AZ EN RU

İkinci Dünya müharibəsi iştirakçılarına və digər müvafiq şəxslərə birdəfəlik maddi yardımın verilməsi təmin edilib

    Bu gün ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindəndir. İkinci Dünya müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərilir, onların sosial təminatı daha da yaxşılaşdırılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2022-ci il 19 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən tədbirlərin davamıdır.
    Sərəncama əsasən İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcəkdir.
    Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən Sərəncamın icrası ilə bağlı müvafiq işlər görülüb və birdəfəlik maddi yardımın ödənilməsi prosesi qısa müddət ərzində yekunlaşdırılıb. Muxtar respublika üzrə birdəfəlik maddi yardımın ödənilməsi 315 nəfərə şamil edilib. Onlardan 6 nəfəri İkinci Dünya müharibəsinin iştirakçısı, 309 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərdir. Birdəfəlik maddi yardımın ödənilməsi üçün, ümumilikdə, 240 min 750 manat vəsait həmin şəxslərin bank hesablarına köçürülüb.

    Naxçıvan Muxtar Respublikası Dövlət 
Sosial Müdafiə Fondunun mətbuat xidməti

Nəşr edilib : 05.05.2022 20:42