AZ EN RU

İdmanın inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir

    Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı xüsusi diqqətdə saxlanılır, bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin əhatə dairəsi ildən-ilə genişlənir. Görülən işlər gənc nəslin hərtərəfli inkişafını təmin edir və sağlam cəmiyyətin sütunlarının möhkəm təməl üzərində dayanmasına səbəb olur. Bu işlərin davamlı xarakter almasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrasının mühüm rolu vardır. Pro­qramın qəbul edilməsindən ötən müddətdə həyata keçirilən tədbirlər muxtar respublikada peşəkar idmançıların yetişdirilməsinə, eləcə də ölkə və beynəlxalq səviyyəli yarışlarda əldə edilən uğurların sayının daha da artmasına gətirib çıxarmışdır.

    Dövlət proqramında nəzərdə tutulan tapşırıqların icrası cari ilin birinci yarısında da davam etdirilmiş, bu dövrdə muxtar respublikada 349 idman tədbiri keçirilmişdir. Birinci yarım ildə muxtar respublika idmançıları ölkə səviyyəli yarışlarda 152, beynəlxalq yarışlarda 58 olmaqla, ümumilikdə, 210 medal qazanmışlar. Qazanılan medalların 84-ü qızıl, 43-ü gümüş, 83-ü isə bürünc olmuşdur.

    İdmanın hərtərəfli inkişafına şərait yaradan amillərdən biri də bu sahədə tikinti-yenidənqurma işlərinin davam etdirilməsi və yeni idman obyektlərinin istifadəyə verilməsidir. Yaradılan şərait təkcə gənc nəslin deyil, eyni zamanda hər yaşdan olan muxtar respublika sakinlərinin sağlam fiziki inkişafının təmin olunmasına imkan verir. Qeyd edilən dövrdə Şərur Şəhər Mərkəzi Stadionunda yenidənqurma işləri davam etdirilmişdir. Həmçinin Çərçiboğan kənd tam orta məktəbinin stadionunda əsaslı təmir və abadlaşdırma işləri başa çatdırılmış, Dəmirçi kənd stadionunda tamaşaçı və ehtiyat oyunçu skamyaları yeniləri ilə əvəz olunmuşdur. Birinci yarım ildə özəl investisiya qoyuluşu hesabına Naxçıvan şəhərində “Femina” Sağlamlıq Mərkəzinin və Kəngərli rayonunun Qıvraq qəsəbəsində fitnes zalının yaradılması da başa çatdırılmışdır. 

    İdmanın inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər Naxçıvan Muxtar Respublikasını ölkəmizin idman mərkəzlərindən birinə çevirmişdir. Müasir idman obyektlərinin istifadəyə verilməsi və idman federasiyalarının işinə göstərilən diqqət Naxçıvanda ölkə və beynəlxalq səviyyəli yarışların təşkili üçün yeni imkanlar açmışdır. Son dövrlərdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının uğurlu fəaliyyətinin nəticəsidir ki, muxtar respublikada ardıcıl olaraq nüfuzlu şahmat turnirləri təşkil olunur. Bu işlərin davamı olaraq may ayında Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilmişdir. Turnirdə Azərbaycan, Türkiyə, İran və Ukraynadan olmaqla, ümumilikdə, 214 şahmatçı mübarizə aparmış, muxtar respublikamızı 81 zəka sahibi təmsil etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda idmana dövlət tərəfindən göstərilən dəstək, Dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir... Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik”.

