AZ EN RU

Gənclərin yay motivasiya düşərgəsi

    Muxtar respublikamızda yaşayıb-yaradan, təhsil alan, həyatın müxtəlif sahələrində fəaliyyət göstərən gənclərin asudə vaxtının səmərəli təşkili illərdir ki, xüsusi önəm verilən sahələrdən birinə çevrilib. Bu həm də qədim diyarımızda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi deməkdir. Reallaşdırılan belə tədbirlər həm də onların dünyagörüşünün zənginləşdirilməsində, dövlətçiliyimizə, müstəqilliyimizə bağlılıq hisslərinin gücləndirilməsində mühüm əhəmiyyətə malikdir. 

    Qeyd edək ki, son illərdə Ağbulaq İstirahət Mərkəzinə gənclərin ekskursiyaları, burada mədəni istirahətin yüksək səviyyədə təşkili davamlı xarakter alıb. Bu baxımdan 29-31 avqust tarixlərdə təşkil olunmuş tədbir də yaddaqalan olub. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyi tərəfindən reallaşdırılmış “Gəncliyimiz gələcəyimiz” adlı muxtar respublikamızın kəndlərində yaşayan gənclərin yay motivasiya düşərgəsi gənclərə davamlı qayğının növbəti təzahürü kimi iştirakçılar tərəfindən yüksək dəyərləndirilib. 
    Avqust ayının 29-da gənclər üçün motivasiya xarakterli təlim, interaktiv və hərəki oyunlar keçirilib. Həmçinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyevin gənclərlə görüşü və panel müzakirəsi təşkil olunub. Düşərgə proqramına uyğun olaraq axşam saatlarında gənclər üçün açılış tədbiri də baş tutub. 
    Düşərgədə səhər gimnastikası, təbiət gəzintisi, komanda oyunları, futbol, “Labirint” strateji intellekt oyunu üzrə yarış, açıq havada film nümayişi, “Xəmsə” milli intellektual oyunu, motivasiya görüşü, poeziya saatı təşkil edilib. 
    Düşərgənin ikinci günü muxtar respublikada yaşayıb-yaradan şair, yazıçı və jurnalistlərlə görüş olub. 
    Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Yadigar qədim diyarımızda yaradıcı gənclərə göstərilən qayğıdan, bu istiqamətdə görülən işlərdən danışıb.
    Sonra söz digər şair və yazıçılara verilib. Həsənalı Eyvazlı, Elxan Yurdoğlu, Hüseyn Əsgərov, Alməmməd Eldaroğlu, Qanun Ümman öz şeir və hekayələrini gənclərə təqdim ediblər. Naxçıvanlı şair və yazıçılarımızın milli-mənəvi dəyərlərdən bəhs edən, hərbi-vətənpərvərlik mövzusunda yazılmış, xüsusilə də Vətən müharibəsinə, Tarixi Zəfərə və şəhidlərimizə həsr olunmuş bədii əsərləri gənclər tərəfindən maraqla qarşılanıb. Tədbirdə iştirakçıların sualları cavablandırılıb, yaradıcılıqla məşğul olan gənclərin şeirləri dinlənilib. “Şərq qapısı” qəzetinin məsul katibi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədov gənclərə səmərəli istirahət arzulayıb, onlara muxtar respublikamızın və ölkəmizin inkişafındakı fəal iştiraklarına görə təşəkkür edib.
    Düşərgənin üçüncü günü gənclərlə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini, Gənclər Birliyinin üzvü Həsən Kərimovun görüşü təşkil olunub.
    Qeyd edək ki, yay motivasiya düşərgəsi dünən başa çatıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 31.08.2022 20:02