AZ EN RU

İqtisadi, mədəni həyatın əksər yönlərinə sirayət edən sənaye sahəsi...

    Böyük rus alimi M.V.Lomonosovun 1762-ci ildə irəli sürdüyü “Kimya öz əllərini gündəlik həyatın bütün sahələrinə uzatmışdır” fikri 100 il sonra texniki tərəqqinin yollarını analiz edən alman filosofu Karl Maks tərəfindən təsdiq olundu: “Bəşəriyyət kimyəvi üsulları və çevrilmələri mənimsədikcə, mexaniki emal öz yerini getdikcə daha çox kimyəvi emala verəcəkdir”. Zamanla ortaya çıxan, dəyişən, inkişaf edən, təkmilləşən elmi nəzəriyyələr, istehsalatda səmərə verən yeni texnoloji üsulların tətbiqi hər iki mütəfəkkirin düşüncələrində yanılmadığını sübut etdi. Beləcə, kimyalaşma prosesi dünya sənayesində və insanların gündəlik həyatında, məişətdə özünə möhkəm yer tutmağa başladı...

    Azərbaycanda kimya sənayesinin yaranma tarixinin XIX əsrin ortalarına təsadüf etdiyini göstərən əsaslı faktlar mövcuddur. Belə ki, həmin dövrdə ən müasir texnika və texnologiyaların tətbiq edildiyi, bütün dünyada tanınan Nobel qardaşlarının, Hacı Zeynalabdin Tağıyevin və digər neft sahibkarlarının kükürd turşusu və soda zavodları fəaliyyətə başladı. 1905-ci ildə həmin zavodlarda mütərəqqi kontakt üsulu tətbiq edildi ki, bu da kükürd turşusunun keyfiyyətinin və istehsal həcminin artmasına səbəb oldu. 1916-cı ildə Bakı zavodlarında 1,5 milyon pud kükürd turşusu istehsal edilirdi ki, onun da yarıdan çoxu – 58 faizi neft emalı sənayesinin tələbatını ödəməyə sərf olunurdu. 
    Naxçıvanda isə kimya sənayesinin tarixi ötən əsrin əvvəllərinə təsadüf edir. Belə ki, 1920-ci illərdə Şərur rayonunda və Naxçıvan şəhərində pambıq, 1924-27-ci illərdə duz mədəni, ipəkçilik üzrə, konserv və ilk şərab zavodları fəaliyyət göstərib. 1933-37-ci illərdə isə yağ və beton zavodları, mərmər və mebel fabrikləri işə düşüb. 1951-55-ci illərdə Ordubad rayonunda Parağaçay, Şərur rayonunda Gümüşlü dağ-mədən sənaye müəssisələri, Şahbuz rayonunda “Badamlı” Mineral Sular Zavodu yerli xammal əsasında fəaliyyətini qurub...
    2022-ci ilin muxtar respublikamızda “Sənaye ili” elan olunmasını nəzərə alıb iqtisadi, mədəni həyatımızın əksər yönlərinə sirayət edən, yaşayışımızın ayrılmaz parçasına çevrilən kimya sənayesinin, bu profildə fəaliyyət göstərən müəssisələrin inkişaf proseslərinə Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova ilə birgə nəzər salmağa çalışdıq. Fizzə müəllim söhbət zamanı bildirdi ki, karbohidrogen, mineral və digər xammallardan kimyəvi emal yolu ilə məhsulların istehsalını özündə birləşdirən kimya sənayesi müasir dünya iqtisadiyyatının əsas sahələrindən biridir. O, xammalı (neft, təbii qaz, hava, su, metallar və minerallar) 70 mindən çox müxtəlif məhsula çevirir. Bildiyimiz kimi, Naxçıvan Muxtar Respublikasında neft, təbii qaz olmasa da, faydalı qazıntı hasilatı xüsusi çəkiyə malikdir. Sənaye əhəmiyyətli daşduz, dolomit, travertin, tuf, mərmərləşmiş əhəngdaşı, gips, gil, qum, mergel, sink-qurğuşun, molibden, miss-molibden, qızıl və mineral sular kimi zəngin təbii sərvətlərə malik diyarımızda müxtəlif növ tikinti materiallarının, o cümlədən dəmir-beton, kərpic, travertin, mərmər, gips və digər məhsulların istehsalının genişləndirilməsi, dünya bazarına çıxarılması üçün əlverişli şərait mövcuddur...