    Birinci yarım ildə bədən tərbiyəsi və idmanın inkişafında xüsusi əhəmiyyəti nəzərə alınaraq həvəsləndirici tədbirlərin təşkili də diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan Şəhər Stadionunda 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü və “Araz-Naxçıvan” Futbol Klubunun yaradılmasının 55 illiyi münasibətilə “Bir uşaq-bir top” festivalı keçirilmişdir. Festivalda müxtəlif əyləncəli idman oyunları təşkil edilmiş, tədbirdə iştirak edən uşaqlara top və digər hədiyyələr təqdim olunmuşdur.
    Dövlət proqramının icrası çərçivəsində xüsusi diqqətdə saxlanılan məsələlərdən biri də muxtar respublikada idman turizminin inkişafıdır. Ötən dövrdə Naxçıvanda Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi qış aylarında idmanın bu növü ilə məşğul olan yerli və xarici turistlərin marağını muxtar respublikaya cəlb etmişdir. Cari ilin birinci yarısında isə Naxçıvanda ilk dəfə olaraq Ağbulaq İstirahət Mərkəzi və Əlincəqalanın zirvəsindən yamac paraşütünün test uçuşları həyata keçirilmişdir. Tədbir ölkə­mizin müxtəlif regionlarında yamac paraşütü uçuşlarının təşkili ilə tanınan “AirGame Paragliding” şirkətinin və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkilatçılığı ilə baş tutmuşdur.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Bu gün təhsilin inkişafı gənclərin sağlam böyüməsindən asılıdır. Əgər onlar sağlam həyat tərzi keçirirlərsə, deməli, yaxşı təhsil ala biləcək, ailələri, cəmiyyət və dövlət üçün yararlı vətəndaşa çevriləcəklər”. Naxçıvanda bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində xüsusi diqqət yetirilən məsələlərdən biri də ümumtəhsil məktəblərində müxtəlif idman növləri üzrə klubların yaradılmasıdır. Belə ki, təhsilin keyfiyyətinin yüksəldilməsində və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsil­alanların sağlamlığının təmin edilməsi mühüm rol oynayır. Onu da qeyd etmək lazımdır ki, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin ixtisaslı müəllimlərin köməyi ilə müxtəlif idman növləri üzrə bacarıqlarının inkişaf etdirilməsi gələcək peşəkar idmançıların yetişməsinə də şərait yaradır. Dövlət proqramında bu istiqamətdə nəzərdə tutulan tapşırıqların icrası məqsədilə yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə istifadəyə verilən Çərçiboğan kənd tam orta məktəbində futbol, voleybol və tennis idman klubları yaradılmışdır. Klubların fəaliyyətinin təmin edilməsi üçün məktəbə stolüstü tennis masası və bu idman növü ilə bağlı digər ləvazimatlar, eləcə də futbol və voleybol topları verilmişdir. Bunlarla yanaşı, məktəbdə şahmat sinfi yaradılmış və lazımi avadanlıqlarla təmin olunmuşdur.    
    Proqramın icrasına uyğun olaraq idman sahəsində peşəkarlığın artırılması məqsədilə muxtar respublikaya təcrübəli idmançıların dəvət olunması istiqamətində də tədbirlər davam etdirilmişdir. Keçirilən tədbirlər idmançıların, eləcə də məşqçi-müəllimlərin nəzəri və praktik biliklərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Bu məqsədlə birinci yarım ildə qrossmeysterlər Vüqar Əsədli, Eltac Səfərli və Vasif Durarbəyli tərəfindən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının şahmatçıları üçün, eyni zamanda Azərbaycanın qadınlardan ibarət yığma komandasının baş məşqçisi Fikrət Sideifzadə tərəfindən Sədərək rayonunda kiçikyaşlı şahmatçılar üçün ustad dərsləri və seans oyunları təşkil olunmuşdur. Əlavə olaraq Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi İlham Məhərrəmov tərəfindən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının, güləş üzrə Azərbaycan milli komandasının üzvü Hacı Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının məşqçi-müəllim və idmançıları üçün, eləcə də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlər komitəsinin əməkdaşı Anar Salmanov tərəfindən futbol üzrə Naxçıvan Region Liqası oyunlarında iştirak edən hakimlər üçün seminarlar keçirilmişdir. Qeyd edilənlərlə yanaşı, cari ilin ilk yarısında Naxçıvan Futbol Federasiyasının sədr müavini Türkiyənin “Çaykur Rizəspor” Futbol Klubunun Gənclik İnkişaf Etdirmə və Futbol Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olmuşdur. Həmçinin “Araz-Naxçıvan” Futbol Klubunun Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışı keçirməsi təmin olunmuş, adıçəkilən şəhərdə bir neçə yerli komanda ilə yoldaşlıq görüşü keçirilmişdir.
    Qədim diyarın beynəlxalq idman mərkəzi kimi tanınması, mötəbər arenalarda bayrağımızın dalğalanması hər birimizi qürurlandırır. Bütün bu nailiyyətlərin əsasında isə məhz dövlətin uğurlu idman siyasəti dayanır. Görülən işlər onu deməyə əsas verir ki, Naxçıvanda idmanın inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın uğurlu icrası isə bu sahədə yeni nailiyyətlərin qazanılmasına imkan verəcəkdir. 

“Şərq qapısı”

Nəşr edilib : 24.08.2022 19:57