AZ EN RU

İnsan sağlamlığı cəmiyyətin ən qiymətli sərvətidir

    Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi digər sahələrdə olduğu kimi, səhiyyə sistemində də nailiyyətlərin qazanılmasında, əhalinin hər bir fərdinin sağlamlığının qorunmasında mühüm rol oynayır. Bu gün səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı dövlət siyasətinin əsasını təşkil edir. Odur ki, səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması 2021-ci ildə də davam etdirilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, modultipli xəstəxananın, Şərur və Şahbuz Rayon Gigiyena və Epidemiologiya şöbələrinin, Şərur rayonunun Şəhriyar və Çərçiboğan, Ordubad rayonunun Nüsnüs, Yuxarı Əndəmic və Dırnıs kəndlərində həkim ambulatoriyası binalarının, Şərur rayonunun Dərvişlər, Ordubad rayonunun Vələver, Babək rayonunun Araz kəndlərində feldşer-mama məntəqələrinin tikintisi, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin, Ordubad Rayon Uşaq Xəstəxanası binalarının və Babək rayonunun Göynük kəndində feldşer-mama məntəqəsinin yenidən qurulması başa çatdırılıb.

    2021-ci ildə muxtar respublikanın səhiyyə müəssisələrinə 17 təcili tibbi yardım avtomobili, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə və onun rayon şöbələrinə 9 avtomobil təqdim olunub. Hərbi qulluqçuların sağlamlığının qorunması və hərbi tibb müəssisələrində həyata keçirilən tikinti-quruculuq işlərinin davamı olaraq 2021-ci ildə muxtar respublikada müasir standartlara cavab verən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı tikilərək istifadəyə verilib. 
    Tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə muxtar respublika əhəmiyyətli xəstəxanalar, rayon mərkəzi xəstəxanaları, qəsəbə və kənd sahə xəstəxanalarının hamısı publik hüquqi şəxs statusu alıb, icbari tibbi sığortada iştirak edən işçilərin əməkhaqları 50 faiz artırılıb. 2021-ci ildə Cəhri və Nehrəm qəsəbə, eləcə də Aralıq kənd sahə xəstəxanalarında da icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Hazırda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 21 tibb müəssisəsi icbari tibbi sığortanın tətbiqində iştirak edir. 2021-ci ildə muxtar respublikada 219 minə yaxın sakin icbari tibbi sığortadan istifadə edib.

    Cəmiyyətin əsas sağlamlıq göstəricisi olan sanitariya mədəniyyəti formalaşdırılıb. Ötən il muxtar respublikada gigiyena və epidemioloji xidmətin yeni müasir infrastrukturda qurulması başa çatdırılıb, Naxçıvan Muxtar Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ən müasir laboratoriya və iş otaqları, onun Şahbuz, Şərur, Culfa şöbələri ehtiyac olan müasir avadanlıqlarla təchiz edilərək istifadəyə verilib. Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təhlükəli infeksiyalar laboratoriyasında 3 PZR cihazı və immunoqlobulin testləri aparmaq üçün İFA quraşdırılıb.
 Yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə dezinfeksiya, dezinseksiya, larviolla delarvasiya tədbirlər intensiv olaraq davam etdirilib, hepatit B və C virus infeksiyaları, COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə əks-epidemik tədbirlər ardıcıllıqla davam etdirilib. Peyvəndləmə işi daim nəzarətdə saxlanılıb. Nikaha girənlərin öncədən tibbi müayinələrdən keçirilməsi, Hepatit, QİÇS və digər yoluxucu xəstəliklərə görə müayinələr davam etdirilib. Elə görülən bu işlərin nəticəsidir ki, muxtar respublikada kəskin və təhlükəli yoluxucu xəstəliklər aşkar edilməyib, ölkə regionları sırasında koronavirusa yoluxma faktına görə ən az göstərici Naxçıvanda qeydə alınıb.
