AZ EN RU

Heydər Əliyev yolunun uğurla davam etdirilməsi blokadada yaşayan Naxçıvanı yüksək iqtisadi inkişafa qovuşdurub

1969-cu ildən elan olunmuş siyasi-iqtisadi müstəqillik kursu ölkəmizə və muxtar respublikaya yeni həyat bəxş edib

Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsiz və əvəzsizdir. Mənalı həyatını doğma xalqına həsr edən Ümummilli Liderimiz bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət edib, ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə ölkəmizi inamla irəliyə aparıb. Bu baxımdan 14 iyul 1969-cu il müstəqil Azərbaycan dövlətçiliyinin təməlinin qoyulduğu dövrün başlanğıc günü kimi tarixdə yer alıb. Həmin gün sadəcə, respublika rəhbərinin seçim günü yox, bundan daha çox Milli Liderin rəhbərliyə gəlişi günü idi. Məhz bu tarixdən başlayaraq Azərbaycan ətalətin, geriliyin daşını atıb, öz tarixi taleyinin sahibi oldu. Ümummilli Liderimizin siyasi rəhbərliyinin birinci dövründə Azərbaycan başqa müttəfiq respublikaların 50 ildə keçdiyi inkişaf yolunu 14 ilə qət edib. 14 il ərzində Azərbaycanda 250-dən çox zavod, fabrik, istehsalat sahələri tikilib istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası da məhz 1969-cu ildən sonra inkişafa qovuşub. Aparılan kompleks tədbirlər sayəsində 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı üç dəfə artıb, Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Genişmiqyaslı quruculuq işləri nəticəsində Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb. Bütün uğurlara aparan yolun təməli isə 1969-cu il iyulun 14-də qoyulub. Buna görə də həmin tarix həmişə yaddaşlarımızda yaşayır, həmişə xatırlanır.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazası gücləndirilib, müasir hərbi infrastruktur yaradılıb

“Azərbaycanın dövlət sərhədi Azərbaycanın müstəqilliyini, suverenliyini nümayiş etdirən amildir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi müstəqil dövlət quruculuğu tədbirləri sırasında sərhəd qoşunlarının formalaşması və inkişafı mühüm yer tutur. Həmin dövrdə Sovetlər Birliyinin muxtar respublikadakı sərhədlərində 41-ci Sərhəd Dəstəsi dayanırdı. Sərhədin Ordubad və Sədərəkdən keçən hissəsinin mühafizəsini aparan sərhəd zastavaları isə Ermənistandakı sərhəd dəstəsinin tabeliyində idi. Ulu Öndərin təşəbbüsü ilə həmin zastavalar Naxçıvandakı 41-ci sərhəd dəstəsinə birləşdirildi. Bunun ardınca 41-ci sərhəd dəstəsi də bütün əmlakı və silah-sursatı ilə birlikdə Naxçıvan Muxtar Respublikasının tabeliyinə verildi. 1992-ci il avqustun 22-də Naxçıvandakı sərhəd dəstəsində üçrəngli bayrağımız qaldırıldı və bununla da Azərbaycanın ilk milli sərhəd dəstəsinin təməli qoyuldu. Ümummilli liderimiz Heydər Əliyev bu barədə deyirdi: “Biz keçmiş Sovet İttifaqının, sonra isə Rusiyanın 41-ci Sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının 1-ci dəstəsi yaradıldı. Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, hətta gələcək nəsillər tərəfindən layiqincə qiymətləndirilməlidir”.

Bu il yaranmasının 30-cu ildönümü tamam olan “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır, hərbi qulluqçulara yüksək dövlət qayğısı göstərilir. Muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri bu gün yeni mərhələyə qədəm qoyub, sərhədçilərin xidmət və məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. İyunun 1-də - Milli Qurtuluş Günü ərəfəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığı üçün yeni kompleksin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar və tarixi gün - Milli Qurtuluş Günü ərəfəsində “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 1-ci Sərhəd Komendantlığının xidməti-yaşayış kompleksinin istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını, diviziyanın bütün şəxsi heyətini və sərhədçi ailələrini təbrik edib. Ali Məclisin Sədri deyib: “Milli Qurtuluşun bəhrələrindən biri də güclü və qüdrətli Azərbaycan Ordusudur. Ulu Öndərin rəhbərliyi ilə Naxçıvandan başlanan ordu quruculuğu işlərinin davamı olaraq Azərbaycan Silahlı Qüvvələri tam formalaşdırılmış, bu tədbirlər sırasında Naxçıvanda dövlət sərhədlərimizin mühafizəsi işi də diqqətdə saxlanılmışdır. Ölkə Prezidenti cənab İlham Əliyev də Ümummilli Liderin yolunu davam etdirərək ordu quruculuğuna və sərhədlərimizin etibarlı mühafizəsinə diqqəti artırmış, dövlət başçısının müvafiq fərmanları ilə 2004-cü ildə Naxçıvan Sərhəd Dəstəsinin bazasında “Naxçıvan” Sərhəd Diviziyası yaradılmış, 2015-ci ildə Sərhəd Diviziyası “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına çevrilmişdir. Muxtar respublikada sərhədlərimizin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələdədir. Ötən dövrdə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının mərkəzi qərargahı yenidən qurulmuş, 14 sərhəd zastavası, eləcə də 2 sərhəd komendantlığı üçün yeni yaşayış və xidmət kompleksləri istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, sərhədçi ailələrinin məişət şəraiti yaxşılaşdırılmışdır”.

