AZ EN RU

İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə cinayət məsuliyyətinə səbəb olur

    Həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı günü-gündən sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və videoroliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və digər məqsədlər üçün istifadə edirlər.
    Bu gün internet mühitində ən populyar layihələrdən biri də sosial şəbəkələrdir. Sosial şəbəkələr sosial qarşılıqlı əlaqələr, sosial obyektlər (adamlar və ya təşkilatlar) və kommunikasiyalar arasında sosial struktur düyünlərindən ibarət olan qrupdur.
    Qeyd edək ki, hər bir istifadəçi internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə şəxsiyyətini eyniləşdirməyə imkan verən özünəməxsus həqiqi məlumatlardan, yəni öz adından, soyadından, ata adından və həmin şəxsə aid digər həqiqi məlumatlardan istifadə etməklə profil və ya hesablar yaratmalıdır. Lakin sosial şəbəkələrdəki mövcud norma və qaydalara görə, saxta profil və ya səhifələrin yaradılması yolverilməzdir və qanunsuzdur. Hər bir şəxs öz adı ilə qeydiyyatdan keçməli və özünə yalnız bir hesab açmalıdır. Şəxs sosial şəbəkədə şəxsi hesab yaradarkən irəli sürülmüş bütün şərtlərlə razılaşır və həmin şərtlərin pozulmasına görə üzərinə qoyulmuş məsuliyyəti qəbul edir.
    Qeyd etmək lazımdır ki, bütün sosial media platformalarında saxta profil açmaq qadağan olunur. Əgər istifadəçi saxta ad və soyadlardan istifadə edərək saxta profil hesabı yaradırsa, həmin şəxs  sosial şəbəkənin şərtlərini pozmuş olur.
    Təcrübədə bir sıra hallarda saxta adlar, profil və ya hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlirik. Bu zaman həmin saxta profil hesabı sahibləri düşünürlər ki, hesabları saxta olduğu üçün bu hərəkətlərinə görə heç bir məsuliyyət daşımırlar. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən bu hərəkət cinayət əməli sayılır və bu əmələ yol verən şəxsin  cinayət məsuliyyəti daşımasına səbəb olur.
    Cinayət hüquqi məsuliyyət yaradan təhqir dedikdə isə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma başa düşülür. Eynilə “Böhtan” cinayətində olduğu kimi 148-ci maddədə də “və ya kütləvi informasiya vasitəsində” sözləri, “kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilmiş və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında edilən təhqirin də cinayət hüquqi məsuliyyət yaratdığı əks edilmişdir.
    O zaman sual oluna bilər: Əgər internet informasiya ehtiyatlarında, eləcə də sosial şəbəkələrdə böhtan və təhqir hüquqi məsuliyyətə səbəb olursa, o zaman Cinayət Məcəlləsinə yeni məzmunda 148.1-ci maddəsinin (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə – min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır) əlavə edilməsi hansı zərurətdən irəli gəlmişdir? 
    Bildiyimiz kimi, bəzi hallarda sosial şəbəkələrdə qeydiyyatdan keçmiş şəxslər öz real ad, soyadlarını, həmçinin digər anket məlumatlarını gizlədir – saxta istifadəçi adlarından, profil hesablarından istifadə etməklə bu cür sosial şəbəkələrdən istifadə edirlər. Təbii ki, öz-özlüyündə bu halın mövcudluğu şəxs üçün hər hansı bir hüquqi məsuliyyət yaratmır. Lakin saxta profil adlarından istifadə edən şəxslər bir sıra hallarda anonim olduqları üçün cəzasız qalacaqlarını güman edərək digər şəxsləri təhqir etməkdən və onlara böhtan atmaqdan çəkinmirlər. Odur ki, bu tip halların qarşısının alınması, dövlət tərəfindən insanların şərəf və ləyaqətinin müdafiəsinin, saxta profil hesablarından istifadə edərək insanların şərəf və ləyaqətini alçaldan, onlara böhtan atan şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmasının təmini üçün 29 noyabr 2016-cı il tarixdə yeni məzmunda 148.1-ci maddə əlavə edilmişdir. Bu maddə ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtanatma və ya təhqiretmə də cinayət məsuliyyətinə səbəb olur. Maddənin “Qeyd” hissəsində “saxta istifadəçi adlar, profil və ya hesablar” anlayışının açıqlaması da verilmişdir. Belə ki, həmin maddəyə əsasən: “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür”.
    “İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə” cinayətinin “Təhqir” və “Böhtan” cinayətlərindən fərqləndirən önəmli bir özəlliyi də bu cinayət üzrə cinayət təqibinin ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməsidir. Bu isə Cinayət-Prosessual Məcəlləsinin 37.5-ci maddəsində qeyd edilən hallardan (törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda; cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə; cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə; cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə; cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə) biri olduqda cinayət təqibinin prokurorun təşəbbüsü ilə zərərçəkmiş şəxsin şikayəti olmadan da başlaya bilməsi deməkdir.
    Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən “Böhtan” və “Təhqir” cinayətləri üzrə cinayət təqibi xüsusi ittiham qaydasında aparılır. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Təhqir və böhtana məruz qalan şəxs xüsusi ittiham qaydasında məhkəməyə şikayət etməlidir. Ona görə ki, təhqir və böhtan cinayətlərinin mühakimə icraatı məhkəmələrin səlahiyyət dairəsinə aiddir. Hər bir şəxsin internetden istifadə etmək, sosial şəbəkələrdə hesab açmaq, profil açmaq hüququ vardır. Bu platformada insanlar onlayn formada düşüncə və məlumatları paylaşırlar. Yalnız hər hansı bir şəxsin saxta adla hesab açmaqla və profil yaratmaqla qanunun tələbinə zidd hərəkət etməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun üçün arzuolunmaz nəticələrə səbəb olacaqdır. Göründüyü kimi, bu qanunun məqsədi insanların şərəf və ləyaqəti, həyat və sağlamlığını mühafizə altına almaq, eyni zamanda hüquqi cəmiyyətdə ictimai-siyasi sabitliyi təmin etməkdir.
    Unutmayaq ki, “Fikir və söz azadlığından” sui-istifadə edərək insanların təhqir edilməsi, onlara böhtan atılması yolverilməzdir və məsuliyyətə səbəb olur.

Səttar ƏSGƏROV
Naxçıvan Muxtar Respublikası prokurorunun mətbuat xidməti

üzrə köməkçisi, ədliyyə müşaviri

Nəşr edilib : 08.02.2023 21:28