    Xəstəxana və tibb müəssisələrinin müasir avadanlıqlarla təchizatı mütərəqqi müayinə və müalicə üsullarının geniş tətbiqinə, xəstəliklərin vaxtında aşkara çıxarılmasına lazımi şərait yaradır. Hazırda səhiyyə müəssisələrimizdə dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla müayinə və müalicə işləri aparılır. Bu və digər səhiyyə müəssisələrində Təcili yardım, Elektrokardioqrafiya, Exokardioqrafiya, EKQ-tredmil, Rentgen, Çoxprofilli diaqnostika, Hemodializ, Cərrahiyyə, Kardiocərrahiyyə şöbələri, çoxsaylı aparat və avtoanalizatorla təchiz edilmiş laboratoriyalar, qan bankı, pulmonoloji, stomatoloji, burun-qulaq-boğaz, oftalmoloji, terapevtik, ginekoloji kabinələr fəaliyyət göstərir. Şöbə və kabinələrdə qurulmuş müasir aparat və cihazların köməkliyi ilə müxtəlif üzv və sistemlərin hərtərəfli müayinəsi mümkündür. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Dövlət bu işdə üzərinə düşən vəzifələri yerinə yetirir, müasir səhiyyə müəssisələri tikərək əhalinin istifadəsinə verir. Səhiyyə işçiləri isə yaradılan şəraitdən səmərəli istifadə etməli, sakinlərə nümunəvi xidmət göstərməlidirlər”.
    Ömürlərini Vətən, xalq qarşısında böyük xidmətlərə sərf edən, nurlu əməlləri, müqəddəs amalları ilə insanların qəlbində yurd salan tibb işçilərinin ənənələri Naxçıvan səhiyyəsində uğurla davam etdirilir. Hazırda muxtar respublikada əhaliyə 215 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir. Həmin tibb müəssisələrində 713 həkim, 2 min 154 orta tibb işçisi çalışır ki, bu da muxtar respublika üzrə hər 10 min nəfərin 15,4 həkimlə, 46,5 orta tibb işçisi ilə təmin olunması deməkdir. Həkimlərdən 114 nəfəri Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi” fəxri adlarına layiq görülüb. Onlardan 67 nəfəri hazırda tibb müəssisələrində işləyir.    
    Əhalinin müxtəlif yaş qrupları, aztəminatlı ailələr mütəmadi olaraq müayinə və müalicələrə cəlb olunur. Ötən il Naxçıvan Muxtar Respublika Xəstəxanasının, Diaqnostika Müalicə Mərkəzinin, rayon mərkəzi xəstəxanalarının, digər səhiyyə müəssisələrinin həkim briqadaları Vətən müharibəsi qazilərini, şəhid ailələrini yaşadıqları ünvanda hərtərəfli tibbi müayinədən keçiriblər.
    Hazırda muxtar respublikanın səhiyyə müəssisələrində hər ay minlərlə insan ambulator və stasionar müalicə olunur. Bakı şəhərindən yüksək­ixtisaslı mütəxəssislərin dəvət olunaraq yerli həkim kadrları ilə birgə müxtəlif cərrahi əməliyyatların aparması, humanitar tibbi aksiyaların keçirilməsi də ənənə halını alıb. Bu həm də yerli kadrların peşə vərdişlərinin yüksəlməsinə şərait yaradıb və yerli kadrlar tərəfindən müstəqil şəkildə bir çox mürəkkəb cərrahiyyə əməliyyatların aparılmasına nail olunub. Onların praktik vərdişlərinin artırılması istiqamətində görülən işlərin nəticəsidir ki, son illər əhalinin müayinə və müalicə üçün başqa ölkələrə üz tutmasının qarşısı alınıb.
    Qəbul olunmuş Dövlət proqramlarının icrası göstərilən tibbi xidmətlərin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, dərmanla təchizatın əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Pro­qramı”na uyğun olaraq publik hüquqi şəxs statuslu Şərur və Ordubad Rayon Uşaq xəstəxanalarının yaradılması gələcəyimiz olan uşaqların sağlamlığının qorunması istiqamətində mühüm tədbirlərdən biridir. 
    Ötən il Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən Naxçıvan şəhərində 20 tam orta məktəbdə 14 min 50 şagirddən 13 min 495 şagirdin dərin tibbi müayinələri, şəhər və rayon məktəblərində ilkin tibbi xidmətin düzgün göstərilməsi üçün müvafiq treninqlər həyata keçirilib.
