AZ EN RU

İkinci ilaxır çərşənbə – Torpaq çərşənbəsi

Torpaq milli ruhla, halal zəhmətlə, yurd sevgisi ilə qorunduqda Vətən olur

    Kiçik çillə  bitir, öz ömrünü xalq təsəvvüründə yazın müjdəçisi kimi yaşayan Boz aya verir. Boz ay xalq təfəkküründə “ağlar-gülər ay” kimi xarakterizə olunur. Bu zaman kəsiminə verilən adlar, eləcə də “boz ay” həmin zamanda havanın tez-tez dəyişməsi ilə əlaqələndirilir. Adətən, tutqun, dumanlı, küləkli keçən hava qəfildən istiləşir. Və ya əksinə, isti hava tez-tez öz yerini soyuq hava kütlələrinə, yağışlı, bəzi vaxtlarda da artıq təbiətə, təsərrüfata ziyan verə biləcək qarlı hava kütlələrinə verə bilir. Verilən adların bəzilərində yüngül əzizləmə məqamlarını da müşahidə etmək mümkündür. Bu da etnosun təbiət və onun fəlakətlərinə etiqad və inamla yanaşmasını ifadə edir. 

    Xalq hörmətlə yanaşdığı təbiət qüvvələrindən imdad gözləmək məqsədilə onu “əzizləməyi” məqsədəuyğun bilmişdir. Ona görə də “ağlar-gülər ay” və sair kimi adlar bu məqsədi ifadə edə bilər. Əksinə olaraq edilən mücadilələrə – keçirilən ayin və rituallara, qurbanlara “baxmayan” təbiət bəzi vaxtlarda insanlarla qəddar “rəftar edir”.  Onun maddi həyatını təmin edən təsərrüfatına böyük ziyan vurur. Və bu ziyanı qəbul etməyən insan təbiəti adlandırmaq məqamına hiddətlə yanaşır. Elə xalq arasında da insandakı kəskin xarakteri, baş vermiş hadisəyə insanın reaksiyasını “boz” sözü ilə ifadəsinə təsadüf edilir. İnsanın hirsli, acıqlı məqamındakı reaksiyasını “bozarmaq” ifadəsi ilə müqayisə edən xalq isti, mülayim havanın anidən dəyişərək kəskin soyuqla əvəzlənməsini də “boz” sözünün müdaxiləsi ilə ifadə edir. Yəni fevralın 20-dən Novruzadək olan dəyişkən hava ilə izlənilən zaman kəsimi “Boz ay” adlanır. 
    Boz ay bizi Novruza aparan ay olaraq dünyanın yaranmasında iştirak edən dörd ünsürün simvollaşdığı dörd çərşənbəni əhatələyir: Su, Torpaq, Yel, Od.
    Dünyanın yaranmasında əsas ünsür kimi ilk çərşənbə – Su çərşənbəsi öz ardınca Torpaq çərşənbəsini “səsləyir”. İkinci ilaxır çərşənbə torpağın oyanması, torpaqla bağlı təsərrüfat işlərinin başlanması ilə bağlı olaraq xalq  təfəkküründə Torpaq çərşənbəsi adlanmaqdadır. 
    Torpaq çərşənbəsində Azərbaycanın müxtəlif regionlarında, o cümlədən  Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində müxtəlif  ayin və mərasimlərin icrası torpaq kultuna inamı əks etdirən mərasimlər kimi diqqət çəkir.  Bu çərşənbəni el arasında “çillə-beçə çərşənbəsi” də adlandırırlar.  Torpağı əkib-becərmək, ona qulluq etmək üçün bu çərşənbədə fəallıq daha da artır. Hamı öz həyət-bacasına, torpağına olan hörmətini artırmaq məqsədilə əkin işlərini sürətləndirir. Naxçıvanda bu münasibətlə xalq arasında belə bir deyim formalaşmışdır ki, torpaq, ona olan qulluğun, hörmətin qarşılığını insana mütləq verəcəkdir. Bu deyim elə qədim türk mifizminin daşıyıcısı olan Naxçıvan mühitinin mifoloji dünyasında Torpaq əyəsinin varlığını, onun bir zamanlar kult səviyyəsində olmasını təsdiqləyir. İnsanlar torpağa qulluq etməklə özlərinin maddi təminatını da müəyyən qədər ödəmiş olduqlarını düşünürlər. Həm də torpaqla bağlılıqlarını, əməyə, zəhmətə olan sevgilərini  folklor nümunələri şəklində yaradıb gələcək nəsillərə ötürürlər:

            Qarışqadan ibrət al,
            Yaz ikən qışı düşün. 

