AZ EN RU

Həmzəli kəndində telekommunikasiya şəbəkəsi yenidən qurulur

    Muxtar respublikanın sosial-iqtisadi inkişafı hər bir yaşayış məntəqəsini əhatə edib. İstər şəhər, istərsə də kənd yaşayış məntəqələrində aparılan genişmiqyaslı abadlıq-quruculuq tədbirləri çərçivəsində müasir rabitə infrastrukturu yaradılır, yeni avadanlıqlar quraşdırılmaqla xidmətlərin səviyyəsi ilbəil yüksəldilir.

    Şərur rayonunun Həmzəli kəndində də yeni sosial obyektlər inşa olunur, geniş abadlıq işləri görülür. Kənddə rabitə infrastrukturunun yenidən qurulması, xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və sakinlərin genişzolaqlı internet xidmətlərindən yararlanması istiqamətində mərhələli şəkildə zəruri tədbirlər həyata keçirilir. Yeni inşa edilən kənd mərkəzində rabitə evinin də fəaliyyət göstərməsi nəzərdə tutulur, 192 nömrə tutumlu yeni nəsil Avtomat Telefon Stansiyasının qurulması istiqamətində məqsədyönlü işlər görülür. Həmçinin kabel-kanalizasiya qurğuları inşa edilir, hava rabitə xətləri yeraltı xətlərlə əvəz olunur, fiber-optik xətlər çəkilir. Bu məqsədlə 70 ədəd yeni metal rabitə dirəyinin basdırılmasına başlanılıb, eyni zamanda 550 metr fiber-optik xətlər və müxtəliftutumlu kabellər çəkilir, yeni paylayıcı şkaf və abonent qutuları əlavə edilməklə telekommunikasiya şəbəkəsi yenidən qurulur.
    Bunlarla yanaşı, rayonun Zeyvə, Qarxun, Aşağı Aralıq, Püsyan, Mahmudkənd, Sərxanlı, Düdəngə, Oğlanqala, Məmmədsabir və digər kəndlərində də sakinlərin qarşılaşdığı rabitə xidmətləri ilə bağlı problemlərin aradan qaldırılması üçün yararsız rabitə dirəkləri dəyişdirilib, müxtəliftutumlu kabellərdən istifadə edilərək rabitə xətlərindəki nasazlıqlar aradan qaldırılıb. Şərur Sənaye Məhəlləsinə və Şərur Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində inşa edilmiş kabel kanalizasiya qurğuları vasitəsilə yeraltı olaraq fiber-optik xətlər çəkilib. 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.08.2022 19:02