    “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Pro­qramı”nın icrası ilə əlaqədar həkim ambulatoriyalarında və feldşer mama məntəqələrində monitorinqlər aparılıb, yenidoğulmuşlarda rast gəlinən xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması üçün daha dəqiq müayinə və müalicə üsullarının tətbiq edilməsi işi sistemli olaraq icra olunub. İl ərzində 2 min 793 neyrosonoqrafiya, 1546 Bera müayinəsi, 810 Fetal EXO müayinəsi aparılıb. Müayinələr aparılmadan BSJ peyvəndinin vurulması qadağan edilib. Ona görə də bütün yenidoğulmuşlar qeyri-şərtsiz müayinələrdən keçirilib. Bu da anadangəlmə qüsurların vaxtında aşkar olunmasına geniş şərait yaradır. 
    Dövlət proqramlarının icrası çərçivəsində xəstələrə müayinə, müalicə və dərman təchizatı sahəsində keyfiyyətli xidmət göstərilməsi işi daim nəzarətdə saxlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində şəkərli diabet xəstələrinin dərman və özünə nəzarət vasitələri ilə təminatı xeyli yaxşılaşıb. Strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilib. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb.
    Dispanserizasiya işini yaxşılaşdırmaq, əhalini kütləvi müayinələrdən keçirmək, ucqar dağ kəndlərində və yaylaqlarda əhaliyə yüksəkixtisaslı səhiyyə xidməti göstərmək məqsədilə yaradılmış həkim briqadaları tərəfindən yerlərdə müayinə, müalicə işləri aparılıb. Təhsil işçiləri arasında süd vəzi xərçənginin vaxtında aşkar­lanması üçün profilaktik kütləvi müayinələr, qadınlar arasında xərçəngönü xəstəliklərin aşkarlanması, ilkin vərəm xəstəliyinin təyini məqsədilə kiçikyaşlı uşaqlar arasında tuberkulin test sınaqları, yuxarı sinif şagirdləri və müəllimlər arasında flüoroqrafik müayinələr, məktəbyaşlı uşaqların kütləvi profilaktik müayinələri həyata keçirilib.
     Müalicə profilaktika işinin təşkili sahəsində görülən tədbirlər tibbi xidmətin keyfiyyətinin və əhatəliliyinin artmasına və eləcə də demo­qrafik vəziyyətə müsbət təsir göstərib. Belə ki, 2021-ci ildə 4 min 14 uşaq doğulub, təbii artım 1170 nəfər, doğum göstəricisi 8,7, ölüm göstəricisi 6,1, 1 yaşa qədər uşaq ölümü 2,2 promilli təşkil edib.
    Muxtar respublikanın səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi üçün tədbirlər davam etdirilib. Naxçıvan Dövlət Universitenin Tibb fakültəsində, Tibb Kollecində ixtisasların sayının artırılması, tibb müəssisələrinə hamiliyə verilməsi, xarici ölkələrdə təlimlərin təşkili, konfransların, seminarların keçirilməsi, ixtisasartırma kurslarının təşkili səhiyyə müəssisələrində ixtisaslı tibbi kadrlarla təminata imkan verir.
    “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq ötən ildən Tibbi-Sosial Ekspertiza Komissiyasına göndərişlər onlayn sistemə keçirilib. Bu sistem sağlamlıq imkanları məhdudluq dərəcəsinin qiymətləndirilməsində vətəndaş-ekspert təması olmadan, elektron müstəvidə və şəxsin kimliyi, göndəriş verən təşkilatın hansı səhiyyə qurumu olduğu bilinmədən anonim olaraq, xəstəliyi əks etdirən tibbi sənədlər əsasında şəffaf şəkildə həyata keçirilməsinə imkan yaradır.
    Səhiyyə turizmi də daim diqqətdə saxlanılır. Duzdağ Fizioterapiya Mərkəzində, Darıdağ Arsenli Su Müalicəxanasında ölkəmizin və bir çox xarici ölkələrin vətəndaşları müalicə olunurlar. Azərbaycanın rayonlarından sağlamlıq imkanları məhdud şəxslərin sanator müalicə alması üçün həmin müəssisələrə göndərilməsi keçən il də davam etdirilib. 
    Muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar göstərir ki, səhiyyə sistemi sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına, orta ömür müddətinin uzanmasına xidmət edir. Ötən ili uğurlu göstəricilərlə yola salan tibb işçiləri bundan sonra da səhiyyənin inkişafına, əhalinin sağlamlığının qorunmasına öz töhfələrini verəcəklər.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 03.03.2022 20:31