AZ EN RU

“Heydər Əliyev kuboku” uğrunda basketbol turniri başa çatıb

    Ümummilli liderin anadan olmasının 99-cu ildönümünə həsr olunan muxtar respublika turniri Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində keçirilib.
     İki gün davam edən yarış ümumtəhsil müəssisələrinin basketbol idman klublarını əhatə edib. 8 komandanın mübarizəsində qalib və mükafatçılar olimpiya sistemi əsasında müəyyənləşib. Gənclər və İdman, Təhsil nazirlikləri ilə Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan turnirin rəsmi açılış mərasimində milli musiqi və rəqs nümunələrindən ibarət konsert proqramı təşkil olunub. Sonra final görüşünə start verilib. Həlledici matçda “Ordubad”ı 31:15 hesabı ilə məğlub edən “Naxçıvan” əsas mükafata sahib çıxıb. Ordubadlılar ikinci olublar. “Şərur” isə yarışı üçüncü sırada tamamlayıb. 
    Mükafatlandırmadan öncə gənclər və idman naziri Ramil Hacı və federasiya sədri Elbrus İsayev çıxış edərək ümummilli lider Heydər Əliyevin ölkə idmanının inkişafı yolundakı əvəzsiz xidmətlərindən bəhs edib, dahi şəxsiyyətin idmançılara daim himayədarlıqla, qayğı ilə yanaşdığını diqqətə çatdırıb. Qeyd edilib ki, Naxçıvan basketbolunun inkişafı istiqamətində də məqsədyönlü addımlar atılır. Hakim və məşqçi hazırlığı, idmançıların təcrübə artımı və beynəlxalq əlaqələrin genişləndirilməsinə diqqət yetirilir. 
    Çıxışlarda muxtar respublikada gənclərin hərtərəfli inkişafı və idmana göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq ifadə olunub. 
    Ardınca ilk üçlükdə qərarlaşan komandalar və üzvləri diplom və hədiyyələrlə təltif ediliblər. Turnirin əsas mükafatı – “Heydər Əliyev kuboku” “Naxçıvan” komandasına təqdim olunub. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 19.05.2022 20:11