AZ EN RU

İşləyən əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması mövcud qanunvericiliyə əsaslanır

    Ölkəmizdə vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sisteminin müəyyən edilməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Qanunvericiliyə əsasən əmək pensiyalarının təyin edilməsi və hesablanması, eyni zamanda işləyən pensiyaçıların pensiyalarının yenidən hesablanması qaydası müvafiq şərtlərə uyğun aparılır.

    Qanunvericilikdə göstərilən şərtlərlə şəxsə əmək pensiyası təyin edildikdən sonra onun istəyindən asılı olaraq işləmək hüququ vardır. Şəxs pensiya hüququ əldə etdikdən sonra işləyərsə, bu onun pensiya məbləğinə müsbət təsir göstərəcəkdir. Belə ki, qanunvericiliyə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyası təyin olunduqdan, həmçinin yenidən hesablandıqdan sonrakı dövrdə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Məsələn, şəxsə 10 mart 2016-cı ildə yaşa görə əmək pensiyası təyin olunub və işləməyə davam edib. Onun 10 may 2020-ci il tarixdə əmək fəaliyyətinə xitam verilib və pensiya təyin olunduqdan sonra 4 il 2 ay (50 ay) işləyib. Həmin dövr ərzində onun fərdi hesabında toplanan pensiya kapitalı işdən çıxdığı tarixdən etibarən, işlədiyi müddətin ayların sayı qədər azaldılaraq 94-ə bölünməklə yenidən hesablanacaqdır (144-50=94). Şəxsin əmək fəaliyyətinə xitam verilməzsə və ən azı 6 il işləyərsə, bu halda, 6 ilin tamamında formalaşan pensiya kapitalı 72 aya bölünməklə yenidən hesablanması həyata keçiriləcəkdir. Bundan başqa, işdən azad olunması ilə əlaqədar pensiyasının məbləğinə yenidən baxılmış yaşa görə əmək pensiyaçısı təkrar işə başlamasından asılı olaraq ona pensiya ilkin təyin olunmuş məbləğdə ödənilməlidir. Məsələn, 1 dekabr 2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş şəxs 1 oktyabr 2022-ci il tarixdə işdən azad olunub, bununla əlaqədar pensiyası yenidən hesablanıb. Şəxs 15 oktyabr 2022-ci il tarixdə isə yenidən əmək fəaliyyətinə başlayıb. Şəxsin pensiyasının yenidən hesablanmasına baxmayaraq, təkrar işlədiyi müddət ərzində ona pensiya ilkin təyin olunmuş məbləğdə ödənilməlidir.
    “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən işləyən şəxslərə sağlamlıq imkanları məhdudluğa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış məbləği tam ödənilir. Sağlamlıq imkanları məhdudluğa görə pensiya təyin edilmiş şəxs işləməkdə davam edərsə, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi tarixədək olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan sığorta stajına əsasən əmək pensiyasının sığorta hissəsi yenidən hesablanır.
    İşləməyən əmək pensiyaçısı kateqoriyasına keçməklə əlaqədar sağlamlıq imkanları məhdudluğa görə əmək pensiyası yenidən hesablanmış şəxs təkrar işləyən əmək pensiyaçısı kateqoriyasına qayıtdıqda, qanunvericiliyin tələbləri nəzərə alınmaqla, yenidən hesablanmış pensiya məbləğinin verilməsi şərtlərinə uyğun olmayan hal yarandıqda yenidən hesablanmış məbləğin ödənişi növbəti ayın 1-dən dayandırılır. Məsələn, şəxsə 15 iyul 2017-ci ildə sağlamlıq imkanları məhdudluğa görə pensiya təyin edilib və işləməyə davam edib. Onun 20 noyabr 2019-cu il tarixdə əmək fəaliyyətinə xitam verilib və pensiya təyin olunduqdan sonra 2 il 4 ay işləyib. Həmin dövr ərzində onun fərdi hesabında toplanan pensiya kapitalı işdən çıxdığı tarixdən etibarən yenidən hesablanıb. Daha sonra şəxs yenidən işlə təmin olunub. Bu zaman onun pensiya məbləği ilkin təyin olunmuş pensiya məbləğində ödənilməlidir.
    “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən işəgötürən əmək pensiyaçısını işə qəbul edərkən bu barədə 5 gün ərzində əmək pensiyası təyin edən orqana məlumat verməlidir. Vaxtında məlumat verilmədiyi üçün artıq ödənilmiş vəsaitə görə işəgötürən məsuliyyət daşıyır. Həmçinin əmək pensiyaçısı işə başlayarkən əmək pensiyası təyin edən orqana məlumat verməlidir. Əgər pensiyaçı vaxtında məlumat vermədiyi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 və 37.3.2-ci maddələri ilə, yəni yuxarıda qeyd edilmiş məsələlərdə göstərilən səbəblərə görə artıq vəsait ödənilərsə, onun məsuliyyətini özü daşıyır.

Naxçıvan Muxtar Respublikası
 Dövlət Sosial Müdafiə Fondunun
 mətbuat xidməti

Nəşr edilib : 13.12.2022 19:46