AZ EN RU

İlkin düşüncədə və müasir günümüzdə çillə mərasimi

    Qədim türklərin mövsüm və mərasimlər haqqındakı düşüncələri onların, bu mənada, icra etdikləri ayin və rituallarda özünü göstərir. Hər mövsümdə təbiətin müxtəlifliyi qədim insanların təəccübünə səbəb olmuşdur. Bu təəccübdən də irəli gələrək müxtəlif ayin, rituallar icra etmişdilər. Hər fəsildə baş verən hava dəyişikliyi, təbiət hadisələri insanların onları özlərinə ram etmək haqqında tədbirlərinin gerçəkləşməsini şərtləndirmişdir. Odur ki, mövsümlə bağlı dəyişikliklər insanları maraqlı ayin və ritualları həyata keçirməyə təhrik etmişdir. Bunların çoxunun zaman-zaman icra olunması müxtəlif mövsüm mərasimi faktlarının müasir günümüzdə də formalaşması və icrasını gerçəkləşdirmişdir. 

    Türk xalqlarında mövcud olan qədim mifoloji düşüncəyə görə, qış xalqın təqviminə əsasən dövrlərə – çillələrə bölünür. Çillə əziyyətdən, məşəqqətdən, zülmdən çıxmaq mənasındadır. Bizim müasir dilimizdə çillədən çıxmaq ifadəsi var. Əgər bir adam günlərlə evdən çıxmasa, zarafatla onun haqqında deyərlər ki, filankəs çillə çıxardır. Amma bu zarafatın arxasında böyük bir inam var. Xalq belə təsəvvür edir ki, qış təbiətin məşəqqətli bir zamanıdır. Bu zamandan aciz insanın çıxması son dərəcə çətindir. O qışdan çıxmaq insanın, doğrudan da, bayram etməsinə dəyən bir keçid dövrüdür:

      Çillə gəlsin, xoş gəlsin,
      Qar talaya tuş gəlsin.
      Ağır qardan bərəkət,
      Şəhərimizə xoş gəlsin.

    Böyük çillə, Kiçik çillə, Boz ay mərhələləri Novruz bayramına qədərki çox vacib mərhələlərdir. Məlum olduğu kimi, Böyük çillə dönəmində havalar mülayim keçir. Qışın şaxtalı, sərt günləri bu dönəmdə sonrakı mərhələyə nisbətən az olur. Və qış öz “hökmünü” sonra – Kiçik çillə dövründə daha aydın göstərir. Qışın ikinci mərhələsi sayılan Kiçik çillə dönəmində hava, adətən, Böyük çillə ilə müqayisədə çox soyuq keçir. Elə xalq da deyir ki, “Əsas şaxta Böyük çillədən sonra olur, yəni Kiçik çillədə”. Bu Kiçik çillə çox sərt olur. O qədər soyuq, şaxtalı keçir ki, meşədə heyvanlar, çöldə quşlar üşüyür, donur. İyirmi günlük Kiçik çillə nə qədər sərt olsa da, ömrü qısadır. Bu vaxt həm də günlər uzanır. Xalq yaddaşında bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir edilən Böyük çillə və Kiçik çillə bir-birinə qarşı qoyulur. Böyük çillə nə qədər yumşaq təbiətli olaraq obrazlaşdırılırsa, Kiçik çillə onun əksinə olaraq öz təbiəti etibarilə sərt, ərköyün obraz kimi xarakterizə olunur. Bir poetik nümunədə də bu məqam öz əksini tapır:  

     Kiçik Çillə..
     Boyu bir belə...
     Hikkəsi bir belə..
     Gəlişi oldu
     Hayınan.
     Gedişi oldu
     Vayınan.
     Əlində qırmanc,
     Eli-günü yandırdı,
    Neçə günahsız doqqaz bağladı,
    Neçə alaqapı
    Sındırdı.
    Kəsdi neçə evin yağmasın,
    Pendirin, çörəyin, ağmasın... 