Ali Məclisin Sədri bu işlərin həyata keçirilməsində əməyi və xidməti olanlara təşəkkür edərək deyib ki, bütün bunlar Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir.

“Sərhəd hər bir ölkənin müstəqilliyini təsdiq edən amil, sərhədlərin etibarlı mühafizəsi isə inkişaf və sabitlik deməkdir”,-deyən Ali Məclisin Sədri bildirib ki, ona görə də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik dövlət sərhədini bundan sonra da etibarlı mühafizə etməli, hərbi intizama ciddi əməl olunmalı, sərhəd nəzarəti və xidməti fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmalıdır.

Muxtar respublika rəhbəri bu vəzifələrin icrasında “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinə uğurlar arzulayıb, onları qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə təbrik edib, çıxışını Prezident İlham Əliyevin “Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun”, - fikirləri ilə tamamlayıb.

Sonra Ali Məclisin Sədri yaradılan şəraitlə maraqlanıb, sərhədçi ailələrinə rahat həyat arzulayıb, bütün muxtar respublika uşaqlarını 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təbrik edib. Uşaqlara hədiyyələr təqdim edən Ali Məclisin Sədri mənzillərdə yaradılan şəraitlə tanış olub. Muxtar respublika rəhbəri qurulanların qorunması, nizam-intizama diqqət yetirilməsi və xidmətin təşkili barədə tapşırıqlar verib.

Fəaliyyətləri ilə fərqlənən insanların əməyi yüksək qiymətləndirilir

Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası Ulu Öndərin yolu ilə inamla irəliləyir. Bunun nəticəsidir ki, sosial, iqtisadi, siyasi və mədəni həyatın bütün sahələrində uğurlar qazanılır. Ölkəmizin inkişafında öz sahələri üzrə fərqlənənlərin əməyinin qiymətləndirilməsi də bu tədbirlərin davamıdır. İyunun 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Tərəqqi” medalı, “Rəşadətli əməyə görə” nişanı və Prezident mükafatları təqdim olunub.

Ali Məclisin Sədri təltif olunanları təbrik edərək deyib: “Təltiflər ölkəmizdə əlamətdar gündə - Milli Qurtuluş Günü ərəfəsində təqdim olunur. Əgər Milli Qurtuluş Günü olmasaydı, ölkəmizdə bugünkü sabitlik, inkişaf və tərəqqi də olmazdı. Ulu öndər Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan inkişaf edir, eyni zamanda, çalışdıqları sahələrdə fərqlənənlərin əməyi dövlətimiz tərəfindən qiymətləndirilir”.

Ali Məclisin Sədri təltif olunanları qarşıdan gələn Milli Qurtuluş Günü münasibətilə təbrik edib, gələcək işlərində uğurlar arzulayıb, sonra “Tərəqqi” medalını, “Rəşadətli əməyə görə” nişanını və Azərbaycan Respublikası Prezidentinin mükafatlarını təqdim edib.

Muxtar respublika bələdiyyələrinə yeni kommunal təyinatlı texnikalar verilib

Muxtar respublikada həyata keçirilən kompleks quruculuq işlərinin nəticəsidir ki, bütün yaşayış məntəqələri həm müasir görkəm alır, həm də təmizliyi və abadlığı ilə diqqəti cəlb edir. Eyni zamanda, yaşayış məntəqələrində kommunal xidmətlərin yaxşılaşdırılması, məişət tullantılarının yığılması və daşınması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bunun üçün kənd və qəsəbələrdə bələdiyyələr üçün müasir tələblərə cavab verən kommunal təyinatlı texnikalar alınır, onlar öz ərazilərində məişət tullantılarının yığılması, müvafiq sahələrə daşınması və zərərsizləşdirilməsini həyata keçirirlər. Son 4 il ərzində Ali Məclis Sədrinin tapşırığına əsasən 75 kommunal təyinatlı texnika, 4 xidməti minik avtomobili, 1360 məişət tullantısı konteyneri bələdiyyələrin və kommunal təsərrüfatı idarələrinin istifadəsinə verilib. Bələdiyyələr öz işləri ilə yanaşı, qonşu bələdiyyə ərazilərinə də müqavilə əsasında xidmət göstərmə imkanına malikdirlər. İyunun 8-də muxtar respublika bələdiyyələrinə təqdim olunan kommunal təyinatlı 13 traktor və qoşqusunun vəsaiti bələdiyyələrin öz yığımları və gəlirləri hesabına ödənilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri işini günün tələbləri səviyyəsində quran bələdiyyələrə təşəkkür edərək deyib: “Bələdiyyələrin istifadəsinə verilən texnikalar fəaliyyətlərini xeyli yaxşılaşdıracaq, ərazidə abadlıq və təmizlik işlərinin vaxtında aparılmasını təmin edəcəkdir. Lakin bələdiyyələrin fəaliyyəti bununla məhdudlaşmamalı, rayon və şəhər icra hakimiyyətləri bələdiyyələrlə sıx əməkdaşlıq etməli, illik proqramlar tərtib olunmalı, fəaliyyət proqramları hazırlanıb həyata keçirilməlidir. Bu gün yerlərdə müxtəlif işlər həyata keçirilir, kaptajlar, artezian quyuları qazılır, əhalinin su təminatını yaxşılaşdırmaq üçün kəhrizlər təmizlənir, içməli su şəbəkələri qurulur, abadlıq işləri aparılır, yollar, qaz, elektrik xətləri yenilənir. Bütün bunların qorunmasında, səmərəli istifadəsində bələdiyyələr də iştirak etməlidirlər”.

