AZ EN RU

Həyata keçirilən məqsədyönlü tədbirlər əhalinin dinamik artımına müsbət təsir göstərir

    Muxtar respublikada əhalinin səmərəli məşğulluğunun təmin edilməsi üzrə həyata keçirilən ardıcıl tədbirlər, səhiyyənin davamlı inkişafı və  sağlam ekoloji mühitin formalaşdırılması əhali artımına müsbət təsir göstərir.
    İnsan amilinə verilən dəyərin nəticəsidir ki, muxtar respublikada 1 yanvar 2022-ci il tarixə əhalinin sayı 2011-ci ilin sonu ilə müqayisədə 44,5 min nəfər artaraq 463 min nəfər olub. Ümumi əhalinin 95,6 min nəfəri Naxçıvan şəhərində, 111,7 min nəfəri Şərur, 76,8 min nəfəri Babək, 50,4 min nəfəri Ordubad, 47,4 min nəfəri Culfa, 33,1 min nəfəri Kəngərli, 25,3 min nəfəri Şahbuz, 22,7 min nəfəri Sədərək rayonlarında qeydə alınıb.
    Ümumi əhalinin 231,3 min nəfərini kişilər, 231,7 min nəfərini isə qadınlar təşkil edib.  Əhalinin 35,4 faizi şəhər, 64,6 faizi isə kənd yerlərində yaşayır.
    Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 84 nəfər olub ki, bu da 2011-ci ilin sonu ilə müqayisədə 8 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir. Burada bir kvadratkilometrə 499 nəfər düşür.
    2021-ci ildə muxtar respublikada 4068 körpə doğumu qeydə alınıb. Doğulanların 2136-nı və ya 52,5 faizini oğlanlar, 1932-ni və ya 47,5 faizini isə qızlar təşkil edib. Doğulan uşaqlardan 47-si əkiz olub. 2021-ci ildə muxtar respublikada doğulan oğlan uşaqlarına Yusif, Əli, Hüseyn, Uğur və Məhəmməd, qız uşaqlarına isə Zəhra, Aylin, Məryəm, Fatimə və Zeynəb adları daha çox verilib. Ümumilikdə, son 10 ildə muxtar respublikada 65,1 min uşaq doğulub.
    2021-ci ildə ölüm göstəricisi muxtar respublikada əhalinin hər 1000 nəfərinə hesabı ilə 6,3 nəfər olmuşdur. 1 yaşa qədər uşaq ölümü göstərici isə hər 1000 doğulana hesabı ilə 4,9 nəfər təşkil edib. 
    2021-ci ildə muxtar respublikada 2675 nikah bağlanmış, nikaha girənlərdə orta yaş həddi kişilərdə 28,4, qadınlarda isə 24,1 yaş təşkil edib. 2012-ci ildən 1 yanvar   2022-ci il tarixədək muxtar respublikada 27 min nikah qeydə alınıb.
    Muxtar respublika iqtisadiyyatının davamlı inkişafı, keyfiyyətli ərzaqla təminat və digər mühüm tədbirlər bundan sonra da yeni doğulanların sağlam böyüməsinə və daha uzunömürlü yaşamalarına şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası Dövlət 
Statistika Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 28.02.2022 20:10