AZ EN RU

“Heydər Əliyev İli” müstəqil Azərbaycanın tarixinə mühüm hadisələr, yeni qələbə və nailiyyətlərlə dolu bir il kimi yazılacaq

    Azərbaycanı tarixin ən çətin sınaqlarından  çıxaran, onun mövcudluğunu əbədi edən, adı dünyanın axarını dəyişən böyük tarixi şəxsiyyətlərlə bir sırada çəkilən, qeyri-adi siyasi bacarığı və böyüklüyü hər kəs tərəfindən etiraf olunan dahi lider, ideal rəhbər, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Dövlət başçısının Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında 2022-ci il 29 sentyabr tarixli Sərəncamı xalqımızın Ulu Öndərinin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, eyni zamanda  milli qürur və iftixar mənbəyimiz olan Dahi Liderin zəngin və çoxşaxəli siyasi irsini yenidən öyrənmək, tədqiq etmək istəyənlər üçün böyük əhəmiyyətə malikdir. Bu mənada, Naxçıvan ictimaiyyətinin bu əlamətdar illə bağlı düşüncələrini eşitmək istədik.

    İsmayıl Hacıyev – AMEA Naxçıvan Bölməsinin sədri, akademik: – Müasir Azərbaycan dövlətinin banisi və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımızın taleyində, dövlətimiz və tariximiz qarşısında xidmətləri misilsizdir. Ulu Öndər Azərbaycana rəhbərliyinin birinci dövründə  özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük uğurlara nail olmuş, Azərbaycanımızı tənəzzül girdabından xilas edərək inkişaf etmiş respublika səviyyəsinə çatdırmışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə Azərbaycan Respublikasına rəhbərlik etməsi ilə müstəqil dövlətimiz parçalanmaqdan, real vətəndaş müharibəsi təhlükəsindən qurtarmışdır. Ulu Öndər ölkəmizi gözləyən təhlükələrdən xilas etdiyi kimi, onu həm də beynəlxalq aləmin nüfuzlu dövlətinə yüksəltmiş, siyasi lider kimi Ümummilli Lider səviyyəsinə qalxmışdır. Bu dünyada az-az təsadüf edilən hadisədir.
    Müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100 illiyinin milli tariximizdə misilsiz mövqeyə layiq qeyd edilməsi üçün Prezident cənab İlham Əliyevin xüsusi Sərəncamla 2023-cü ili “Heydər Əliyev İli” elan etməsi xalqımızın öz Ümummilli Liderinə məhəbbətini yüksək səviyyədə təcəssüm etdirir. Böyük öndərimiz Azərbaycançılıq ideyasının müəllifi kimi Azərbaycan tarixində həmişəlik yaşayır. Dahi şəxsiyyət Azərbaycançılıq məfkurəsini milli dövlət ideologiyası səviyyəsinə qaldırmış lider kimi Azərbaycan tarixində əbədiyaşarlıq qazanıb, dünya dövlətçilik təcrübəsində və Azərbaycan dövlətçiliyi tarixində ən universal dövlət xadimidir. Görkəmli dövlət xadiminin bioqrafiyasından kənarda müasir Azərbaycanın dövlətçilik tarixi mövcud deyil. Beynəlxalq aləmdə Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev yada düşür. Bu, çoxminillik dövlətçilik tariximizdə xüsusi bir hadisədir.
    Ümummilli Liderin müstəqil dövlət quruculuğu siyasətini Azərbaycan Prezidenti cənab İlham Əliyev uğurla davam və inkişaf etdirir. Ən böyük uğurlarımızdan biri Ulu Öndərin yaratdığı möhtəşəm əsaslar üzərində onun Qarabağın xilas edilməsi arzusunun gerçəkləşməsi, Vətən müharibəsində qazanılmış tarixi Zəfərdir.

