AZ EN RU

Hamiliyə verilmiş tələbələrlə görüş olub

    Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Texniki Kollecinin Yol hərəkətinin təşkili ixtisası üzrə təhsil alan tələbələrlə görüş keçirilib. 
    Görüşdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin rəisi, mayor Rahin Əmirov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı elmin nəzəriyyə və təcrübə ilə inteqrasiyasına, təhsilə fərqli yanaşma mexanizminin formalaşmasına və ən əsası dövlət kadr siyasətinin inkişafına hesablanıb. 
    Qeyd olunub ki, ötən dövr ərzində müvafiq Sərəncamın icrası istiqamətində nazirliyin Dövlət Yol Polisi İdarəsinin təcrübəli əməkdaşları cəlb olunmaqla tələbələrlə bir neçə dəfə görüş keçirilib. Həmin görüşlər zamanı tələbələrə yol polisinin ümumi fəaliyyəti, təyinatı, strukturu və maddi-texniki bazası haqqında məlumat verilib, yol hərəkətinin təşkili, küçə və yollarda təhlükəsiz hərəkət qaydaları, eləcə də yol hərəkəti iştirakçılarının hüquq və vəzifələri izah edilib. Qeyd olunub ki, növbəti tədbir 2022-ci il fevralın 7-də Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə qarşıya qoyulan tapşırıqların icrası istiqamətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə razılaşdırılmış birgə plana uyğun olaraq həyata keçirilir və bu sahədə görülmüş işlərin davamlı xarakter alması məqsədini daşıyır. 
   Vurğulanıb ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən dəvət olunmuş yüksək təcrübəli əməkdaşlar tərəfindən keçiriləcək seminar-məşğələlər yol-patrul xidməti inspektorları ilə yanaşı, tələbələrin də ixtisas bacarıqlarının artırılmasına öz töhfəsini verəcəkdir. 
    Naxçıvan Dövlət Texniki Kollecinin direktor müavini Tural Məmmədov yaradılmış şəraitə görə minnətdarlığını bildirib, belə görüşlərin tələbələrin bilik və bacarıqlarının artırılmasına müsbət təsir göstərəcəyini qeyd edib. 
    Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-patrul xidməti şöbəsinin rəisi, polis polkovniki Sadin Əsgərov “Yol-patrul xidmətinin təşkili və aparılması qaydaları”, həmin idarənin  Yol-patrul xidməti şöbəsinin baş dövlət avtomobil müfəttişi, polis polkovnik-leytenantı Ceyhun Əliyev “Yol-patrul xidməti inspektorunun vəzifələri və hərəkətləri” mövzusunda çıxış ediblər. 
    Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 29.10.2022 00:57