AZ EN RU

Gənclərin “Yay məktəblər”i başa çatıb

    Muxtar respublika gənclərinin asudə vaxtını səmərəli təşkil etmək, onların şəxsi inkişafına dəstək və Azərbaycançılıq məfkurəsində formalaşmalarına nail olmaq məqsədilə Ağbulaq İstirahət Mərkəzində təşkil olunan ənənəvi “Yay məktəbləri” başa çatıb. İyulun 5-dən etibarən start götürən və mərhələli şəkildə davam edən düşərgətipli layihənin sonuncu mərhələsi 23-25 avqust tarixlərin əhatə edib.
     İlk gün iştirakçılar mərkəzin turizm imkanları, ərazidəki fəaliyyət növləri ilə tanış olublar. Gənclərə tədbirin təşkil­olunma məqsədi və proqramı haqqında məlumat verilib. Gün ərzində gənclər intellektual oyun və “Ünsiyyətin psixologiyası” adlı seminarda iştirak edib, vətənpərvərlik mövzusunda film izləyiblər.
    Növbəti günlərdə iştirakçılar üçün motivasiya xarakterli təlim, komanda oyunları, kanat gəzintisi, panel müzakirələr, əyləncəli idman oyunları, intellekt yarışı, bədii qiraət gecəsi təşkil olunub, “Layihələrin yazılması və idarə olunması” mövzusunda təlim və “Milli dəyərlərin innovativ-kreativ təbliği” adlı müsabiqə üçün hazırlanmış komanda işlərinin təqdimatı reallaşıb. Düşərgə müddəti ərzində aktiv və uğurlu fəaliyyəti ilə fərqlənən gənclərə sertifikat təqdim edilib.            Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin təşkilatçılığı, Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə reallaşan layihədə ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, könüllü gənclər və Yeni Azərbaycan Partiyasının fəallarının iştirakı təmin olunub. Nazir Ramil Hacı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və Gənclər Birliyinin sədri Arzu Qasımov düşərgə iştirakçıları ilə görüşüb, səmimi söhbət zamanı iştirakçıların fikir və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.08.2022 19:56