    Ülviyyə Həmzəyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,  Azərbaycan Respublikasının Əməkdar rəssamı: – Naxçıvan Muxtar Respublikasında mədəniyyət, incəsənət, o cümlədən təsviri sənətin böyük inkişaf yolu keçməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1970-ci ildə yaradılan Azərbaycan Rəssamlar İttifaqının Naxçıvan Təşkilatı 1971-ci ildə məhz dahi şəxsiyyətin diqqəti və qayğısı işığında Birliyə çevrilib. Ümummilli Lider Heydər Əliyev Naxçıvanda o dövr yetəri qədər yaşayıb-yaradan, professional rəssamların müraciəti ilə, təşkilatın yaradılması üçün lazımi dövlət strukturlarına göstəriş verib. Sonralar Naxçıvan rəssamlarının sərgilərində, 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin ilk binasında sərgiyə baxmağa gəlib. Naxçıvana gəlişində Ulu Öndər sənət adamları ilə görüşüb, söhbət edib, məsləhətlər verirdi.
    Ümummilli Liderimizin rəssamlıq sahəsində əsasını qoyduğu ənənələr bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin, o cümlədən muxtar respublikada yaşayıb-yaradan rəssamların yaradıcılıq imkanlarının artırılması, onlar üçün münasib şəraitin yaradılması həmişə dövlətimizin nəzərində olub. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üçün yeni bina istifadəyə verilib, rəssamların çalışdığı köhnə emalatxanalar yeniləri ilə əvəzlənib, Birliyin 40, 50 illik yubileyləri dövlət səviyyəsində qeyd edilib, gənc rəssamların yetişməsi, rəssamlıq sənətinin tədrisi üçün hərtərəfli şərait yaradılıb. Rəssamların fərdi sərgilərinin açılması, onların albom-kataloqlarının, ensiklopediyaların hazırlanıb nəşr etdirilməsi, tanınan sənətkarlarımızın fəxri adlar və dövlət mükafatları ilə təltif olunması bu diqqətin bariz nümunəsidir. Bildirim ki, 2012-ci ildən Rəssamlar Birliyi tərəfindən keçirilən “Naxçıvan – bəşəriyyətin beşiyi” Beynəlxalq Rəsm Festivalı bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub. Naxçıvan rəssamları Ümummilli Liderimizin əziz xatirəsini  həmişə yaşadır və bundan sonra da  yaratdıqları rəsm əsərlərində  yaşadacaqlar. 

    Asim Yadigar – Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair: – Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının dünyaya bəxş etdiyi nadir, tarixi şəxsiyyətlərdən biridir. Azərbaycanın bütün sahələrdə qazandığı böyük uğurlarda bu böyük insanın, dahi şəxsiyyətin əməyi danılmazdır. Azərbaycanı dünya ölkələri içərisində tanıdan Ulu Öndər xalqımızın yaddaşında xilaskar kimi yaşayır və əbədi yaşayacaqdır. Ötən əsrin 90-cı illərində Moskvadan Naxçıvana qayıdan Ümummilli Lider Heydər Əliyev əsl xilaskar kimi qədim diyarımıza yeni həyat bəxş etdi, ona nicat yolu göstərdi, qədim diyarımızı erməni işğalından qoruya bildi:

    Tufanlar, qasırğalar tüğyan edən zamanda
    Gəldi Ulu Öndərim Simurqun qanadında,
    Sönmüş, donmuş çöhrələr gül açdı Naxçıvanda.
    Gözümüzün işığı, nuru, ziyası gəldi,
    Anam Azərbaycanın Heydər dühası gəldi!

   Heydər Əliyevin Naxçıvana gəlişi həm də Azərbaycanın müstəqillik uğrunda savaşına yeni bir təkan verdi. Müstəqilliyə gedən yolumuzun ilk bünövrə daşları da məhz elə bu qədim diyarda qəbul olunan siyasi qərarlarla atıldı. 
       Ulu Öndər ziyalıların və ziyalılığın himayədarı kimi yazıçıların, şairlərin, bir sözlə, ədəbiyyatşünasların dayağı olmuşdur. Ölkəyə rəhbərliyinin hər iki mərhələsində şair və yazıçılarla görüşə, onların yubileylərinə xüsusi qayğıkeşliklə yanaşmışdır. Bu gün Prezident cənab İlham Əliyev bu yolu davam etdirir.  Ulu Öndərimizin 100 illiyi ilə əlaqədar ölkəmizdə və dünyada ən möhtəşəm tədbirlər keçiriləcək, ölkənin yazıçı və şairləri də bu ilə öz töhfələrini verəcəklər. 

