AZ EN RU

Günümüzün sürətlə inkişaf edən sığorta növü – aqrar sığorta

    Könüllü sığortalar könüllülük prinsipi əsasında təsdiq edilən qaydalar çərçivəsində aparılır və hər bir sığortalının mənafeyini tam həcmdə təmin edir. Könüllü sığortalar insanların marağına səbəb olan bir neçə sığorta növünə malikdir. Onlardan ən əsası aqrar sığortadır. Bu sığorta növü çox böyük və genişmiqyaslı sahə sayılır. Belə ki, aqrar sahə muxtar respublika iqtisadiyyatında sənayedən sonra ikinci böyük sahə olduğundan aqrar sahənin potensial risklərdən zərər görmədən dayanıqlı inkişafını təmin etmək üçün məqsədyönlü tədbirlər diqqət mərkəzində saxlanılır. Artıq bu sığorta növü muxtar respublikanın rayon və kəndlərində əksər vətəndaşların maraq obyektinə çevrilib. Kənd təsərrüfatı ilə məşğul olan hər bir kəs bu sığorta növünün əhəmiyyətini və vacibliyi dərindən dərk edir. 

    Aqrar sahə kənd təsərrüfatı üçün əvəzolunmaz faktordur və bu sahə üzrə aparılan sığorta növləri ən sərfəli şəkildə muxtar respublikanın ucqar dağ kəndlərində belə, vətəndaşların istifadəsindədir. Bunun ifadəsidir ki, aqrar sığorta üzrə müqavilə bağlanılması üçün artıq vətəndaşlar tərəfindən Dövlət Sığorta Xidmətinə, xidmətin rayon (şəhər) idarə və şöbələrinə tez-tez müraciətlər edirlər.
    Aqrar sığorta üçün müraciətlər sırasında meyvə-tərəvəzçiliklə məşğul olanlar da çoxdur. Meyvə-tərəvəz sığortası müqavilələri ağaclarda çiçəkləmə mərhələsi başa çatdıqdan, bostanlarda isə cücərtilər alındıqdan sonra onlara baxış keçirilir və sığorta müqaviləsi bağlanılır. Meyvə-tərəvəz sahələrinin sığorta­lanmasından sonra baş verən sığorta hadisələri zamanı dəyən zərərin məbləği vətəndaşlara ödənilir. Baş verə biləcək gözlənilməz təbii fəlakətlər – torpaq sürüşməsi, qasırğa, fırtına, dolu, həmçinin yanğınlar, bitki xəstəlikləri və zərərvericilər gün keçdikcə artır. Elə bu səbəbdən də sığorta müqaviləsinin bağlanılması artıq günümüzdə zəruri hala çevrilib.
    Bu sahədə işlərin davamlılığının və dayanıqlılığının təmin olunması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunub ki, bu da meyvə-tərəvəz sığortası sahəsində inkişafın sürətlənməsi yolunda atılmış ən böyük addımdır. 
    Bu proqramın icrası ilə bağlı Dövlət Sığorta Xidmətində 2021-ci ildə görüləcək işlər üzrə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq muxtar respublikanın rayon və kənd­lərində salınmış meyvə bağlarının və tərəvəz əkini sahələrinin inkişaf etdirilməsi məqsədilə müntəzəm olaraq görüşlər keçirilib. Bəhs olunan dövrdə Şərur rayonunun Oğlanqala, Ordubad rayonunun Dəstə, Culfa rayonunun Ərəzin, Şahbuz rayonunun Türkeş, Kəngərli rayonunun Böyükdüz, Babək rayonunun Uzunoba, Sədərək rayonunun Sədərək, Naxçıvan şəhərinin Qaraçuq kəndlərində “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs tərəfindən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, rayon (şəhər) icra hakimiyyətləri əməkdaşlarının iştirakı ilə keçirilən maarifləndirmə tədbirlərində vətəndaşlara adıçəkilən sığorta növü barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, aqrar sığortanın ən önəmli və üstün tərəfi bu sığorta növünün sığortaçının mənafeyinə deyil, sığorta olunanın marağına xidmət göstərməsidir. 
    Bu gün Naxçıvanda mövcud torpaq, su, iqlim ehtiyatlarından, habelə maddi-texniki bazadan səmərəli istifadə olunması ilə yüksəkkeyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalı üçün hər cür imkanlar vardır. Aqrar sığortada aparılan təkmilləşdirmələr bu sahədə çalışan sahibkarların daha təhlükəsiz işləməsinə, onların sabit gəlir əldə etməsinə əlverişli şərait yaradıb.
    Son dövr ərzində görülən işləri nəzərə alaraq artıq əminliklə demək olar ki, meyvə-tərəvəz sığortası aqrar sığortanın ən mühüm sığorta növlərindən birinə çevrilib.

Şəfa ƏHMƏDLİ 
Naxçıvan Muxtar Respublikası 
Dövlət Sığorta Xidmətinin əməkdaşı

Nəşr edilib : 08.04.2022 20:23