AZ EN RU

Gözəlliyi göz oxşayır Şərurun

İlin ötən dövrü ərzində bu gözəlliyə yeni çalarlar gətirilib

İnkişaf edən bölgələrimiz

    Görkəmli dövlət xadimi Heydər Əliyev muxtar respublikamızın ən böyük bölgələrindən biri olan Şərur rayonuna böyük qiymət verərək demişdir: “Şərur rayonunun imkanları böyükdür... Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatını daha da inkişaf etdirəsiniz”. Bu gün Şərura yolu düşən hər bir naxçıvanlı ulu öndərin tövsiyələrinin yüksək səviyyədə həyata keçirilməsinin şahidi olur. Yaradılmış şəraitdən səmərəli istifadə edən şərurlular da onlara göstərilən qayğı müqabilində əkir, becərir, həm özünü yaşadır, həm də daxili bazara töhfəsini verir... Belə inkişaf rayonda hər sahədə özünü göstərir. Məsələn, genişhəcmli quruculuq tədbirləri rayonun ayrılmaz həyat ritminə çevrilib. Bölgənin elə bir yaşayış məntəqəsi yoxdur ki, quruculuq prosesi ağuşunda görkəmini dəyişməsin, orada sosial təyinatlı tədbirlər həyata keçirilməsin. Bu günlərdə yolumuzu yenidən o bölgədən saldıq. 

    2022-ci ilin ötən dövründə burada görülən işlərlə tanış olduq. Öyrəndik ki, rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün 2022-ci ilin birinci rübündə bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyon 349,7 min manat vəsait ödənilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur. Tikinti-quraşdırma işlərində istifadə olunmuş vəsaitin dəyəri 2,3 faiz artaraq 7 milyon 118,3 min manat təşkil edib. Bu müddətdə rayonda yeni təhsil, səhiyyə, mədəniyyət obyektləri inşa olunub, yollar çəkilib, körpülər salınıb, su, elektrik təsərrüfatı yaxşılaşdırılıb. Bütün idarə, müəssisə və təşkilatlarda ahəngdar iş rejimi insanların yurd yerinə bağlılığını, işə məsuliyyət hissini, qurub-yaratmaq əzmini xeyli artırıb.
    Faktlara müraciət edək. 2021-ci ildə və 2022-ci ilin ötən dövründə Şərur şəhərində 40 mənzilli yaşayış binasının, Gigiyena və Epidemiologiya Şöbəsinin, eləcə də xidmət sahələrinin istifadəyə verilməsi, Saat Meydanının, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şərur Rayon Şöbəsinin inzibati binasının, 7 yaşayış binasının, yeraltı piyada keçidinin, “Araz” Elm-İstehsalat Birliyinin Şərur Dayaq Məntəqəsinin, Sərxanlı kəndində içməli su xəttinin, Ərəbyengicə kəndində Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış komplekslərinin, 8 meqavatlıq Şərur Günəş Elektrik Stansiyasının, Muğanlı və Maxta yarımstansiyalarının tikintisi, yenidən qurulması və əsaslı təmir işləri başa çatdırılıb. Həmçinin ötən il Şəhriyar, Çərçiboğan və Dərvişlər kəndlərində kompleks quruculuq işləri aparılıb. Hazırda rayonun Vərməziyar, Alışar, Həmzəli və Axura kəndlərində inşaat işləri davam etdirilir. Naxçıvan-Sədərək magistralından Şərur şəhərinədək, həmçinin şəhərin Heydər Əliyev prospektini və 6 küçəsini əhatə edən 11,2 kilometrlik avtomobil yolunun, Ərəbyengicə kəndində Sərhəd Zastavasına gedən yolun, eyni zamanda Şəhriyar, Çərçiboğan və Dərvişlər kəndlərində kənddaxili yolların yenidən qurulması başa çatdırılıb.

    Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə şərurlular bu rayonun inkişafı, bölgə sakinlərinin gün-güzəranlarının yaxşılaşdırılması üçün böyük işlər görmüş ulu öndərin siyasətinə ehtiramın bir daha şahidi oldular. Belə ki, may ayının 10-da rayon mərkəzində Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin binası və Şərur Rayon Mədəniyyət Sarayı istifadəyə verildi. Nümayəndəlik binasının açılışında Ali Məclisin Sədri demişdir: “Ulu öndərin siyasi xətti Şəruru da inkişafa qovuşdurub. Şərur rayonu yarandığı gündən ötən dövrdə heç vaxt bu qədər inkişaf etməmiş, rayonda bu qədər geniş quruculuq işləri aparılmamışdır. Təkcə quruculuq işləri deyil, Şərur rayonu, eyni zamanda kənd təsərrüfatı rayonudur. Aqrar sahə inkişaf etdirilir, bol məhsul istehsal olunur. Ölkəmizin ərzaq təhlükəsizliyində Şərur rayonunun da payı vardır. Bundan başqa, rayonun sənayeləşməsi üçün tədbirlər görülür. Sənaye məhəlləsi yaradılır, kiçik sahibkarlıq müəssisələrinin qurulması üçün dövlət tərəfindən kreditlər verilir, ailə təsərrüfatları inkişaf etdirilir. Bir sözlə, bu gün rayonun inkişafı üçün lazım olan bütün tədbirlər həyata keçirilir”.
    O da xüsusi vurğulanmalıdır ki, rayonda çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, sosial sahənin inkişafı üzrə həyata keçirilən tədbirlər muxtar respublikada “Sənaye ili” elan edilmiş 2022-ci ilin I rübündə də davam etdirilib. 
    Sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqi, innovasiyalara əsaslanan yeni sənaye müəssisələrinin qurulması bu sahədə məhsul istehsalının artımını təmin edən əsas amillərdən olub. Belə ki, bəhs olunan dövrdə rayonda 21 milyon 30,6 min manat həcmində sənaye məhsulu istehsal edilib. Bu, 2021-ci ilin müvafiq dövründəki göstəricidən 1,4 faiz çoxdur.
    Bunu da qeyd edək ki, yanvar-mart ayları ərzində rayonda dövlət dəstəyi ilə yeni istehsal sahələrinin yaradılması da diqqətdə saxlanılıb, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 6 layihə üzrə istehsal obyektləri fəaliyyətə başlayıb, 11 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilib.     
    Ölkəmizdə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli Fərmanı ilə müəyyən edilib. Bu istiqamətdə görülən işlərin davamı olaraq Prezident cənab İlham Əliyevin Şərur Sənaye Məhəlləsinin yaradılması haqqında 2019-cu il 13 sentyabr tarixdə imzaladığı Fərmanın icrası istiqamətində də işlər müntəzəm şəkildə həyata keçirilir. Cari ilin ilk üç ayı ərzində bu böyük obyektdə işlər sürətlə davam etdirilib. Sənaye məhəlləsinin ərazisində 24 istehsal sexi, 6 inzibati və 5 texniki otaqdan ibarət bina və 3 istehsal korpusu inşa olunmuşdur. İlkin olaraq 2 şirniyyat, 1 balın qablaşdırılması və 1 trikotaj malları istehsalı sahələri üzrə mikro və kiçik sahibkarlıq subyektləri tərəfindən müraciət daxil olmuşdur. Gələcəkdə bu sahələrin reallaşdırılması və fəaliyyətə başlaması istiqamətində, eyni zamanda inzibati binanın istehsal bloklarında corab və digər istehsal sahələri kimi müvafiq sahibkarlıq fəaliyyətinin təmin edilməsi istiqamətində işlər aparılır. Birinci istehsal korpusunda ayaqqabı, Avropa qapıları, bərk və yumşaq mebel olmaqla, 2 mebel müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda rayonun mövcud imkanlarına uyğun olaraq yerli resurslardan istifadə olunmaqla müvafiq sahələr üzrə sahibkarların cəlb edilməsi üzrə araşdırmalar aparılır. Hazırda daxil olmuş müraciətə əsasən meyvə-tərəvəz məhsullarının emalı sahəsinin qurulması istiqamətində sahibkarla birgə iş aparılır. 2 hissədən ibarət ikinci korpusda məktəbli ləvazimatları, kağız kisə və karton tara müəssisələri fəaliyyət göstərəcəkdir. Üçüncü korpusda isə bitki yağı istehsalı zavodunun qurulması istiqamətində işlər davam etdirilir. Bu, həmin məhsulların idxalının azaldılmasında mühüm rol oynamaqla, ixracın və rəqabət qabiliyyətinin artırılması, məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. 
    Rayonda aqrar sahədə qazanılan uğurlar da ildən-ilə artmaqdadır. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm yer tutan kənd təsərrüfatının inkişafı üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi cari ilin ilk rübündə də davam etdirilib.
    Rayonda 1 aprel 2022-ci il tarixə 917 hektar sahədə yazlıq bitkilər əkilib. Əkin sahəsinin 80 hektarını dənli və dənli-paxlalılar (qarğıdalısız), 108 hektarını dən üçün qarğıdalı, 264 hektarını kartof, 162 hektarını tərəvəz, 7 hektarını ərzaq üçün bostan bitkiləri, 296 hektarını cari ilin çoxillik otları təşkil edir.