    Elbrus İsayev – Naxçıvan Dövlət Universitetinin rektoru, dosent: – Bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi xəbəri cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılandığı kimi Naxçıvan ziyalılarının təmsil olunduğu Naxçıvan Dövlət Universitetinin də kollektivi tərəfindən yüksək rəğbət və ehtiramla qarşılanır.  
    Məlum olduğu kimi, Azərbaycan Respublikasında milli ziyalılığın, orta və ali təhsilin sürətli inkişafı görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə üzvi surətdə bağlıdır. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkənin ümumi inkişafı naminə elm və təhsil məsələləri dövlətin və cəmiyyət həyatının ön mövqeyinə çəkilmişdir. Müdrik və uzaqgörən siyasətçi Heydər Əliyev Azərbaycanı bütün yönləri ilə inkişaf etdirmək işində dərin bilikli, yüksəkixtisaslı, vətənpərvər mütəxəssislərin hazırlanmasını zəruri şərtlərdən biri saymışdır. Bu məqsədlə, ilk növbədə, respublikamızda mövcud olan ali məktəblərin maddi-texniki və tədris bazası daha da möhkəmləndirilmiş,  ölkədə bir sıra yeni ali təhsil müəssisələri yaradılmışdır.
    Azərbaycanın ali məktəblər ailəsində özünəməxsus yeri və mövqeyi olan Naxçıvan Dövlət Universitetinin formalaşma və inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük və əvəzsiz xidmətləri vardır. Bu ali təhsil ocağı özünün müxtəlif mərhələlərdəki inkişaf və tərəqqisi üçün məhz Dahi Rəhbər Heydər Əliyevə borclu və minnətdardır. Hazırkı Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin 1972-ci il 12 iyun tarixli Fərmanı ilə həmin filialın bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılıb. Müstəqil ali məktəbin yaradılması regionun elmi-mədəni inkişafına, burada ziyalı potensialının artmasına, maarifçilik hərəkatına müsbət təsir göstərib. Pedaqoji İnstitut sonralar – 1990-cı il 29 dekabrda Naxçıvan Dövlət Universitetinin təşkili üçün münbit elmi-pedaqoji baza funksiyasını yerinə yetirib. Ali təhsil müəssisəsinin qurulması və inkişafında xüsusi xidmətləri olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müxtəlif vaxtlarda (1974, 1992 (iki dəfə) və 1999-cu illərdə) 4 dəfə Naxçıvan Dövlət Universitetində olmuşdur. Naxçıvan Dövlət Universitetində çalışan alimlərin elmi-pedaqoji fəaliyyəti görkəmli dövlət xadimi  Heydər Əliyev tərəfindən hər dəfə yüksək qiymətləndirilib, universitetin əməkdaşlarına “Əməkdar elm xadimi”, “Xalq rəssamı”, “Əməkdar müəllim”, “Əməkdar incəsənət xadimi” fəxri adlarının verilməsi burada fəaliyyət göstərən professor-müəllim heyətinin daha məsuliyyətlə və inamla işləmələrinə təkan verib.  Bu gün qürur hissi ilə qeyd edirik ki, görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Dövlət Universitetinin fəxri doktorudur. Universitet Elmi Şurası bu tarixi qərarı ilə Ulu Öndərin bütövlükdə, milli ali təhsilin, o cümlədən Naxçıvan Dövlət Universitetinin inkişafındakı misilsiz xidmətləri qarşısında özünün mənəvi borcunu yerinə yetirib.
    Bu gün Naxçıvan Dövlət Universiteti Heydər Əliyev siyasi kursunun, dövlətçilik təliminin işığında təhsil islahatlarını məqsədyönlü şəkildə həyata keçirir, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında ciddi uğurlar əldə edir. Müzəffər Ali Baş Komandan  cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ali məktəbi, eləcə də Naxçıvan Dövlət Universiteti yeni inkişaf mərhələsində maddi-texniki bazanın möhkəmləndirilməsi, ali təhsilin keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqat işlərinin səmərəliliyinin daha da artırılması, nəhayət, dünya  universitetlərinə inteqrasiya baxımından özünün yeni həyatını yaşayır.
    Göründüyü kimi, Naxçıvan Dövlət Universitetinin keçdiyi yol müstəqil Azərbaycan dövlətində ali təhsilin inkişaf etdirilməsi sahəsində Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla reallaşdırılmasının mühüm nəticələrindən biridir. Naxçıvan Dövlət Universitetinin çoxminli kollektivi bundan sonra da Heydər Əliyev ideyalarının işığında inkişafı və müasirləşməni fəaliyyətinin əsas meyarı hesab edir.

