AZ EN RU

İstedad ilə zəhmət uğur və qazanc gətirir

    Həyatı sevirsənsə, zamanını boşuna xərcləmə – deyiblər. Bu gün qələmə aldığımız yazı da vaxtdan səmərəli istifadə edərək gözəl əl işləri hazırlayan gənc xanımlarımız barədədir. Qadınlar bu işləri özlərinə hobbi kimi qəbul etsələr də, fikrimcə, onların gördükləri iş dekorativ-tətbiqi sənət nümunələri hesab edilir. Böyük-kiçik – hər kəsin diqqətini çəkən hədiyyəlik işlər müştərilərinin də məmnuniyyətini qazanıb. İstedad və bacarıqlarını üzə çıxararaq məşğuliyyət və yaşayışlarını təmin edən gənc xanımları gəlin yaxından tanıyaq.

    Naxçıvan şəhərinin Qaraxanbəyli kəndində yaşayan Güləzbər Seyidova ev şəraitində gipsdən müxtəlif əl işləri hazırlayır. Bu sıraya suvenirlər, heykəllər, daş güllər, sinə daşları, məzarüstü güllər daxildir: – Bir ildən çoxdur, bu işlə məşğulam. Bunun üçün məktəb bitirməmişəm, usta yanına getməmişəm. İnternetdə maraqlandım, çox xoşuma gəldi. Niyə də etməyim dedim. Qız heykəllər həmişə mənim də diqqətimi çəkib. Bir heykəl qəlibi aldım, bir dəfə hazırladım, gipsi tökdüm alınmadı. İkinci dəfə alınmadı, amma üçüncü dəfə heykəl istədiyim kimi qəlibdən çıxdı. Onun üzərində fikirlər yaratdım, rənglədim və onu fərqli aksesuarlarla bəzədim. Əl işinin ərsəyə gəlməsi üçün materialın keyfiyyətli olması və zaman lazımdır. Materialı Bakı və Türkiyədən sifariş edirəm, Naxçıvandan aksesuarlar və material alıram. Sifarişçilərim daha çox hörüklü qız heykəlləri alırlar. Naxçıvan şəhərində təşkil edilən festivallarda da əl işlərim mütəmadi olaraq sərgilənir. Düşünürəm ki, insan bacardığı bir işi ortaya çıxara bilirsə, zamanla bu onu bir sənət sahibi edər. Digər xanımlara da tövsiyəm boş vaxtlarını istedadlarını ortaya çıxarmaqla keçirsinlər. Çünki həyatda bacarıqsız, qabiliyyətsiz insan yoxdur. Bu işin sirri uğur əldə edəcəyinə inam və işinə olan həvəsi itirmədən irəliyə addımlamaq bacarığıdır.
    Aynur İsmayılova da daş tozundan əl işi, solmayan güllərdən buketlər, hörüklü qızlar və sair hazırlayır. Onun dediklərindən: – İki ildir, bu işlə məşğul oluram. Bu sahə üzrə Sevinc müəllimdən ustad dərsi almışam. Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil edilən qadınların əl işlərindən ibarət sərgilərdə iştirak edirəm. Bu il də orada təşkil edilən sərgidə “Qarabağ Azərbaycandır!” əl işim və qız heykəl­lər nümayiş etdirildi. 
    Düşünürəm ki, ən böyük uğur müştərinin səni seçməsi, əl işlərini başqalarına da tövsiyə etməsidir. “Aynur xanım, nə gözəl işdir?” – deməkləri mənim üçün dünyadır. Heykəllərin qəlibləri və daş tozları və rənglərin hər birini Bakı şəhərindən sifariş edirəm. Mənim üçün ən anlamlı əl işlərim şəhidlərimizin adını qeyd etdiyim pannolar, müəllimlər üçün hazırladığım gül buketləridir. Bu işlə məşğul olmaq istəyirsənsə, gərək işdən bezməyəsən. Çox olub bu dəfə alınmır, gələn səfər alınacaq dediyim. Müştərinin seçimini diqqətə almaq vacibdir. Elə müştərilər olub ki, bir həftə vaxt ayırıb hazırladığım əl işini istəmirəm deyib, yenə ruhdan düşməmişəm. Bu mənə daha yaxşı dərs olub, özümü motivasiya etmişəm. Sözün qısası, qadınlara tövsiyəm budur ki, ruhdan düşməyin və heç vaxt hər şeyi yaxşı bilirəm deməyin, axtarın, yeni fikirlər əldə edin, işinizi sevgi ilə görün. Bu zaman uğur da, qazanc da əldə edəcəksiniz.
    Vüsalə Novruzova da 10 ildən artıqdır, dekorativ-tətbiqi sənətlə məşğuldur. Daşduz və gipsdən heykəllər hazırlayır. Bu sırada hörüklü və nazlı qızlar, dibçəklər diqqəti çəkir. O deyir: – Qız fiqurlarından ibarət heykəl işlərini bir ildən artıqdır, edirəm. Bundan başqa, “Dəmir yumruq” heykəli, şəhidlər üçün panno, gül, qəbir daşları hazırlayırıq. Məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışda mütəmadi iştirak edirəm. Builki sərgi-satışa 200 əl işi ilə qatılmışdım. Muxtar respublikamızda keçirilən sərgi-satışlarda, festivallarda iştirak etmişəm. Bu, maddi cəhətdən kömək olmaqla həm də fəaliyyətim üçün böyük stimul yaradır. Biz qadınların fəaliyyəti və məşğulluqlarının təmin olunması üçün yaradılan əlverişli şəraitə görə muxtar respublika rəhbərinə minnətdarıq. 
    Bu gün muxtar respublikamızda qadınların fəaliyyət sahələrinə cəlbi və onların fəaliyyətinin stimullaşdırılması üçün əlverişli şərait yaradılıb. Elə isə sən də sevdiyin, bacardığın işi gör!.. Onda uğur və qazanc  əldə edəcək, fəaliyyətinlə dövlətimizin inkişafına töhfə vermiş olacaqsan... 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 29.11.2022 19:53