    Muxtar respublikamızda kimya sənayesinin müasir inkişaf meyilləri, bu prosesə töhfələr verən müəssisələrin bir neçəsi haqqında danışan müsahibimiz qeyd etdi ki, bu istiqamətdə fəaliyyət göstərən əsas müəssisələrdən biri Naxçıvan Sənaye Kompleksidir. Ümumi sahəsi 9 hektar olan bu kompleks özündə gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən 4 zavodu birləşdirir. Məsaməli beton istehsal edən zavodda xammal kimi daş qumundan, əhəng, gips, sement və alüminium tozundan istifadə olunur. İnşaat sektorunda ən çox istifadə edilən bu tikinti materialları istənilən ölçüdə asanlıqla kəsilir, yüksək səviyyədə səs və istilik izolyasiyasına malikdir. Məsaməli betonun əsas üstünlüklərindən biri enerjiyə qənaət etməsidir. Bundan əlavə, yüngül və zəlzələyə davamlı olan bu materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur. Zavodda il ərzində 150 min ton məsaməli beton istehsal edilir. Əhəng zavodunda istifadə olunan yerli xammal Kəngərli rayonundakı Qarabağlar mədənindən gətirilir. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd təsərrüfatında, kağız və şüşə istehsalında istifadə edilir. Sahəsi 4500 kvadratmetr olan müəssisədə ildə 36 min ton əhəng istehsal olunur. Gips zavodunda istifadə olunan xammal isə Çalxanqala, Çeşməbasar, Xıncab və Böyükdüz zonalarından daşınır. Burada istehsal olunan məhsullar məsaməli beton blokların, suvaq və üzləmə gipsin, gips lövhələrin hazırlanmasında istifadə edilir. Zavodun illik istehsal gücü 36 min ton gipsdir. 
    Fizzə Məmmədovanın sözlərinə görə, Naxçıvanda insan sağlamlığına böyük faydalar bəxş edən, zəngin yeraltı sərvətlər sırasında dayanan mineral suların istehsalının da dünya kimya sənayesində böyük payı və rolu vardır. Həmin müəssisələrdən nümunə kimi “Sirab” və “Badamlı” Mineral Sular zavodlarının fəaliyyətini qeyd etmək olar.
    Son məlumatlara görə “Sirab” Mineral Sular Zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 istehsal sahəsi fəaliyyət göstərir. Bu xətlərdə qazlaşdırılmış və qazlaşdırılmamış “Sirab” suyu müxtəlif həcmli pet və şüşə butulkalara doldurulur. Müəssisədə 21 çeşiddə müxtəlif həcmli pet qazlı, pet qazsız, qazlı və qazsız şüşə butulka, şüşə qazlı və qazsız premium sular istehsal olunur. 
    Yenidən istifadəyə verildikdən sonra “Badamlı” Mineral Sular Zavodunun illik istehsal gücü 150 milyon butulkaya çatıb. Zavodun sudoldurma sahəsində 20 çeşiddə və müxtəlif qablaşdırmalarda qazlı, qazsız, eləcə də premium su qablaşdırılır. Sahəsi 42,5 min kvadratmetr olan zavodda istehsal, filtrasiya, kompressor bölmələri, xammal, hazır məhsul, ehtiyat hissə, nümunə məhsullarının saxlanılması anbarları və laboratoriya fəaliyyət göstərir. İstehsal bölməsində 3 sudoldurma xətti yaradılıb, Türkiyənin “Ektem” və Fransanın bu sahədə dünya üzrə məşhur “Sidel” şirkətlərinin ən müasir avadanlıqları quraşdırılıb. İstehsal prosesi tam avtomatlaşdırılmış şəraitdə və standartların tələblərinə uyğun həyata keçirilir. Həmçinin zavodda müasir avadanlıq və cihazlara malik laboratoriyalar istehsal olunan məhsulların keyfiyyətinə tam nəzarət edir. Əvvəlki müəssisədə mineral bulağın suyunun 40 faizindən istifadə olunurdusa, yeni zavod bu rəqəmi 100 faizə çatdırmağa imkan yaradıb. “Badamlı” Mineral Sular Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış bazaları yaradılıb, ölkəmizin hər yerində satışı həyata keçirilir. Qazlı və qazsız “Badamlı” suları Rusiya, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Çin və İraq kimi ölkələrdə də çoxsaylı alıcı kütləsi qazanıb. 