    Nümunədən də göründüyü kimi, Kiçik çillə ərəfəsində hava o qədər soyuq və şaxtalı günlərlə müşayiət olunur ki, belə hava şəraiti insanlara, təsərrüfata kəskin ziyan vurur. İnsanlar lap əvvəllərdən ilin bu dönəmini ilin ən sərt vaxtı kimi qarşılamışlar. İlin bu dönəminin sərtliyinin insanların yaşayış tərzinə, təsərrüfata da mənfi təsirlərini nəzərə alaraq hazırlıqlar görmüşlər. Xalq öz düşüncəsində ilin bu dönəmini – Kiçik çillə dönəmini “qışın oğlan çağı” da adlandırmışdır. Ulu əcdadlarımız Kiçik çillənin bu qədər sərt havalı olmasını maraqlı fəlsəfə ilə qarşılamışlar: evin kiçik övladı həmişə ərköyün olduğu üçün Kiçik çillə də öz ərköyünlüyünü belə göstərir.
    Məlum olduğu kimi, Böyük çillə dekabr ayının 20-də daxil olur. Hava əvvəldən düşünülən kimi elə də soyuq keçmir. Çillənin daxil olması 20-si axşama təsadüf edir. İnsanlar çilləni xoş qarşılamaq üçün müxtəlif ayin və rituallar həyata keçirirlər. Evlərdə qovurğa hazırlanır, süfrələr müxtəlif nemətlərlə bəzədilir. Növbənöv şirniyyatlarla bəzənmiş süfrələrdə qarpızın olması artıq mütləq məqama çevrilib. Qeyd edək ki, bu şirniyyatları evlərdə qadınlar özləri hazırlayarlar. Çillə gecəsində hər evdə çillə qarpızının kəsilməsi Naxçıvanın ənənəvi mərasimlərindəndir. Çillə qarpızının sakral, yəni müqəddəs tərəflərindən biri də odur ki, bu qarpızı ailənin hər bir üzvü dadmalıdır. Hətta nişanlı qız və ya oğlan evlərinə də xonçalarda çillə qarpızı aparılar. Çillə qarpızının aparıldığı nişanlı qızın evində qarpızın yarısı kəsilərək yenidən oğlan evinə göndərilər. Təzə ailə quran gəlinlərin evinə valideynləri tərəfindəndə çillə qarpızı olan xonça aparılar. Bu adət, əsasən, Naxçıvanın ərazilərində müşahidə olunur. Çillə qarpızının mövsümdən sözü gedən günədək saxlanmasının da özünəməxsus üsulu vardır. Belə ki, onu samanın içərisində sərin yerdə saxlayarlar. Üstünün cızılmamasına, çatlama­masına nəzarət edərlər. Vaxtı çatanda qarpızın süfrədə olması ev əhlini sevindirər. Çillə qarpızının yer aldığı xonçada onun ətrafına mövsümi meyvələrdən də düzülər. Bəzi regionlarda narın da süfrədə olması məqsədəuyğun hesab edilir.
    Çillə qarpızının aparıldığı nişanlı qızın evində şənlik, coşqu başlayar. Bir xalq bayatısında deyildiyi kimi:

       Bu qarpız, çillə qarpız,
       Düşübdü dilə qarpız.
       Düzülüb xonçalara,
       Gedir yargilə qarpız.

    Çillə gecəsinin məşhur atributu olaraq məhz qarpız kəsilməsinin də sakral tərəfləri mövcuddur. Bu, qarpızın üstünün və içinin rənglərində özünü təcəssüm edir. Qara qışdan, onun vuracağı ziyandan ehtiyat edən qədim insanlar önləyici tədbirlər məqsədilə keçirdiyi ayinlərdə müxtəlif atributlardan, simvolik əşya və meyvələrdən də istifadə etmişdir. Qarpızın yaşıl və qırmızı rənglərin məcmusundan ibarət olması onun bu mərasim üçün uyğun olduğunu şərtləndirmiş və qədim insan da bu rənglərlə Tanrıdan canlı təbiət, istilik, od arzu etmişdir. Məlum olduğu kimi, Günəşin yerdəki simvolu olan od-ocağın da atributu qırmızı rəngdir. Qırmızı rəngin həm də şər qüvvələrdən, bəd ruhlardan qoruma funksiyası da mövcuddur.
    Böyük çillədə indi unudulmuş, əvvəllər isə aktiv şəkildə icra olunan Saya mərasimi keçirilib. Bu barədə folklorşünas Muxtar Kazımoğlu maraqlı məlumatlar verərək yazır ki, Saya mərasimi qoyunçuluqla birbaşa əlaqəsi olan mərasim idi. Saya mərasimi bizim indiki Kosa-kosa mərasiminə oxşar detallarla müşayiət olunub. Məsələn, adamlar, xüsusi oyunbazlar, məsxərəçilər çoban paltarı geyinər, əllərinə quzu dərisi alıb və qapı-qapı gəzərək xüsusi nəğmələr oxuyaraq pay yığarmışlar:

    Salamməleyk, say bəylər,
    Bir-birindən yey bəylər.
    Saya gəldi gördünüzmü,
    Sayaya salam verdinizmi?

    “Sayaçı sözlər” adlı janrın adı da bu bayramdan qalmadır. “Saya” sözü çuvaşlardakı çaya sözü ilə səsləşir. Deməli, digər türk xalqlarında da Saya bayramları keçirilib. Bizdə bu gün bu bayram mərasim şəklində deyil, mətnlər şəklində qalır. 
    Bizim bu günədək yaşadılan Kosa-kosa mərasimində də oyun elementləri var: kosa da nəğmələr oxuyur və insanlardan pay istəyir. Bu payın arxasında çox böyük həqiqətlər dayanır. Yəni sayaçı mərasimləri göstərir ki, bu bayram məhsuldarlıq bayramıdır. Yəni qışdan çıxan insan özünün qoyunçuluqla bağlı ümidlərinin bayramını edir. Bütün bu mərasimlər etnosun təqvim və bu təqvimlə bağlı yaranmış olan mərasim düşüncəsinin qədim kökləridir.

Aytən CƏFƏROVA 
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat 
İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, dosent

Nəşr edilib : 19.12.2022 20:36