Ali Məclisin Sədri bələdiyyələrin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə və qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirib, onlara işlərində uğurlar arzulayıb. Muxtar respublika rəhbəri təmizlik işlərinin diqqətdə saxlanılması, texnikalardan səmərəli istifadə olunması, sudan istifadə ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.

Şəhid ailələrinə və qazilərə mənzillər və avtomobillər təqdim olunub

Bu gün muxtar respublikada insan amili həyata keçirilən işlərin, çoxşaxəli islahatların başlıca hədəfidir. Son illər sosial qayğıya ehtiyacı olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlara nəqliyyat vasitələrinin verilməsi reallaşdırılan sosial tədbirlər içərisində xüsusi yer tutur. İyunun 9-da – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvanda 5 şəhid ailəsinə və qaziyə mənzillər, 6 qaziyə isə avtomobillər təqdim olunub.

Heydər Əliyev Muzeyində bu münasibətlə keçirilən tədbirdə Ali Məclisin Sədri çıxış edərək deyib: “Azərbaycan xalqının tarixində mühüm əhəmiyyətə malik olan əlamətdar gün - Milli Qurtuluş Günü ərəfəsində şəhid ailələrinə və müharibə iştirakçılarına mənzillər və avtomobillər təqdim olunur. Milli Qurtuluş Günü müstəqil dövlətçiliyimizin və ərazi bütövlüyümüzün təminatıdır. 1993-cü il iyunun 15-də ümummilli liderimiz Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və işğal təhlükəsindən xilas edərək sabitlik və inkişafa qovuşdurmuşdur. Milli Qurtuluşun bəhrəsi olaraq güclü Azərbaycan dövləti və onun qüdrətli ordusu yaradılmış, torpaqlarımız işğaldan azad olunmuş, tarixi Zəfər qazanılmışdır. Ölkə Prezidenti İlham Əliyevin də dediyi kimi, “1993-cü ildə ölkəmiz demək olar ki, parçalanırdı, vətəndaş müharibəsi gedirdi və məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz bu ağır sınaqdan üzüağ çıxa bildik. Məhz bugünkü Zəfərin təməli, bax o vaxt qoyulmuşdur”.

“Milli Qurtuluşdan başlanan yol xalqımızın rifahını yüksəltmiş, sosial islahatların əhatə dairəsi genişlənmişdir”, - deyən Ali Məclisin Sədri bildirib ki, bu tədbirlər sırasında şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğı, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Təqdim olunan yeni mənzillər və avtomobillər də bu diqqətin daha bir ifadəsidir.

Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, şəhid ailələrinə və qazilərə yeni mənzillərində rahat həyat arzulayıb, onları qarşıdan gələn Milli Qurtuluş Günü, eləcə də mənzillər və avtomobillərlə təmin olunmaları münasibətilə təbrik edib, mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib.

Naxçıvanda keçirilən “STEAM təhsil festivalı” təhsil sahəsində əldə edilən uğurların növbəti göstəricisidir

Son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur - gənclərimizi rəqəmsal texnologiyalar dövrünə hazırlamaq. Nəzərə alaq ki, müasir dövr özü ilə bir sıra yeni peşələr formalaşdırır, PUA və dron istifadəçiləri, smartfon texnikləri və digər bu kimi yeni peşələr yaranır. Gələcəkdə analitik düşüncə və innovativlik, kreativlik, emosional intellekt kimi yeni bacarıqlar daha çox lazım olacaq. Ona görə də şagirdlər yaşadıqları dövrə uyğun ixtiralar etmək üçün hazır olmalıdırlar. Bunun üçün şagirdlərə məktəb yaşlarından rəqəmsal səriştələr aşılanmalı, onlar yeni bacarıqlar qazanmalıdırlar. Bu mənada, təhsildə yeniliklərə böyük ehtiyac yaranır. Müasir dövrün tələblərinə uyğun təhsil sisteminin qurulması üçün isə başlıca hədəflərdən biri inteqrativ tədris təcrübəsinin inkişafının təmin olunmasıdır. Bu baxımdan Elmdən (Science), Texnologiyadan (Technology), Mühəndislikdən (Engineering), İncəsənətdən (Art) və Riyaziyyatdan (Math) güc alan, fənlər arasında keçidi təmin edən STEAM layihəsi inteqrativ tədris təcrübəsinin uğurlu tətbiqini təmin edən istiqamət kimi əhəmiyyət kəsb edir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il iyunun 7-də “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamda Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzinin yaradılması, ümumtəhsil məktəblərində STEAM kabinələrinin qurulması və “STEAM təhsil festivalı”nın keçirilməsi nəzərdə tutulub. Ali Məclis Sədrinin müvafiq Sərəncamına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təhsil metodunun tətbiqinə başlanılıb. Qısa müddətdə 106 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb. Əlavə olaraq 50 ümumtəhsil məktəbində kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir, Naxçıvan şəhərində STEAM Təlim-Tədris Mərkəzi qurulur. Bu günədək 400-ə yaxın müəllim STEAM təlimlərinə cəlb edilib, 7 dərslik hazırlanaraq nəşr olunub. Tədris ili ərzində ümumtəhsil məktəblərinin şagirdlərinin STEAM layihələri üzrə 7 müsabiqə keçirilib. Görülən işlərin nəticəsi olaraq muxtar respublikadan olan şagirdlər “STEAM Azərbaycan Festivalı-2021” və “TEKNOFEST-Azərbaycan” festivalında iştirak edərək uğurlu nəticələr əldə ediblər.

