AZ EN RU

İnformasiya təhlükəsizliyinin təminatı üzrə seminar-müşavirə keçirilib

Naxçıvan şəhər Orta İxtisas Polis Məktəbində keçirilən seminar-müşavirəni giriş sözü ilə açan məktəbin rəisi, polis polkovniki Kamil Məmmədəliyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 6 aprel 2022-ci il tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikası dövlət qurumlarında informasiya təhlükəsizliyinin təminatı üzrə nümunəvi təlimat təsdiq edilib. Həmin qərardan irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollegiyasının 15 aprel 2022-ci il tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində informasiya təhlükəsizliyinin təminatı üzrə təlimat” təsdiq edilib. Təlimat daxili işlər orqanlarında informasiya təhlükəsizliyinin təşkili və təmin edilməsi, srtuktur qurumlar və əməkdaşlar üçün bu sahədə məcburi tələbləri müəyyən edir. Keçirilən seminar-müşavirədə də informasiya təhlükəsizliyi sahəsində daha geniş məlumatlandırma məqsədi daşıyır.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İnformasiya-Kommunikasiya Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kənan Məmmədov informasiya texnologiyalarının həyatımızdakı əhəmiyyətindən, informasiya təhlükəsizliyinin qorunması və vacib tələblərin yerinə yetirilməsi mövzusunda məlumat verib.

Bildirilib ki, günümüzdə informasiya sərhədləri çox sürətlə inkişaf edərək gerçəklik haqqında yeni anlayış formalaşdırır, yeni qlobal diskussiyalara zəmin yaradır. Dünya miqyasında inteqrasiya ictimai həyatın bir hissəsinə, inkişaf amilinə, yeni dövrün rəmzinə çevrilmişdir. İnformasiya ötürücülüyünün geniş vüsət aldığı, informasiya bolluğunun mövcud olduğu müasir şəraitdə informasiya siyasəti ilə bağlı dövlət tərəfindən qarşıya qoyulan vacib məsələlərin hər bir vətəndaş tərəfindən uğurlu icrası informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.

Sonra Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları – Məlumat hesablama və informasiya texnologiyaları şöbəsinin müdiri Etibar Əjdərov, İnternet saytlarının hazırlanması və innovativ yeniliklər üzrə şöbə müdiri Mətin Quliyev və İnformasiya təhlükəsizliyi üzrə mühəndis Turqut Əsgərov tədbir iştirakçılarına elektron hökumət, elektron imza, asan imza, biometrik imza, kiber təklükəsizlik, informasiya təhlükəsizliyi, məxfi məlumat və digər mövzular barədə məlumatlar veriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.     

Məcid RƏŞADƏTOĞLU  

Nəşr edilib : 11.05.2022 22:00