AZ EN RU

Heydər Əliyev siyasəti

Hər birimiz üçün oxunmalı və öyrənilməli olan bir elm

    Tarixi böyük şəxsiyyətlər yaradırlar. Və gördükləri cahanşümul işləri ilə də bu tarixi səciyyələndirirlər. Belə şəxsiyyətlərə məxsus olan ən yüksək və ali keyfiyyət xalq və Vətən qarşısındakı borcu yerinə yetirməkdə fədailik göstərməkdir. Bu onların həyat kredosudur. Həmin nöqteyi-nəzərdən yanaşsaq, XX əsr xalqımız üçün tarixdə əbədi yaşamaq hüququ qazanmış bir əsr, XXI əsr isə bu tarixin məntiqi davamıdır.

    Ötən əsrin 60-cı illərinin sonlarını, daha doğrusu, 1969-cu ilin avqust ayından bu tərəfi xatırlayanlar bir daha bu həqiqəti təsdiq edərlər ki, Azərbaycan tarixinin o vaxtdan başlanan dövrü Heydər Əliyev siyasətinin xalqın xoşbəxtliyinə, dövlətimizin dirçəlməsinə yönəldilmiş təntənəsi – Heydər Əliyev dövrüdür. Bütövlükdə, Azərbaycançılıqla yoğrulmuş, tarixi soy-kökdən qaynaqlanaraq millilik təməli üzərində qurulmuş, minilliklərin sınağından çıxan mənəvi dəyərlərimizə söykənmiş Heydər Əliyev siyasəti o dövrdə çoxlarının təsəvvürünə belə gətirməyə ehtiyat etdiyi bir siyasət idi. Çünki “Parçala, əz, hökm sür” siyasəti aparıcı rol oynayan bir imperiyada “kiçik əyalət xalqları”nın “böyük qardaşları”nın göstərişlərindən kənara çıxmağa heç bir haqları ola bilməzdi. Çünki bu “qardaşlar” ucqarlarda yaşayan xalqlara heç də bərabər olmayan “bərabərlik”, həmçinin “sülh” və “qardaşlıq” bəxş etmişdi. Bu, “ərməğanların bəhrəsi”ni biz əvvəllər də görmüşdük, kulminasiyasını isə bizimlə yanaşı, bir bayraq altında toplaşan digər millətlər də 1988-90-cı illərdə gördülər. Bütün bu olacaqları görkəmli dövlət xadimi Heydər Əliyev hələ hakimiyyətə gələndə bilirdi. Milli azlıqların da arzularının əbədi və əzəli istək, insanın insan kimi yaşamaq hüququ olduğunu da bilirdi, bu cür düşünənlərə qarşı qırmızı imperiyanın qısqanclığının nə üstündə qurulduğunu da. Və onların təzyiqlərini də hiss edirdi. Xarakterində geriyə yol olmadığı üçün çox düzgün olaraq düşünürdü ki, haqqa, ədalətə söykənən fəaliyyətin qabağına yuxarıların sipər çəkmək istəyi nəhəng selin qabağını kəsməyə cəhd göstərmək kimi bir işdir.
    Xalqın keşməkeşli, mübarizələrlə dolu tarixini əsl vətəndaş, vətənpərvər dövlət başçısı kimi yaxşı bildiyindən başı min bir bəla çəkmiş millətin layiq olduğu səviyyədə yaşamasını təmin etmək, “Yoxdur millətimin imzası bu imzalar içində” fəryadı qarşısına çıxmaq üçün rastlaşdığı bütün maneələri dəf etməyə də gücü çatdı. Çünki xalqını aydınlığa çıxarmaq üçün əfsanəvi Danko kimi ürəyini qoymuşdu bu yolda.

        Mən yanmasam, 
        Sən yanmasan
        Necə çıxar
        qaranlıqlar aydınlığa? – 

