AZ EN RU

“Hazır mühasib – Naxçıvan” layihəsinə start verilib

    Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi ilə İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı əsasında ərsəyə gələn layihəyə start verilib. Açılış tədbirində mərkəzin direktoru Mehriban İmanova çıxış edərək mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib, layihənin əhəmiyyəti haqqında danışıb. Bildirilib ki, “Hazır mühasib-Naxçıvan” layihəsinin reallaşdırılması muxtar respublikada kadr hazırlığına və gənclərin karyera quruculuğuna dəstək olmaq məqsədi daşıyır. Onlayn şəkildə təşkil olunacaq kursun ödənişsiz həyata keçiriləcəyi və 5 aya yaxın bir müddəti əhatə edəcəyi qeyd edilib. 
    İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təsisçisi Radil Fətullayev mərkəz haqqında geniş məlumat verərək bildirib ki, layihədə  iştirak  tələbə və gənclərə beynəlxalq standartlara uyğun maliyyə hesabatlarını hazırlayıb təqdim etmək, beynəlxalq mühasibat uçotu ilə vergi uçotu arasında olan fərqləri öyrənmək, bir sözlə, mühasibat sahəsi ilə bağlı  nəzəri və praktik biliklərin artırılması bacarıqlarını qazandıracaq.
    Sonda layihə ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.04.2022 21:01