmuşdur. 
    Mərkəzi Qida Sınaq Laboratoriyası növbəti dəfə süd məhsulları üzrə beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.05.2022 21:17