AZ EN RU

Gigiyena və epidemiologiya sahəsinə göstərilən diqqət əhalinin sağlamlığının qorunmasında mühüm rol oynayır

    Muxtar respublikamızda əhalinin sağlamlığının qorunması daim diqqətdə saxlanılır, bu sahədə mühüm tədbirlər həyata keçirilir. Buna gigiyena və epidemiologiya tədbirlərini misal göstərmək olar. Bu gün diyarımızın sakinləri sanitar-gigiyenik qaydalara əməl etməklə nəinki öz sağlamlıqlarını, ətrafındakıları da görünməz təhlükələrdən qoruyurlar. Gigiyena və epidemiologiya sahəsinə göstərilən diqqətin bir nümunəsi də bir neçə ildir, dünyada yayılan virusun muxtar respublikada pandemiyaya çevrilməməsi oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 15 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında gigiyena və epidemiologiya sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı 2022-2025-ci illər üzrə Dövlət Proqramı” isə əhalinin sağlamlığının qorunması və gigiyena və epidemiologiya tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində növbəti addımdır. 

    Hazırda muxtar respublikamızda dövlət sanitariya nəzarəti Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi və onun 7 rayon şöbəsi tərəfindən həyata keçirilir. Bu mənada, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurub. 
    Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinin müdiri Hüseyn Əzimovla həmsöhbət olduq. Həkim əvvəlcə gigiyena və epidemiologiya sözlərinə aydınlıq gətirərək deyir: – Gigiyena sağlamlığın əsas şərti olmaqla, müxtəlif xəstəliklərin profilaktikasını öyrənməklə sağlamlığı qorumağa və ömrü uzatmağa kömək edir. Epidemiologiya yoluxucu xəstəliklərin yaranması, yayılması və profilaktikasının qanunauyğunluqlarını öyrənir. 
    Şöbənin əsas fəaliyyət istiqamətlərindən danışan Hüseyn həkim bildirdi ki, ötən il noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Culfa şəhərində yeni inzibati bina istifadəyə verilib, burada Gigiyena və Epidemiologiya Şöbəsi üçün də hərtərəfli iş şəraiti yaradılıb. Şöbə bakterioloji və parazitoloji laboratoriyalar, işin keyfiyyətini artırmaq üçün nitratometr, radiasiya ölçmək üçün dozimetr, PH-metr, termohiqrometr, binokulyar mikroskop, quruducu şkaf, soyuducu və digər köməkçi tibbi ləvazimatlarla təmin edilib. Həmçinin şöbəyə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması üçün 8 nəfərlik işçi heyətinin istifadə edə biləcəyi “Changan” markalı avtomobil verilib. Yaradılan müasir şərait qarşısında bizim əsas vəzifəmiz insanların yaşadığı mühit faktorlarının öyrənilməsi, onların sağlamlığına təhlükəli və zərərli təsirlərin qarşısının alınmasından, müəyyən edilməsindən və ləğvindən ibarətdir. Bu sahədə digər müəssisələr, idarələr, təşkilatlar və vətəndaşlarla qarşılıqlı əlaqədə olmaqla profilaktik, gigiyenik, əks-epidemik və tibbi-sosial tədbirlərin yerinə yetirilməsi və sanitar nəzarətin təşkilini həyata keçiririk. Şöbədə bakterioloji və parazitoloji laboratoriyalar vardır ki, burada həkim bakterioloq və bakterioloji laborant, həkim-parazitoloq və laborant işləyir. Onlar suyun, havanın, torpağın, qanın bakterioloji müayinələrini, parazitar xəstəliklərin (malyariya, leyşmanyoz, qurd xəstəlikləri və sair) qarşısının alınması üçün profilaktik tədbirlər aparırlar.

    Bu il fevralın 25-də Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirədə Ali Məclisin Sədri digər zəruri məsələlərlə yanaşı, dezinfeksiya işlərinin aparılması, sanitar-epidemioloji qaydalara riayət olunmasına nəzarət ilə də bağlı mühüm tapşırıqlar vermişdir. “Şöbə tərəfindən ötən il və bu ilin ötən dövrü ərzində hansı dezinfeksiya işləri həyata keçirilib?” – sualımızın cavabında Hüseyn həkim bildirir: – Bəhs olunan dövrdə rayonun istər kənd, istərsə də şəhər yaşayış məntəqələrində ictimai yaşayış binalarının blokları, zirzəmiləri, ətrafları və parklardakı uşaq əyləncə-oyun yerləri, müəssisə və binalarda dezinfeksiya-dezinseksiya tədbirləri aparılıb, səhiyyə maarifi işləri təşkil edilib. Qeyd edim ki, 2021-ci il ərzində 3638 obyektdə 1081600 kvadratmetr sahədə koronavirusa qarşı dezinfeksiya işləri, həşəratlara qarşı 243 obyektdə 67300 kvadratmetr sahədə dezinseksiya işləri aparılıb. Bakterioloji laboratoriyada kəskin bağırsaq xəstəliklərinin patogen florasına görə, parazitoloji laboratoriyada helmintoz xəstəliyinə görə 1043 nəfər müayinə edilib. Nəzarətimizdə olan obyektlərdən bakterioloji müayinə üçün 1352 yaxma götürülərək analizdən keçirilib. Müxtəlif müəssisələrdə 912 dəfə monitorinq, 27 dəfə səhiyyə maarifi işi aparılıb. 

