AZ EN RU

Humanizm və xeyirxahlıq ideyalarının qoruyucusu

10 mart Azərbaycanda Qızıl Aypara Cəmiyyətinin yarandığı gündür

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 7 aprel tarixli Sərəncamına əsasən hər il martın 10-u Azərbaycan Respublikasında “Qızıl Aypara Günü” kimi qeyd olunur.
    Humanizm və xeyriyyəçilik anlayışlarının kökləri qədim dövrlərə, təmənnasız könüllü fəaliyyətin, əsasən, ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır. Müasir dövrümüzdə bu anlayışların hər biri özlüyündə daha geniş məna daşımaqla cəmiyyətin sosial rifahı naminə bütün təmənnasız könüllü fəaliyyət növlərini əhatə edir. Azərbaycanda humanitar və xeyriyyəçilik dəyərlərini özündə təcəssüm etdirən Qızıl Aypara Cəmiyyəti 1920-ci il martın 10-da Azərbaycan Respublikasının müdafiə naziri, general-leytenant Əliağa Şıxlınskinin təşəbbüsü ilə təsis edilmişdir. Yarandığı vaxtdan qurumun başlıca məqsədi də xeyirxah ideyalar olmuş, kimsəsizlərə, fəlakətlə üz-üzə dayananlara, ehtiyacı olanlara kömək göstərmişdir. Lakin 1920-ci ilin aprelində Azərbaycanda sovet hökuməti qurulduqdan sonra Qızıl Aypara Cəmiyyətinin də fəaliyyəti dayandırılmışdır. 1923-cü ildə yenidən həyata vəsiqə alan cəmiyyət 1991-ci ilə kimi özünəməxsus tarixi yol keçməklə ölkəmizdə xeyirxah ideyaların reallaşmasına mühüm töhfələr vermişdir. 
    Ulu öndər Heydər Əliyevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin iyirminci qurultayına göndərdiyi təbrik məktubunda deyilir: “Qızıl Aypara Cəmiyyəti bu gün öz qüvvələrini səfərbər edərək, müstəqil Azərbaycan Respublikası qarşısında duran vəzifələrin yerinə yetirilməsində yaxından iştirak edir... Azərbaycan Respublikasının müstəqil dövlət kimi həyata keçirdiyi xarici siyasət beynəlxalq aləmdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin də fəaliyyət dairəsini genişləndirir, onun inkişafı üçün yeni perspektivlər açır”. Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə də diqqət və qayğı artırılmışdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə bu cəmiyyət ölkəmizdə yeganə rəsmi humanitar təşkilat kimi tanınmışdır. 1995-ci il noyabrın 27-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri Federasiyasının tam bərabərhüquqlu və daimi üzvü qəbul edilmişdir.
    Ölkə Prezidenti cənab İlham Əliyevin 2004-cü il 31 yanvar tarixli “Azərbaycan  Qızıl  Aypara  Cəmiyyətinə  dövlət  qayğısının artırılması  haqqında”, 2007-ci il 22 may tarixli “Azərbaycan Qızıl Aypara  Cəmiyyətində çalışan işçilərin əməkhaqlarının dövlət büdcəsindən maliyyələşdirilməsi haqqında”, 2008-ci il 7 aprel tarixli “Qızıl Aypara  gününün təsis edilməsi haqqında” sərəncamları cəmiyyətin fəaliyyətinin dövlətimizin diqqətində olduğunun göstəricisidir. Sərəncamlara əsasən cəmiyyətin maddi-texniki bazası yaxşılaşdırılmış, icra hakimiyyəti və özünüidarəetmə orqanlarının cəmiyyətin yerli təşkilatlarının sosial, tibbi sağlamlıq və xeyriyyəçilik proqramlarının həyata keçirilməsinə köməklik göstərməsi təmin olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIV Baş Məclisinə göndərdiyi məktubda söylənilən fikirlər cəmiyyətin fəaliyyətinə verilən qiymətin təzahürüdür: “Respublikamızın müasir ictimai və sosial həyatında Qızıl Aypara Cəmiyyəti özünəməxsus yer tutur, humanizm və könüllülük prinsiplərinə əsaslanaraq qayğıya ehtiyac duyan insanlara lazımi yardım göstərir”.
    Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi də dövlətin qayğısından lazımınca bəhrələnir. 2008-ci il yanvarın 10-da komitə yeni inzibati bina ilə təmin olunmuş, maddi-texniki baza yaxşılaşdırılmış, xidməti və yük avtomobilləri verilmiş, əməkdaşların səmərəli fəaliyyətinə hərtərəfli şərait yaradılmışdır. Son illər kollektivin sosial təminatının gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlər görülmüş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 1 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi işçilərinin əməkhaqları 25, 2010-cu il 1 sentyabr və 2011-ci il 1 dekabr tarixli sərəncamlarına əsasən isə 10 faiz artırılmışdır. Ali Məclis Sədrinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi işçilərinin əməkhaqları 10 faiz, 2016-cı ilin fevral ayında isə əlavə 10 faiz artırılmışdır. 2018-ci ildə komitəyə yeni NİVA markalı minik avtomobili verilmişdir. 2019-cu ilin sentyabr ayında komitə işçilərinin əməkhaqları əlavə olaraq artırılmışdır. 2022-ci ilin yanvar ayında isə komitə işçilərinin əməkhaqları əlavə olaraq 20 faiz artırılmışdır.
    Tərkibində 1 şəhər, 7 rayon bölməsi fəaliyyət göstərən komitənin 580 ilk təşkilatı və 37 mindən artıq üzvü vardır. Hazırda komitə öz işini 4 şöbə əsasında qurur. Belə ki, Axtarış xidməti şöbəsi Stalin repressiyası, İkinci Dünya müharibəsi və miqrasiya zamanı itkin düşənləri axtarır, həmçinin qaçqın və məcburi köçkünlər üçün lazımi sənədləri bərpa edir. Komitənin Gənclər və könüllülərlə iş şöbəsi gələcəyimiz olan gənclər arasında sağlamlığın təmin edilməsi məqsədilə idman, gigiyena, təmizlik və təbiətin mühafizəsi kimi tədbirlərin təşkili ilə məşğul olur. Eyni zamanda yeniyetmə və gənclərə fövqəladə hallarda ilk tibbi yardımın göstərilməsinə dair məlumatlar verilir. XX əsrin vəbası adlandırılan QİÇS xəstəliyinə yoluxmamaq üçün onlar arasında maarifləndirici söhbətlər aparılır. Təşkilati iş şöbəsi muxtar respublikada fəaliyyət göstərən idarə və müəssisələrdə komitənin ilk təşkilatlarını yaradır və Qızıl Aypara hərəkatı haqqında seminar və treninqlər təşkil edir. Bununla yanaşı, komitənin şəhər və rayon bölmələrinin işinə nəzarəti də həyata keçirir. Digər şöbə isə fövqəladə hallarla bağlı əhali arasında bilikləri artırmaqla və bu sahədə müvafiq tədbirlər görməklə məşğul olur. Bunun nəticəsi olaraq 2017-ci ilin yanvar ayında fövqəladə hallara hazırlıq çərçivəsində Bakı şəhərindən hər biri beş nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş 30 çadır komitəyə gətirilmişdir. 2020-ci ilin sentyabr ayında pandemiya ilə əlaqədar olaraq xüsusi qayğıya ehtiyacı olan ailələr üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən ayrılmış 320 qutu ərzaq məhsulları və 320 qutu gigiyenik dezinfeksiya ləvazimatları muxtar respublikaya gətirilmiş, şəhər və rayonlarda xüsusi qayğıya ehtiyacı olan 320 ailəyə paylanılmışdır.
    Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin kollektivi bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, humanizm və xeyirxahlıq ideyalarının qoruyucusu və təşkilatçısı kimi fəaliyyətini daha da artıracaqdır.

Naxçıvan Muxtar Respublikası
Qızıl Aypara Komitəsi

Nəşr edilib : 09.03.2022 20:24