İyunun 11-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “STEAM təhsil festivalı” keçirilib. Ali Məclisin Sədri festivalda iştirak edib, tələbə və şagirdlərin STEAM layihələri ilə tanış olub. Muxtar respublika rəhbəri Təhsil televiziyası və radiosunun fəaliyyəti ilə də maraqlanıb, gənclərin inkişafına xidmət edən layihələrə üstünlük verilməsi barədə tapşırıqlar verib.

Ali Məclisin Sədri təşkilatçılara təşəkkür edərək deyib: “Uşaqlar ölkəmizin gələcəyidir. Müdriklərin dediyi kimi, bir ölkənin gələcəyini bilmək istəyirsənsə, onun gəncliyinə nəzər salmalısan. Gənclik də yaradılan şəraitdən səmərəli istifadə edir. Bu da imkan verəcək ki, onlar gələcəkdə hazırlıqlı və peşə sahibi gənclər kimi formalaşsınlar. Bu gün inkişaf yeni texnologiyalar üzərində qurulub. Yeni texnologiyaları bilmədən heç bir peşəni öyrənmək olmaz. Ona görə də bu işlər davam etdirilməli, mütəxəssis hazırlığı diqqətdə saxlanılmalıdır”.

Festival gün ərzində davam edib, hər kateqoriyadan qaliblər müəyyənləşdirilib, ümumilikdə 99 şagird və tələbə mükafatlandırılıb.

Baytarlıq xidmətinin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması heyvandarlığın inkişafına səbəb olur

Qida təhlükəsizliyinin təmin olunmasında baytarlıq təbabətinin mühüm rolu vardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” muxtar respublikada bu sahədə ardıcıl tədbirlərin görülməsinə, əhalinin keyfiyyətli ət və süd məhsullarına olan tələbatının ödənilməsinə hesablanıb. Hazırda muxtar respublikada baytarlıq təbabətinin inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir, Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası gücləndirilir. Ötən illər ərzində Dövlət Baytarlıq Xidməti, Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, Baytarlıq Laboratoriyası, Naxçıvan Şəhər Baytarlıq İdarəsi üçün binalar yenidən qurularaq əsaslı təmir olunub, Şərur, Sədərək, Şahbuz, Babək, Kəngərli rayon baytarlıq idarə və laboratoriyaları üçün yeni binalar tikilib, soyuducu kameralar quraşdırılıb. Hazırda Culfa Rayon Baytarlıq Şöbəsi üçün binanın tikintisi davam etdirilir. Təkcə 2021-ci ildə Şərur rayonunun Şəhriyar, Dərvişlər, Çərçiboğan, Ordubad rayonunun Nüsnüs, Vələver, Dırnıs, Aşağı Əndəmic və Yuxarı Əndəmic, Babək rayonunun Arazkənd və Göynük kənd mərkəzlərində sahə baytar məntəqələri üçün otaqlar ayrılaraq zəruri avadanlıqlarla təchiz edilib və ət satışı mağazaları istifadəyə verilib.

