AZ EN RU

İllik fəaliyyətin nəticələrinə dair iclas olub

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il  2 iyul tarixli Fərmanı ilə yaradılmış “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nin illik fəaliyyətinin nəticələrinə dair iclas keçirilib. 
    İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, postmüharibə dövründə bərpa-quruculuq tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, o cümlədən şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı ölkəmizdə sosial siyasətin əsas istiqamətinə çevrilib. Bu sahədə həyata keçirilən tədbirlər muxtar respublikamızda sistemli xarakter alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu kateqoriyadan olan şəxslərin mənzil və avtomobillərlə təminatı diqqət mərkəzində saxlanılıb, sağlamlığını itirmiş insanlara müvafiq dərəcələrin təyin olunması istiqamətində zəruri addımlar atılıb. İkinci Qarabağ müharibəsindən sonra 43 sosial qayğıya ehtiyacı olan ailə mənzillərlə təmin olunub, 44 şəxsə minik avtomobili təqdim edilib. Nazir diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılıb və nəticədə, müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlıq gücləndirilib. Ötən 1 il ərzində vahid əlaqələndirmə mərkəzləri tərəfindən bir sıra işlər görülüb, bu sahədə elektron baza hazırlanaraq istifadəyə verilib. 
    Vurğulanıb ki, müharibə ilə əlaqədar xəsarət almış şəxslərdən 79 nəfərə ilkin sağlamlıq imkanlarının məhdudluğu və avtomobil, 5 nəfərə isə mexaniki təkərli oturacaq təyin edilib. Naxçıvan Muxtar Respublikasında yaşayan Vətən müharibəsi zamanı sağlamlıqlarını itirən şəxslərə nümunəvi tibbi xidmət göstərilməsi məqsədilə bərpa mərkəzlərinə müasir avadanlıqlar alınıb. Həmçinin 37 nəfər müharibə zamanı sağlamlığını qismən itirmiş şəxsə 49 ədəd texniki və köməkçi reabilitasiya vasitəsi verilib.
    Şəhid ailələri və xüsusi səbəbdən sağlamlıq imkanları məhdud olan şəxslərdən 18 nəfəri sanator-kurort mərkəzlərinə göndərişlə təmin olunub. Həmçinin 26 nəfərə müvafiq reabilitasiya müəssisələrinə göndərişlər verilib. Şəhid ailələri üzvləri və müharibə iştirakçılarından 57 nəfərlə psixoloji seanslar aparılıb. Əmək pensiyası hüququ olmayan  4 nəfər II Qarabağ müharibəsi iştirakçısına və 39 nəfər şəhidin uşaqlarına sosial müavinət təyin edilib. Həmçinin 120 şəhidin 281 ailə üzvünə, 72 nəfər müharibə zamanı sağlamlığını qismən itirmiş şəxsə və 1081 nəfər müharibə veteranına Prezident təqaüdü təyinatı aparılıb. 
    Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı əsasında yaradılmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” tərəfindən 24 nəfərin muxtar respublikadan kənarda müalicəsinə köməklik göstərilib, 42 ailənin məişət şəraiti yaxşılaşdırılıb, 22 nəfərin təhsil haqları və kredit borcları ödənilib.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq II Qarabağ müharibəsi ilə əlaqədar 50 nəfər müvafiq kateqoriyadan olan şəxsin özünüməşğulluğu təmin edilib. Həmçinin 16 şəhid ailəsi üzvü işlə təmin olunub, 5 nəfər isə peşə kurslarına göndərilib. 
    Nicat Babayev şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən yüksək qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
    Nazirliyin şöbə müdiri Elmin Fərəcov isə çıxışında ötən bir il ərzində görülmüş işlər haqqında məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müxtəlif məsələlərlə bağlı 103 müraciət daxil olub. Şəhid ailələri və müharibə ilə əlaqədar xəsarət almış, sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən hərbi qulluqçular Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə dair müvafiq arayışlarla təmin edilib, həmin şəxslərin müraciətlərinə qanuna müvafiq baxılıb.
    Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi Lətif Şükürlü və Şərur Rayon İcra Hakimiyyətinin şöbə müdiri Xəyal Bağırovun ötən dövr ərzində görülmüş işlərə dair çıxışları dinlənilib, görülən işlərə dair illik statistik göstəricilər slaydlar vasitəsilə nümayiş etdirilib.
    Tədbirdə görülmüş işlərə dair müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 20.09.2022 20:39