AZ EN RU

İncə qadın zövqünün könüllərə bəxş etdiyi gözəllik

  Əl işlərindən ibarət sərgi-satış muxtar respublika sakinləri və qonaqlar 
tərəfindən maraqla qarşılanır

 Muxtar respublikamızda xüsusi istedadları ilə seçilən, xalq yaradıcılığının müxtəlif sahələri ilə məşğul olan qadınların və fiziki imkanları məhdud şəxslərin məşğulluğunun təmin edilməsi, rifah hallarının yüksəldilməsi məqsədi daşıyan tədbirlərin təşkili artıq ənənə halını alıb. Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət növbəti sərgi-satışa 442 nəfərin müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb. 

    Sərgi-satış günlərində burada iştirak edib, ümumi təəssüratla tanış olduq. Gözoxşayan rəngləri ilə diqqət cəlb edən stendlərdə istənilən növdə yaradıcılıq məhsuluna rast gəlmək mümkündür. Əl işləri içərisində rəsm əsərləri, gips, keramika, xalça və toxuculuq məmulatları ilə yanaşı, bədii tikmələr, toxuma və hörmələr, suvenir, çanta, oyuncaqlar, milli geyimlər, hətta bir sıra məişət əşyaları da vardır. Hər biri əl əməyi, zəhmət nümunəsi olan bu məhsullar alıcıların diqqətini cəlb edir. Nümayiş edilən yaradıcılıq məhsullarıdan məşhur Naxçıvan duzundan hazırlanmış dekorativ əşyalar və suvenirlər alıcıların xüsusi marağına səbəb olur. 

    Sərgidə nümayiş edilən əşya və suvenirlərin qiymətlərinə gəldikdə isə burada növündən asılı olaraq hər kəsin büdcəsinə uyğun əl işi vardır. Nisbətən bahalı məhsullar sayca azlıq təşkil etsə də, sənətkarlıq baxımından, doğrudan da, çox qiymətli rəsm əsərləri gələnlərin marağını cəlb edir. Burada ən çox alınan məhsullar isə  toxunma oyuncaqlar və suvenirlərdir. 
    Sərgidən əldə olunan gəlirin miqdarına gəldikdə isə hər günün satışı günün sonunda hesablanıb, məhsul sahiblərinə verilir. Məhsulların qiymətləri isə hazırlayan şəxslər tərəfindən təyin olunur. 

    Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Mahir Mustafayev Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında təşkil olunmuş sərgiyə çıxarılan yaradıcılıq nümunələrindən söz açaraq dedi: “Muxtar respublikamızda müasir tələblərə uyğun şəraitin yaradıldığı müəssisələrdə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında, müasir avadanlıqlardan istifadə olunmaqla sağlamlıq imkanları məhdud olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir. Bununla yanaşı, həmin şəxslərin istedad və bacarıqlarının, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması, yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə müxtəlif sərgilər təşkil olunur. Bu məqsədlə keçirilən sərgi-satışlara sağlamlıq imkanları məhdud və ahıl vətəndaşların əl işləri təqdim edilir. Növbəti sərgi-satışa bəhs etdiyimiz sosial kateqoriyaya aid 95 müəllifin 2400-ə yaxın əl işi təqdim olunub. Bunlar arasında toxuculuq, ebru sənəti, kətan üzərində yağlı boya ilə hazırlanmış əl işləri və xalçalar nümayiş edilir. Duzdan hazırlanmış əl işləri də  sərgilənən yaradıcılıq məhsulları arasındadır”.
    Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva bu cür sərgilərin keçirilməsinin ailə dəyərlərimizi, çoxəsrlik adət-ənənələrimizi aşılamaq, keçmişdən bu günə gələn milli dəyərlərimizi əl işlərinə köçürüb yaşatmaq və həmçinin qadınlarımıza maddi dəstək göstərmək məqsədi daşıdığını vurğuladı. 
    Naxçıvan Dövlət Universitetinin Texnologiya Mərkəzində istedadlı tələbələrin hazırladığı incəsənət nümunələri də sərgidə nümayiş etdirilir. Həmin yaradıcılıq məhsulları içərisində 21 tələbənin 220 əl işi sərgilənir. Bunlar arasında toxuculuq, keçə sənəti, mandala sənəti, xalçaçılıq əl işləri var. Universitetin tələbələri tərəfindən hazırlanan bu əl işləri onlara tələbə vaxtından  öz büdcələrini qurmağa kömək edir. Naxçıvan Dövlət Universitetinin Texnologiya müəllimliyi ixtisası üzrə III kurs tələbəsi Nərmin Tarverdiyeva da öz əl işlərini sərgiyə çıxaran tələbələrdəndir. Burada iştirak etməkdən qürur duyduğunu dilə gətirən istedadlı gənc müxtəlif növdə hazırladığı əl işlərini sərgiyə çıxardığını dedi. Sərgidə istedadlı xanımlarla birgə öz əsərlərini nümayiş etdirməyin sevincini yaşayan müsahibimiz yaradılan şəraitə görə öz minnətdarlığını ifadə etdi. 
    İllərdir, keçirilən sərgilərdə yaxından iştirak edənlərdən biri də Xuraman Səfərovadır. Müsahibimiz dedi: “30 ilə yaxındır ki, bu sənətdəyəm. İlk vaxtlar hobbi olaraq başladığım bu sənəti genişləndirdim. Milli paltarlar, əsərlər, tablolar yaratdım, 7 ildən artıqdır, bu tədbirlərə qatılıram. “Dəmir yumruq”, “Xarıbülbül” əl işlərini hazırlamaqdan zövq alıram.  Xarici turistlərin bu sənətlərlə tanış olması bizim üçün böyük bir qürurdur. Bizə yaratdığı bu şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm”.
    Görülən və icra olunacaq işlərlə bağlı məlumat aldıqdan sonra sərgidə nümayiş olunan məhsulların seyrinə davam etdik. Burada ən möhtəşəm detal isə hazırlanan rəsmlərin, yaxud da əl işləmələrinin hamısında yaxın keçmişimizdəki Qarabağ həsrəti əvəzinə Qələbə sevincinin, qalibiyyət məğrurluğunun duyulması idi. Demək olar, bütün vətənpərvər motivli sənət nümunələri ordumuzun və dövlətimizin gücünü, milli qürurumuzun ucalığını özündə əks etdirir. Burada müxtəlif əşyalara vurulan naxışlardan daha çox xarıbülbül simvolu diqqətləri öz üzərinə çəkir. 
    Naxçıvan Dövlət Universitetinin Müalicə işi ixtisası üzrə III kurs tələbəsi Kosar Yousefi və  Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının III kurs tələbəsi İnci Qarayeva da keçirilən sərgi barədə öz təəssüratlarını bölüşərək bu cür sərgilərdə iştirak edərək fərqli əl işlərinin onlarda böyük maraq doğurduğunu, həmin məhsulların müəllifləri ilə şəxsən həmsöhbət olduqları üçün məmnunluqlarını ifadə etdilər.  
    Ümumdünya Şahmat Olimpiadası ilə əlaqədar muxtar respublikamıza gələn xarici və yerli şahmatçılar da sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışda iştirak etdilər. Sərgi şəhərimizin qonaqlarında milli dəyərlərimiz, adət-ənənələrimizlə bağlı zəngin təəssürat yaradıb.
    Qeyd edək ki, sərgi-satışın fəaliyyətə başladığı bir həftə ərzində, ümumilikdə, 29463 manat dəyərində 2434 əl işi satılıb. Bu gün muxtar respublikamızda yaradılan mədəni mühit və şərait fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların cəmiyyətdə layiqli yer tutmasına imkan yaradır və onların gələcəkdə də yaradıcı uğurlar qazanmalarına stimul olacaq.

Aysel YUSİFZADƏ

Nəşr edilib : 05.10.2022 21:09