    Müsahibim qeyd edir ki, 2022-ci ildə də bu tədbirlər davam etdirilib: – Novruz bayramı ərəfəsində təmizlik-abadlıq işləri aparılıb, dezinfeksiya tədbirləri diqqətdə saxlanılıb. Martın 1-dən etibarən, xüsusən də əhalinin sıx olduğu yerlərdə – bazar, mədəniyyət müəssisələri, bayram günlərində isə uşaq musiqi və ümumtəhsil məktəbləri, idarə, müəssisə və təşkilatların inzibati binaları və xidmət sahələri mərhələli şəkildə dezinfeksiya olunub. Həmçinin bu ilin ötən dövrü ərzində də tibbi maarifləndirmə işləri davam etdirilib. Cari ilin 5 ayı ərzində 1844 obyektdə 399800 kvadratmetr sahədə dezinfeksiya, həşəratlara qarşı 145 obyektdə 11250 kvadratmetr sahədə dezinseksiya işləri aparılıb. Kəskin bağırsaq xəstəliklərinə görə 865 laborator, müxtəlif xəstəliklərə görə 856 parazitoloji müayinə edilib.  Müxtəlif müəssisələrdə 156 dəfə sanitar-gigiyenik nəzarət monitorinqi, 29 dəfə səhiyyə maarifi işi təşkil olunub və müvafiq təkliflər verilib. Zoonoz yoluxucu xəstəliklərə qarşı (bruselyoz, quduzluq və sair) tədbirlər rayon baytarlıq idarəsi ilə qarşılıqlı əlaqələr şəraitində birgə aparılıb. Dövlətimizin bizə göstərdiyi qayğıdan səmərəli istifadə edərək bundan sonra da işlərimizi sağlamlığın qorunub saxlanılmasına həsr edəcəyik, – deyə həkim əlavə etdi. 
    Ötən il iyunun 24-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binasının istifadəyə verilməsi mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov muxtar respublikada sanitar-epidemioloji vəziyyətin qorunub saxlanılmasında bir sıra tapşırıqlar verərək demişdir: “Gigiyena və epidemiologiya sahəsində yeniliklərin tətbiqi bütün dövrlər üçün vacibdir. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi bundan sonra da fəaliyyətini günün tələbləri səviyyəsində qurmalı, fəsillərə uyğun fəaliyyət proqramı hazır­lanaraq təsdiq olunmalı, yerlərdə mütəmadi dezinfeksiya işləri aparılmalıdır. İxtisaslı kadr təminatı işin keyfiyyətini artıran başlıca amildir. Gigiyena və Epidemiologiya Mərkəzi Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələrini praktik fəaliyyətə cəlb etməli, gənc əməkdaşlar işə götürülməli, kurslar təşkil olunmalıdır. Muxtar respublikada yoluxucu və parazitar xəstəliklərlə bağlı vəziyyət sabitdir. Lakin buna baxmayaraq, Səhiyyə Nazirliyi və Gigiyena və Epidemiologiya Mərkəzi mütəmadi olaraq yoluxucu və parazitar xəstəliklərin profilaktikasını aparmalı, müayinə və monitorinqlər davamlı xarakter daşımalıdır. Dövlət sanitariya nəzarəti o zaman nəticəli olur ki, əhali bu işə dəstək verir. Muxtar respublikada sanitariya mədəniyyəti ilə bağlı maarifləndirici tədbirlər davam etdirilməli, sosial gigiyenanın əhəmiyyəti insanlara düzgün çatdırılmalıdır...” 
    Şübhəsiz ki, bu sahədə qarşıya qoyulan vəzifələrin Culfa rayonunda da icrası bundan sonra da insanların yaşayış mühitini və həyat fəaliyyəti şəraitini sağlamlaşdırmağa, yüksək sanitariya mədəniyyətinin formalaşmasına əlverişli şərait yaradacaq.  

Güntac ŞAHMƏMMƏDLİ ​​​​​​​

Nəşr edilib : 02.06.2022 20:42