Xidmət tərəfindən mütəmadi olaraq mal-qara və ev quşları arasında xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə və dezinfeksiya işləri aparılıb, epizootiya əleyhinə, bioloji təhlükəsizliyin qorunması məqsədilə tədbirlər görülüb, Dövlət Baytarlıq Xidməti bu ilin sonunadək tələb olunan miqdarda vaksin preparatları ilə təmin olunub. 2021-ci ildə muxtar respublikada heyvandarlıq sahəsinə 1 milyon 745 min manat, bu ilin ötən dövründə isə 556 min 800 manat həcmində kredit verilib ki, bu da iri fermer təsərrüfatlarının formalaşmasına, yeni emal müəssisələrinin yaradılmasına səbəb olub. Hazırda muxtar respublikada heyvandarlıqla məşğul olan 12 sahibkar 100-1000 baş arası iribuynuzlu, 425 sahibkar 100-500 baş, 39 sahibkar isə 500 başdan yuxarı xırdabuynuzlu heyvan saxlayır. Heyvandarlıq məhsullarının artırılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasında və xəstəliklərin qarşısının alınmasında süni mayalandırmanın böyük əhəmiyyəti vardır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublika üzrə süni mayalandırma yolu ilə 79 min 385 baş cins bala alınaraq sahibkarlara 4 milyon manatdan artıq subsidiya ödənilib. Həmçinin “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnikalar gətirilərək sahibkarlara lizinq qaydasında verilib. Bu ilin ötən dövründə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Naxçıvan Muxtar Respublikasının xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad statusu alması məqsədilə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət heyətlə birlikdə muxtar respublikanın kənd təsərrüfatlarından, ümumilikdə, 4646 baş xırdabuynuzlu heyvandan seçmə üsulu ilə alınmış qan nümunələri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib, xırdabuynuzlu heyvanların taunu və digər xəstəliklərin törədicilərinə rast gəlinməyib.

İyunun 13-də Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində baytarlıq təbabəti sahəsində görülən işlər və qarşıda duran vəzifələr barədə səyyar müşavirə keçirilib, yeni avtomobil və laboratoriya avadanlıqlarının təqdimatı olub.

Ali Məclisin Sədri tədbirdə çıxış edərək deyib: “Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması tədbirləri sırasında heyvandarlığın inkişafı xüsusi yer tutur. Müstəqillik illərində muxtar respublikada iribuynuzlu mal-qaranın və xırdabuynuzlu heyvanların sayı 3, arı ailələrinin sayı 12, ev quşlarının sayı isə 8 dəfə artmışdır. Təbii ki, heyvandarlığın inkişafı baytarlıq xidmətinin də günün tələbləri səviyyəsində qurulmasını zərurətə çevirmiş, Dövlət Baytarlıq Xidmətinin maddi-texniki bazası möhkəmləndirilmiş, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Dövlət Texniki Kollecində müvafiq ixtisaslar açılmış, kəndlərdə baytarlıq məntəqələri istifadəyə verilmişdir. “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunması da bu sahədə fəaliyyəti gücləndirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanından sonra isə muxtar respublikada fərdi baytarlıq xidmətinə keçid təmin olunmuşdur. Baytarlıq təbabəti ərzaq və qida təhlükəsizliyi ilə yanaşı, həm də insan sağlamlığına xidmət edir. Ona görə də bu sahədə islahatlar davamlı həyata keçirilməlidir”.

Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verib, qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb. Sonra yeni avtomobil və laboratoriya avadanlıqlarına baxıb, baytarlıq xidməti sahəsində fəaliyyətin təşkili və avadanlıqlardan səmərəli istifadə olunması barədə tapşırıqlar verib.

Ötən dövrdə Heydər Əliyev adına Hərbi Liseyi 3 mindən artıq kursant bitirib

Sovetlər Birliyi dövründə ilk hərbi məktəbi təsis etməklə bu sahədə kadr hazırlığına başlayan Ulu Öndər 1992-ci ildə Naxçıvanda ilk Milli Ordu qurumunu yaradıb, ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrini formalaşdırıb. Müstəqillik dövründə ölkəmizdə həyata keçirilən ordu quruculuğu tədbirləri sırasında Ümummilli Liderimizin Sərəncamı ilə 1998-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialının yaradılması xüsusi yer tutur. Ötən dövrdə Ümummilli Liderin arzuları reallığa çevrilmiş, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2004-cü ildə filialın əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradılıb. Hərbi lisey Azərbaycan Ordusunun komandan-zabit heyətinin formalaşdırılması işinə öz töhfəsini verib. 56 kursantla fəaliyyətə başlayan liseydə hazırda 310 kursant təhsil alır. Ötən dövrdə hərbi liseyi 3 mindən artıq kursant bitirib. Liseyin kursantları hərbi xidmət dövründə nizam-intizamı, bilik və bacarığı, hərbi səriştəsi ilə daim seçiliblər. İkinci Qarabağ müharibəsində də Heydər Əliyev adına Hərbi Liseyin məzunları qəhrəmanlıq göstərib, şəhidlik zirvəsinə yüksəliblər.

İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 22-ci buraxılışı münasibətilə tədbir keçirilib. Tədbirdə iştirak edən Ali Məclisin Sədri Heydər Əliyev adına Hərbi Liseyin 22-ci buraxılışı münasibətilə kursant, zabit və müəllimləri, valideynləri və bütün tədbir iştirakçılarını təbrik edib. Ali Məclisin Sədri şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirərək deyib: “Ölkəmizdə ordu quruculuğu yeni mərhələdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin yolunu uğurla davam etdirərək ordumuzun döyüş qabiliyyətinin artırılması və peşəkar komandan-zabit heyətinin formalaşdırılması sahəsində ardıcıl tədbirlər görür, hərbi təhsil sistemi təkmilləşdirilir. Eyni zamanda, hərbi hissələrin maddi-texniki bazası gücləndirilir, xidməti yaşayış kompleksləri istifadəyə verilir. Bu gün müasir hərbi məktəblərdə təhsil aldığınız kimi, gələcəkdə də hər cür imkanlara malik hərbi hissələrdə xidmət edəcəksiniz. Siz qalib ölkənin qalib ordusunun zabiti adını daşıyacaqsınız. Bu, böyük şərəf və məsuliyyət deməkdir. Ona görə də ali hərbi təhsil illərində hərbi bilikləri və texnologiyaları dərindən mənimsəməli, qarşıya qoyulan döyüş tapşırıqlarının icrasına hər an hazır olmalısınız. Sizdən əvvəlki məzunların xidməti fəaliyyəti hər biriniz üçün nümunə olmalı, bu illər ərzində formalaşmış ənənə davam etdirilməlidir”.