    Bu dövrdə məhsul istehsalçılarının müasir kənd təsərrüfatı maşın və mexanizmləri ilə təchizatı da diqqət mərkəzində saxlanılıb, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 205 min 356 manat dəyərində  müxtəlif təyinatlı 12 kənd təsərrüfatı texnikası lizinq yolu ilə güzəştli şərtlərlə rayonda fəaliyyət göstərən sahibkarlara satılıb. 
    Tarixən Şərur daxili bazarı keyfiyyətli meyvə və tərəvəz məhsulları ilə təmin edən bölgələrimizdən biri kimi tanınıb. Belə məhsullara olan tələbatın yerli istehsal hesabına ödənilməsi, ixracyönümlü və ekoloji təmiz meyvə-tərəvəz məhsulları istehsalı sahələrinin yaradılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 12 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması rayonda bu sahələrə marağı xeyli artırıb. 
    Cari ilin ilk rübündə 1 istixana təsərrüfatının yaradılması, 3 istixana təsərrüfatının genişləndirilməsinin başa çatdırılması, 1 soyuducu anbarın yaradılmasının davam etdirilməsi şərurlu torpaq adamlarına yeni qayğının ifadəsi kimi diqqəti çəkir.      
    Bu dövrdə kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafına da ciddi önəm verilib, 5 heyvandarlıq təsərrüfatının yaradılması və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb, 4 heyvandarlıq təsərrüfatının yaradılması davam etdirilib.     
    Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi, istehsal olunan məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali    Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq olunub.
    Bu dövrdə rayonda 8 milyon 538,5 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricini 1,7 faiz üstələyir. 
    İqtisadi cəhətdən xeyli sərfəli olan arıçılığın inkişafı üçün rayonda geniş imkanların mövcudluğu bu sahəyə marağı getdikcə artırır. Naxçıvan Muxtar Respublikası Ali   Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Pro­qramı” isə bu sahə ilə məşğul olanlar üçün daha bir stimuldur.    
    Qısaca olaraq onu da qeyd edək ki, rayonda heç bir sahəyə qayğı unudulmayıb, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması bəhrələrini verib.
    Görülən işlərə Şərur sakinlərinin münasibəti necədir? Bu suala cavab tapmaq üçün onlardan bir neçəsi ilə həmsöhbət olduq. Rayonun Aşağı Yaycı kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru Yeganə Məmmədova deyir ki, yurdumuzun torpağı münbit, suyu bol, havası saf, adamları sadə, mehriban və zəhmətkeşdirlər. Bu gün Şərurda elə bir insan tapmaq mümkün deyil ki, ürəyində ulu öndər Heydər Əliyevə sonsuz məhəbbət yaşatmasın. Çünki bu gün qazandığımız bütün uğurlara görə ulu öndərə borcluyuq. Torpaq islahatlarına ilk dəfə olaraq Naxçıvanda başlanılması, bu böyük iqtisadi layihənin uğurla başa çatdırılması hər bir zəhmət adamını öz torpağının həqiqi sahibinə çevirdi. Ümummilli liderimizin müəyyənləşdirdiyi iqtisadi siyasətin bu gün muxtar respublikamızda dönmədən həyata keçirilməsi, ulu öndərin ideyalarına sədaqət Şərur rayonunu da gözəlliklər diyarına çevirib, insanların yaşayış səviyyəsi xeyli yüksəlib. Cari ilə də rayon uğurla başlayıb. İlin ötən dövrünün nəticələri də belə deməyə əsas verir. 2022-ci ili yüksək nəticələrlə başa vurmaq üçün şərurlular bütün imkanlarını səfərbər ediblər. Məqsəd isə bölgənin, muxtar respublikanın, nəticə etibarilə, ölkənin iqtisadiyyatının daha da gücləndirilməsinə töhfə verməkdir.    
    Rayon ziyalısı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Elman Telmanoğlunun ürək sözləri:
    – Həyatda uğur qazanmaq üçün rastlaşdığın çətinlikləri dəf etməyi bacarmalısan. Şərurlular da çətinliyə dözməyi bacaran insanlardır. Buna baxmayaraq, ötən əsrin 90-cı illərinin əvvəllərində onların da bəzilərində ruh düşkünlüyü sezilirdi. Belələrini qınamaq da olmurdu. Niyə? Məktəb binaları yararsız vəziyyətdə idi, təhsil ocaqları uyğunlaşdırılmış binalarda yerləşdirilmişdi. Səhiyyə xidməti unudulmuşdu, müasir informasiya texnologiyalarından istifadə barədə söhbət etməyə dəyməzdi. Elektrik enerjisi, yanacağın olmaması isə ən böyük dərdlərimizdən idi. Xidmət sahələrinin fəaliyyətini yox səviyyəsində saymaq olardı. Bu gün muxtar respublikamızın digər bölgələrində olduğu kimi, Şərur rayonunun da problemləri öz həllini tapıb. Bütün bunlar dövlətimizin öz vətəndaşlarına böyük qayğısının ifadəsidir. Belə qayğı isə insanları yaşadıqları torpağa daha sıx tellərlə bağlayır, onların qurub-yaratmaq əzmini daha da gücləndirir. 

    Qazanılmış uğurlara sevinən şərurluların söhbətlərindən bir əsas məqamı oxuculara çatdırmaq yerinə düşər: görülən işlərə minnətdarlıq hissləri. Böyük səmimiyyətlə ifadə olunan belə hisslər təbiidir. Çünki insanlar uzun illər həsrətində olduğu gün-güzərana qovuşduğunu görür və dərindən dərk edirlər ki, bütün bunlar onlar üçündür.    

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 17.05.2022 19:01