    idealı ilə mübarizə aparan Heydər Əliyev uzaqgörənliyi onun bütün çoxsahəli fəaliyyətində təzahür edirdi və yaşamaq, qurub-yaratmaq ümidini yenidən qaytardığı üçün bu böyük şəxsiyyəti xalq özünün arxası, dayağı bilirdi. Təkcə bu günümüz barədə düşünmürdü xalqımızın böyük oğlu. Sabaha olan övladlıq borcunu unutmayaraq intellektual səviyyəli vətənpərvər kadrlar yetişdirmək, gələcək üçün güclü potensial yaratmaq və dövləti məhz bu potensiala təhvil vermək istiqamətində atdığı addımlar ali bir məqsədə söykənmişdi: düşmən qabağında heç vaxt əyilməyən, sınmayan bir millətin övladları ulu babalarından onlara qalan mirası – milli-mənəvi və maddi-mədəni dəyərləri qoruyub saxlamalı, gələcək nəsillərə çatdırmalıdırlar. Bu ülvi idealın da təməlində gələcəyimizə soy-kökümüzdən doğan cavabdehlik hissləri dururdu.
    ...Çoxlarımızın yaşadığı, yaxşı xatırladığı o günləri xarakterizə etmək tariximizin 35 illik bir dövrünün salnaməsini yaratmaq deməkdir – şərəfli və öyünüləsi bir dövrünün. Tarixə yazılmış bu salnamənin hər kiçik detalı o günlərimizin inkişaf və tərəqqi tarixidir; cild-cild kitablara, böyük zamanlara sığmayan bu tarixin ən böyük hadisəsi məhz dahi şəxsiyyət Heydər Əliyevdir. Buna görə də Heydər Əliyev ömrü, Heydər Əliyev ictimai-siyasi fəaliyyəti ölməzdir; daha böyük nailiyyətlər qazanmaq üçün sınaqdan çıxmış proqram sənədimizdir; hər birimiz üçün oxumalı, öyrənməli olan örnək və qürur mənbəyidir.
    Dönməz qətiyyəti və möhkəm iradəsi, dərin zəkası ilə siyasət aləmində tanınmağa başlayanda Sovetlər Birliyində vahid idarəçilik prinsipi mövcud idi. Bu prinsiplərdən imtina etmək – köhnə stereotiplərdən əl çəkmək barədə düşünməyə belə dəyməzdi. Heydər Əliyev şəxsiyyətinin böyüklüyü məhz o vaxt üzə çıxmağa başladı. 15 müttəfiq respublika içərisində ən geridə qalan ucqar əyalət hesab olunan Azərbaycan qısa bir müddətdə öz müdrik və uzaqgörən başçısının rəhbərliyi ilə iri addımlarla irəliləməyə başladı. Respublikamız xalq təsərrüfatının bütün sahələrində kosmik sürətli yüksəliş yoluna qədəm qoydu. İqtisadiyyatmız yeni əsaslarla qurulmağa başladı. Təhsil, səhiyyə, mədəniyyət qısa bir müddət ərzində on illərin inkişaf yolunu keçdi. Mərkəzlə yanaşı, respublikanın ucqar yerlərində belə tikinti-quruculuq işləri geniş vüsət aldı. Görkəmli dövlət xadiminin şəxsi keyfiyyətləri, yüksək nüfuzu sayəsində mərkəzdən alınan maliyyə dəstəyi hesabına ehtiyac duyulan bir sıra istehsal müəssisələri yaradıldı. Fabrik və zavodlar işə düşdü. Yaşayış obyektləri, mədəni-maarif ocaqları inşa olundu. Uzun illər kök salmış bir sıra qlobal problemlərin həlli yollarında qəti addımlar atıldı.
    Postsovet məkanının onu gözü götürməyən bəzi liderləri respublikada bu güclü inkişafı “üzəngi parıldatmaq” kimi qəbul etsələr də, sonralar öz qənaətlərində yanıldıqlarını başa düşdülər. Və belə bir şəxsiyyəti sanki yenidən tanımağa başladılar. Mərkəzi Komitənin Siyasi Bürosuna üzvlüyə namizəd seçilməsi isə çoxlarının kürkünə birə saldı. Çünki o öz əqidəsinə sadiq qalaraq belələrinin çirkin əməllərlə məşğul olmalarına imkan vermirdi. 1982-ci ildə Siyasi Büro üzvlüyünə namizədlikdən üzvlüyə keçirilən Ulu Öndər Sovet İttifaqına rəhbər vəzifəyə aparıldı. Bu isə onun işgüzar fəaliyyətinə verilən qiymət idi. Və bu böyük şəxsiyyət, Ümummilli Lider bu posta layiq olduğunu öz fəaliyyəti ilə sübut etdi.
    ...Qarşıda isə onu bir vaxtlar ayağa qaldırdığı, lakin fəaliyyətləri şəxsi ambisiyaları üzərində qurulan başıboş dövlət rəhbərlərinin səriştəsizliyi ucbatından günü-gündən geri düşən Azərbaycan gözləyirdi. Sonralar Ulu Öndər özü də deyəcəkdi ki, öz əllərimlə qurduğum Azərbaycanın belə vəziyyətə düşməsinə biganə, laqeyd qala bilməzdim. Xalqın tələbi ilə yenidən ölkə­mizə hakimiyyətə qayıdan Heydər Əliyev bugünkü Azərbaycanı sıfırdan qurmağa başladı. Qarşılaşdığı heç bir çətinlik görkəmli siyasət xadimini qorxutmadı. Çoxillik idarəetmə təcrübəsi, kadrlarla işləmək bacarığı, şəxsi nüfuzu və ən başlıcası Böyük Azərbaycançılığı, vətənpərvərliyi hesabına qarşısına qoyduğu məqsədə nail ola bildi.
    “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda deyilir: “Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən Azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur”.
    Bu gün dünyanın ən məşhur siyasətçiləri belə Heydər Əliyev təliminin ən mükəmməl təlim olduğunu etiraf edirlər. Bu təlimin bəhrələridir ki, Azərbaycan dünyada tanınıb, söz sahibi olub. Bu təlim oxunmalı və öyrənilməli olan bir elmdir. 

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 11.01.2023 20:05