“Zabit olmaq üçün təkcə hərbi və fiziki hazırlıq kifayət etmir”,- deyən Ali Məclisin Sədri Ulu Öndərimizin “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir zabit vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır” fikirlərini xatırladaraq bildirib ki, gələcəkdə hansı ali hərbi məktəbdə təhsil almağınızdan asılı olmayaraq çalışmalısınız ki, fiziki və hərbi hazırlıqla yanaşı, həm də peşəkar, vətənpərvər və dövlətçiliyinə bağlı hərbçilər kimi formalaşasınız. Tariximizə, dəyərlərimizə sahib çıxmaq, xidməti borcunuzu şərəflə yerinə yetirmək qarşınızda duran əsas vəzifələrdir. Ali Məclisin Sədri bu vəzifələrin icrasında, gələcək təhsildə və xidmətdə kursantlara uğurlar arzulayıb, onları bir daha buraxılış münasibətilə təbrik edib.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, onları mükafatlandırıb. Ali Məclisin Sədri hərbi liseyin yataqxanasında olub, kursantların məişət şəraiti ilə maraqlanıb, ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib. Muxtar respublika rəhbəri valideynlərlə görüşüb, vətənpərvər övladlar yetişdirdikləri üçün onlara təşəkkürünü bildirib, bir daha hərbi liseyin buraxılışı münasibətilə təbriklərini çatdırıb.

Ölkəmizdə ilk dəfə Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibbi Forum tarixi hadisə kimi yadda qalıb

Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi islahatların başlıca istiqamətidir. Müstəqillik illərində muxtar respublikada 200-dən artıq səhiyyə müəssisəsi tikilib, ən son tibbi avadanlıqlar quraşdırılıb. Müasir tələblər səviyyəsində qurulmuş xəstəxanalar muxtar respublika səhiyyəsini yeni inkişaf mərhələsinə çıxarıb. Hazırda Naxçıvanda 28 muxtar respublika, şəhər, rayon, qəsəbə və kənd sahə xəstəxanası, mərkəz və dispanser, birlik, eləcə də 85 həkim ambulatoriyası, 94 feldşer-mama və tibb məntəqəsi vasitəsilə əhaliyə hərtərəfli tibbi xidmət göstərilir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin də fəaliyyəti təmin edilib. Muxtar respublikada ixtisaslı kadr hazırlığına da diqqət yetirilib. 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin fəaliyyətə başlaması və ötən dövrdə keçdiyi böyük yol muxtar respublikada ixtisaslı həkim hazırlığı sahəsində mühüm mərhələdir. Bütün bunların nəticəsidir ki, muxtar respublikada insan sağlamlığının başlıca şərti olan sanitar-epidemioloji vəziyyət sabitdir.

Bu faktlar iyunun 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən Birinci Beynəlxalq Tibbi Forumda vurğulanıb. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2022-ci il iyunun 10-da “Naxçıvan Muxtar Respublikasında Birinci Beynəlxalq Tibbi Forumun keçirilməsi haqqında” Sərəncam imzalayıb, forumun keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, Endoskopik Laparoskopik Cərrahi Dərnəyinin fəxri sədri Cavid Avcı, Türkiyənin Yeditəpə Universitetinin rektoru Canan Aykut Bingöl, Qaradəniz Texniki Universitetinin rektoru Hamdullah Çuvalcı və forum iştirakçıları əczaçılıq məhsullarının və tibbi avadanlıqların sərgisinə baxıblar. Bildirilib ki, foruma 20-dən artıq tədris və tibbi ləvazimat, dərman və qida məhsulları istehsalı və satışı həyata keçirən şirkət qatılıb.