    Cəbi Quliyev – Azərbaycan Respublikası Milli Məclisinin deputatı,  Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru: – Müstəqilliyimizin ilk illərində Azərbaycanın bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üzə-üzə qalması, iqtisadi-sosial və siyası böhran xalqımız üçün çətin tarixi bir dövr kimi yaddaşlara yazılıb. Belə bir ağır dönəmdə məhz xalqın tələbi ilə Ulu Öndərin yenidən ölkə hakimiyyətinə qayıtması qurtuluşun tək çarəsi idi. Ümummilli Lider Heydər Əliyev istər XX əsrin 70-ci illərindən başlayaraq SSRİ məkanında bütün göstəricilər üzrə sonunculardan olan Azərbaycanı ən yüksək pillələrə qaldırması ilə gələcək müstəqil Azərbaycanın ilkin təməllərini artmış,  müstəqilliyin ilk günlərindən böhran vəziyyətinə düşmüş ölkəni qurtarmaqla yanaşı, dünyada söz sahibi bir dövlətə çevirmişdir. Bu böyük siyasi xadim XXI əsrə işıq tutan ideologiyanın banisi, Azərbaycan xalqının daim böyük ehtiramla yad etdiyi dahi şəxsiyyət kimi əbədi yaşayacaq. “Əsrin müqaviləsi”nin imzalanması, yeni nəqliyyat dəhlizlərinin inşasına başlanması, uğurlu ordu quruculuğu, təhsil, səhiyyə, mədəniyyət sahəsində yenidən quruculuq dövrünün başlanması, Azərbaycançılıq ideologiyasının ətrafında dünya azərbaycanlılarının birləşdirilməsi gələcək Azərbaycanın ən mühüm və taleyüklü problemlərinin həll edilməsi, uğurlarının başlanması demək idi.  Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsası Ümummilli Lider tərəfindən qoyulub. Ulu Öndər hər zaman gənclərə xüsusi qayğı ilə yanaşır, sağlam, müasir düşüncəli yeni nəslin yetişdirilməsini mühüm vəzifə hesab edirdi. Bu gün Dahi Liderin ideyaları əsasında yetişən gənclik öz ağlı, savadı ilə ölkəmizin daha da inkişafına töhfəsini verir. 
    Ulu Öndər 2003-cü ilin oktyabr ayının 1-də Prezident seçkiləri ərəfəsində xalqa müraciəti zamanı Azərbaycanın gələcək yol xəritəsini elan edərək, siyasi varisi kimi ölkə başçısı cənab İlham Əliyevi seçməklə Azərbaycan tarixində yeni dövrün başlanğıcını qoymuş oldu. Ulu öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev ötən dövrdə onun üzərinə düşən bütün məsələləri həll etməklə öz adını Azərbaycan tarixinə yazdırdı. 
    Ölkəmiz Prezident cənab İlham Əliyevin liderliyi ilə sosial-iqtisadi göstəricilərinə görə dünyanın ən qabaqcıl dövlətlərindən birinə çevrilib. Əminliklə deyə bilərik ki, Heydər Əliyev yoluna sədaqət, bu yoldan dönməzlik Azərbaycanı daha böyük uğurlara, nailiyyətlərə aparacaqdır. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi, sadəcə, Ulu Öndərin 100 illik yubileyi ilə əlamətdar olmaqla kifayətlənməyəcək, bu il həm də Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın tarixinə mühüm hadisələrlə, yeni qələbə və nailiyyətlərlə dolu bir il kimi yazılacaq. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 23.01.2023 19:48