    Torpaq çərşənbəsinin xarakterik ayinlərindən biri Naxçıvanda evlərin həyətlərində tonqal qalanmasıdır. İnsanlar od üstündən tullanaraq ağırlığın, dərd-sərin köhnə ildə qalmağını arzulayırlar. 
    Naxçıvanda Torpaq çərşənbəsində icra olunan ayinlərdən biri ağacqorxutma adətidir.  Ev əhlinin ən yaşlı nümayəndəsi əlində balta bağa gəlir, hər ağacın dibinə üç dəfə balta ilə vurur. Bu ayin vasitəsilə inanılır ki, ağaclar “qorxaraq” növbəti ilə yaxşı bar verəcəklər. Naxçıvan Muxtar Respublikasının bəzi bölgələrində bu ayini, əsasən, bar verməyən ağac üçün tətbiq edirlər. Əlində balta barsız ağaca yaxınlaşan insan baltanı ağacın dibinə yaxınlaşdıraraq deyir ki, əgər gələn il bar verməsən, səni kəsəcəyəm. Başqa biri isə baltanı onun əlindən alaraq onu dayandırmağa çalışır və deyir ki, dəymə, kəsmə, mən zamin, gələn il bar verəcək. Bu ayinin kökündə yenilənmə dayanır. Bar verməyən, lakin sağlam olan ağaclar da qorxudulur. Qorxutmaqda məqsəd təkcə ağacdan bar almaq deyil. Bir ağacın barsız olması, onun mal-heyvan kimi qısırlığını ifadə edir. Qədim türklərdə də qısırlığın, sonsuzluğun uğursuzluq gətirəcəyinə inanılırdı. Bu çatışmazlıqdan qurtarmaq üçün insanlar ağacları qorxutmaqla onların qüsurunu aradan qaldırmaq istəyirdilər. Haqqında söhbət açdığımız ayin qədim türkün əski adət-ənənələri ilə bağlı olub, kökündə etnosun təbiəti  yeni ruhda qarşılamaq düşüncəsi dayanır.
    Naxçıvanda xalq yaddaşında belə bir inam dolaşmaqdadır ki, bir qarış yer var, onun da əyəsi var. Hər nəsnənin əyəsi olduğu kimi, torpağın da əyəsi var. Torpağa qulluqdan öncə gərək onun əyəsinə salam verəsən. Əgər salam verməsən, torpaq əyəsi səni cavabsız qoyar, yaxşı məhsul verməz. Bu inanclar torpağa tapınmanın izlərini özündə qoruyub saxlamaqla  kosmoqonik görüşləri ifadə edir. Bu baxımdan  xalq arasında torpaqla, yerlə bağlı olan “Yerin yeddi qatından keçmək” ifadəsi də dolaşmaqdadır. 
    İnanclar sırasında diqqət cəlb edən nümunələrdən biri də budur ki, elə ilk çərşənbədən başlayaraq bütün ilaxır çərşənbələrdə evə diləyə gələn qonşuya evdən ələk, maya, şam, kibrit verilməz. Bunları vermək zərurəti yaranarsa, diləyə gələn qadının başından örpəyi götürülür, əvəzinə istədiyi verilir. Bu ayin Torpaq çərşənbəsində də icra olunur.
    Torpaqla bağlı Naxçıvanda müxtəlif xalq yaradıcılığı nümunələri yaddaşlarda yaşamaqdadır ki, bunlardan sözün magik qüvvəsinə inamı xarakterizə edən alqışlar olduqca fəaldır: 

        Torpağın bərəkətli olsun!
        Torpağın sanı yaşayasan!
        Torpaq kimi bar-bəhrəli olasan!
        Torpağından təzə-təzə nübarlar dadasan!
        Torpağın rahat olsun!

    Bu nümunələrdən göründüyü kimi, torpaq qədim türklərdə insanı haqq dünyasına qovuşduran varlıq olmaqdan əlavə, insanın xilasına xidmət edən kult kimi də düşünülmüşdür. Torpaq müqəddəsliyi ilə həm insana həyat verir, həm də onu haqq dünyasında ağuşuna alır. Hər mənada torpaq insana hamidir.
    Muxtar respublikamızın bəzi bölgələrində xalq arasında torpağın müqəddəsliyini ifadə edən atalar sözü və məsəllər də yetərincədir: 

        Torpaqda itki olmaz, kötüksüz bitki olmaz.
        Torpaq əkinçinin zəhməti ilə zinətlənər.
        Torpağa var versən, o da sənə bar verər.
        Sular hərəkətlidir, torpaq bərəkətli.
        Torpağı ovuclayan – qızıl ovuclar.
        Torpağın üzü soyuq olar.
        Torpağa vaxtlı-vaxtında su ver, bəhrəsini gör.
        Torpaqla oynayan ac qalmaz.
        Torpaqdan pay olmaz.

            Torpaq milli ruhla, halal zəhmətlə, yurd sevgisi ilə qorunduqda Vətən olur.
    İcra olunan ayin və mərasimlər, eləcə də Torpaq çərşənbəsi ilə əlaqəli yaddaşlarda qorunan inanc-sınama örnəkləri ulu əcdadın erkən təsəvvürlərinin məhsulu kimi dəyərlidir. Bu örnəklər torpağın xalqın həyatındakı vacibliyini, əhəmiyyətini bədii və poetik şəkildə təsdiqləyir.
     Xalqın yaxşıya, xeyirə olan inamını daşıyan alqışına qoşularaq deyirik ki, torpağınızın barı-bəhrəsi sizi sevindirsin!  Torpaq çərşənbəniz mübarək olsun!


Aytən CƏFƏROVA
 AMEA Naxçıvan Bölməsinin 
əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru 

Nəşr edilib : 28.02.2022 20:44