Açılış tədbirində çıxış edən Ali Məclisin Sədri Birinci Beynəlxalq Tibbi Forumun iştirakçılarını qədim Azərbaycan torpağı Naxçıvanda salamlayaraq deyib: “Sağlam cəmiyyətin formalaşmasında səhiyyənin mühüm rolu vardır. Ona görədir ki, tarixən tibb elminə, həkimlik sənətinə qayğı insanlığa qayğı kimi dəyərləndirilmişdir. Müasir dövrdə də ölkələrin inkişafında əhalinin sağlamlıq səviyyəsi və tibbi xidmətlə təminat əsas göstərici hesab olunur. Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə bu məsələni diqqətdə saxlamış, Azərbaycanda səhiyyə quruculuğu geniş vüsət almışdır. Ulu Öndərin əsasını qoyduğu səhiyyə islahatları ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ali Məclisin Sədri Naxçıvanda keçirilən Birinci Beynəlxalq Tibbi Forumun dünyanın mötəbər universitetlərini təmsil edən tanınmış həkim və mütəxəssislər arasında birgə elmi tədqiqatların və fikir mübadiləsinin aparılmasında faydalı olacağına inamını ifadə edib, təşkilatçılara təşəkkürünü bildirib, forumun işinə uğurlar arzulayıb və çıxışını ümummilli liderimiz Heydər Əliyevin “Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır. Çünki insan nə qədər sağlam olsa, öz sahəsində o qədər də yeni ixtiralar edəcək, nailiyyətlər qazanacaq və cəmiyyəti irəli aparacaqdır. Ona görə də mən belə hesab edirəm ki, həkimlik sənəti, yəni insanın sağlamlığının qorunması və müxtəlif xəstəliklərdən xilas edilməsi, onun daha da çox yaşaması üçün çalışan sahə daim inkişaf etməlidir”, - fikirləri ilə tamamlayıb.

Çıxış edənlər forumun keçirilməsinə göstərilən dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə iştirakçılar adından minnətdarlıq ediblər. Qeyd olunub ki, unikal tərkibə malik forumda Naxçıvan Muxtar Respublikasında keçirilməsi uzun illər ərzində qurulan müasir səhiyyə infrastrukturu və tibb təhsilinin keçdiyi dinamik inkişaf yolunun uğurlu yekunu kimi yüksək əhəmiyyətə malikdir.

Muxtar respublikada hərbi infrastruktur müasirləşdirilib, 300-dən artıq hərbi təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsində doğma Naxçıvanımız güclü müdafiə qüdrətinə malikdir. Zabit-gizir ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin orduya, hərbi qulluqçulara və onların ailələrinə göstərdiyi qayğının daha bir ifadəsi, dövlət-xalq-ordu birliyinin təzahürüdür.

İyunun 25-də - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Şahbuz şəhərində hərbçi ailələri üçün yeni xidməti yaşayış binası istifadəyə verilib, 20 ildən artıq qüsursuz xidmət edən 7 hərbçiyə mənzillər təqdim olunub. Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri tədbir iştirakçılarını salamlayıb, 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Şahbuz şəhərində hərbçi ailələri üçün yeni xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edib.

Ali Məclisin Sədri deyib: “Ümummilli Liderin ordu quruculuğu strategiyasının bəhrəsi olaraq Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyi təmin edilmişdir. Müstəqillik illərində muxtar respublikada motoatıcı briqadadan Əlahiddə Ümumqoşun Ordusuna, sərhəd dəstəsindən “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına qədər böyük yol keçilmiş, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası yaradılmış, Silahlı Qüvvələrin bütün qoşun növləri üzrə xidməti döyüş fəaliyyəti günün tələblərinə uyğun qurulmuşdur. Bununla yanaşı, muxtar respublikada hərbi infrastruktur da müasirləşdirilmiş, 300-dən artıq hərbi təyinatlı obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sözsüz ki, bu illər ərzində ordu quruculuğu sahəsində qazanılmış ən böyük nailiyyət hərbi qulluqçuların döyüş hazırlığının artırılması, qarşıya qoyulan vəzifə və tapşırıqları yüksək hərbi səriştə, peşəkarlıq və vətənpərvərliklə yerinə yetirən şəxsi heyətin formalaşdırılması olmuşdur. Vətən müharibəsində Naxçıvandan olan hərbçilərin göstərdikləri hərbi şücaət bunu bir daha təsdiq etdi. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.

“Naxçıvanda hərbçi ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması da ordu quruculuğu tədbirləri sırasında xüsusi yer tutur”,- deyən Ali Məclisin Sədri bildirib ki, hər il yeni yaşayış kompleksləri tikilir, 20 ildən artıq qüsursuz xidmət edən hərbçilər mənzillə təmin olunurlar. İstifadəyə verilən yeni xidməti yaşayış binası da bu sahədə görülən işlərin davamıdır. Bu gün qalib ölkə kimi Silahlı Qüvvələr Gününü qeyd edirik. Bunun bir səbəbi qüdrətli ordu və güclü iqtisadiyyata malik olmağımızdırsa, ən başlıca səbəb isə ölkə Prezidenti tərəfindən ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsidir.

Ali Məclisin Sədri qəhrəman şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, bir daha Silahlı Qüvvələr Günü münasibətilə təbriklərini çatdırıb. Sonra 20 ildən artıq qüsursuz xidmət edən hərbi qulluqçulara mənzillər verilib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillər təqdim olunur. Ölkə Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində 20 ildən artıq qüsursuz xidmət edən 7 hərbçi mənzillə təmin olunur.

Ali Məclisin Sədri polkovnik Yusif Axundova, ehtiyatda olan polkovnik-leytenant Fərman Rəhimova, polkovnik-leytenant Hikmət Gəncəliyevə, baş gizir Əkrəm Məmmədova, gizir Rauf Bağırova, istefada olan baş gizir Şahlar Kazımova və gizir Fərad Məmmədova mənzillərin orderlərini təqdim edib. Hərbçilərə təqdim olunmuş təmirli mənzillər Naxçıvan, Şərur, Babək və Şahbuz şəhərlərində yerləşir.