    Fizzə Məmmədova bildirdi ki, 1985-ci ildə təməli qoyulan, Darıdağ massivində yerləşən “Karbon Qazı Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycanda və Cənubi Qafqazda bənzəri olmayan təbii karbon qazı istehsalı müəssisəsi kimi kimya sənayesində aparıcı mövqeyə malikdir. Xatırladaq ki, təbii və keyfiyyətli karbon qazı istehsal edən müəssisə 2008-ci ildə yenidən qurularaq fəaliyyətini genişləndirib. Dünya standartlarına cavab verən avadanlıqlarla təmin olunmuş zavodun illik istehsal gücü 6300 ton karbon qazı və 50 ton quru buzdur. İstehsal edilən xammal (karbon qazı) təbii yolla 900 metr dərinlikdəki            2 quyudan çıxarılaraq, 2650 metr məsafədə borularla gətirilərək 3 mərhələdə sıxılır və soyudulub maye halına salınır. Karbon qazının sürətlə buxarlanması yolu ilə əldə edilən quru buz istehsal edilən müəssisənin illik istehsal gücü 50 tondur.
    Sənayenin uğurlu inkişafının da birbaşa sahibkarlıq fəaliyyəti ilə bağlı olması, muxtar respublikada istehsal edilən sənaye məhsulunun 93 faizinin özəl bölmənin payına düşməsi bu sahənin inkişafına mühüm təsir edib. Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması məqsədilə 2022-ci il muxtar respublikada “Sənaye ili” elan edilib, bununla bağlı Tədbirlər Planı təsdiq olunub. “Sənaye ili”ndə muxtar respublikada bu sahənin inkişafı istiqamətində həyata keçirilən silsilə tədbirlərdən danışan kimyaçı alim Fizzə Məmmədova qeyd etdi ki, Naxçıvanda kimya sənayesinin gələcək inkişaf perspektivləri böyükdür və bu sahədə uğur qazanmaq istəyən sahibkarlar üçün həm təbii resurslar baxımından şərait, həm də dövlət tərəfindən yaradılan imkanlar əlverişlidir. Son illərdə bu istiqamətdə görülən işlər, dünya bazarı nəzərə alınaraq hazırlanan müasir layihələr əsasında yeni müəssisələrin qurulması sənayenin bu növü üzrə inkişafın davamlı olacağını deməyə əsas verir. Belə ki, ötən dövrdə muxtar respublikada keyfiyyətli və ixracyönümlü məhsul istehsalına nail olunması məqsədilə onlarla yeni istehsal və xidmət sahəsi istifadəyə verilib, yerli xammala əsaslanan müəssisələrin qurulması, yeni duz istehsalı müəssisəsinin, enerji içkilərinin, salfet, spirtli içki, yun iplik, kiçik kənd təsərrüfatı alətləri istehsalı sahələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Xammalın kompleks emalı zamanı istehsalın gəlirliliyi ən vacib meyardır. Bu səbəbdən yerli xammal əsasında strateji əhəmiyyətli məhsulların hasil olunub ixracata çıxarılması istiqamətində məqsədyönlü tədbirlərin reallaşdırılması təqdirəlayiqdir. İcrası müvəffəqiyyətlə yerinə yetirilən bu işlər gələcəkdə kimya sənayesinin istehsalatda payını çoxaltmaqla, ümumilikdə, muxtar respublika iqtisadiyyatının daha genişmiqyaslı inkişafına təkan verəcək.

    Muxtar respublikada sənayenin inkişafına göstərilən qayğıdan, yaradılan şəraitdən səmərəli istifadə etməyə çalışan sahibkarlar tikinti, turizm, yüngül, ağır, yeyinti və digər sənaye növlərinin inkişafına töhfələr vermək üçün səylə çalışırlar ki, nəticədə, illər ötdükcə kiçik müəssisələr böyüyərək iri istehsal, sənaye obyektlərinə çevrilir. Məhz diyarımızda yaşı 100 ildən artıq olan, iqtisadi, mədəni həyatın əksər yönlərinə sirayət edən kimya sənayesinin müstəqillik illərində daha geniş şəkildə, şaxələndirilmiş formada inkişafı, bu istiqamətdə fəaliyyət göstərən müəssisələrin istehsal imkanlarının çoxaldılması, yeni zavod və fabriklərin tikilməsi həm tarixi mirasa hörmətin ifadəsi, həm təbii sərvətlərə sahiblik nümunəsi, həm də güclü iqtisadi potensialın formalaşması yönündə atılan mütərəqqi addımdır...

Nail ƏSGƏROV

Nəşr edilib : 19.12.2022 19:42