Sonra Ali Məclisin Sədri hərbçi uşaqlarına hədiyyələr verib, binada yaradılan şəraitlə maraqlanıb. Bina ilə tanışlıqdan sonra hərbçi ailələri ilə görüşüb. Ali Məclisin Sədri xalq-ordu birliyinin nümunəsi kimi hərbi hissələrə istehsal etdikləri məhsullardan sovqat aparan, ordu ilə həmrəylik nümayiş etdirən muxtar respublika sakinlərinə təşəkkürünü bildirərək deyib: “Bu birlik ordunun qüdrətini daha da artırır, ordu quruculuğu tədbirlərinin uğurla aparılmasına imkan verir. Ordunun möhkəmlənməsi isə müstəqilliyimizin möhkəmlənməsi deməkdir. Əlamətdar gündə xidməti yaşayış binasının istifadəyə verilməsi, qüsursuz xidmət edən hərbçilərə mənzillərin təqdim olunması dövlətimizin orduya olan diqqətinin göstəricisidir”.

Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub

Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilib, yerli və beynəlxalq uçuşların təhlükəsiz təşkili təmin olunub. Xüsusilə aparılan quruculuq işləri, müasir infrastrukturun yaradılması hava limanında xidmətin səviyyəsini xeyli yüksəldib.

İyunun 28-də Naxçıvan Beynəlxalq Hava Limanında yeni teleskopik trapın və maşın-mexanizmlərin təqdimatı olub. Ali Məclisin Sədri hava limanında aparılan tikinti-quraşdırma işləri ilə maraqlanıb, maşın-mexanizmlərə baxıb.

Görülən işlərlə tanışlıqdan sonra kollektivlə görüş olub. Ali Məclisin Sədri çıxış edərək deyib: “Ölkə Prezidentinin tapşırığı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2021-ci il iyunun 23-də Naxçıvan Beynəlxalq Hava Limanı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tabeliyinə verilmişdir. Bu müddətdə Naxçıvan Beynəlxalq Hava Limanında müxtəlif işlər həyata keçirilmişdir. İstifadəyə verilən üçüncü teleskopik trap və yeni alınmış texnikalar da bu tədbirlərin davamıdır. Hava limanında bu işlərin görülməsi vacib idi. 2022-ci ilin ötən dövründə Naxçıvan Beynəlxalq Hava Limanında yerli hava xətti üzrə 175 minə yaxın, beynəlxalq hava xətti üzrə isə 3500-ə yaxın sərnişin daşınmışdır. Sərnişin və təyyarələrin sayının artması xidmətin də müasir tələblərə uyğun qurulmasını zəruri edir. Muxtar respublikada hava nəqliyyatı sahəsində sərnişin sıxlığı iyun-avqust ayları arasında daha çox olur. Ona görə də Naxçıvan Beynəlxalq Hava Limanının öz vəsaiti hesabına qısa müddətdə maşın-mexanizmlər alındı, tikinti işləri aparılaraq sərnişinlərin rahatlığı təmin olundu”.

Ali Məclisin Sədri bu işləri həyata keçirənlərə təşəkkürünü bildirib, kollektivə təbriklərini çatdırıb, qurulanların qorunması, sərnişinlərə nümunəvi xidmət göstərilməsi barədə tapşırıqlar verib.

Bu gün blokadada yaşayan Naxçıvanda yüksək iqtisadi inkişafın əldə edilməsi Heydər Əliyev yolunun möhtəşəm təntənəsidir

Bu gün blokadada yaşayan Naxçıvanda yüksək iqtisadi inkişafın əldə edilməsi Heydər Əliyev yolunun möhtəşəm təntənəsidir. Muxtar respublikada məhz Ulu Öndərimizin təməlini qoyduğu inkişaf strategiyasına əsaslanan alternativsiz siyasi xəttin uğurla davam etdirilməsi nəticəsində bütün sahələrdə yeni-yeni uğurlar əldə olunur. Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar da ardıcıl olaraq böyük inkişafa və sosial rifahın daha da yaxşılaşdırılmasına ünvanlanır. Ötən ayın nəticələri bir daha deməyə əsas verir ki, dünyada cərəyan edən mürəkkəb iqtisadi və humanitar proseslərin, pandemiyanın fonunda muxtar respublikada səmərəli və şəffaf idarəçiliyin olması, uzunmüddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanması, bütün istiqamətlər üzrə həyata keçirilən təxirəsalınmaz və sistemli tədbirlər qədim diyarımızın davamlı inkişafını bundan sonra da təmin edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dediyi kimi: “Bu gün ölkəmizin və muxtar respublikamızın sosial-iqtisadi, elmi və mədəni həyatında gedən proseslərin kökündə fəal yaradıcı gücə malik olan Heydər Əliyev milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır”.

Rauf Kəngərli

Nəşr edilib : 16.07.2022 18:36