AZ EN RU

Gənclərin Vətən müharibəsi iştirakçıları ilə növbəti görüşü

    Naxçıvan şəhərində təşkil olunan tədbirdə leytenant Məzahir Həsənov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Rəfail Hüseynov, Mirismayil Süleymanov, Fərman Mirzəmmədov, Famil Məhərrəmov iştirak ediblər. 
    Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, şəhidlərin əziz xatirəsinin yad edilməsi, onların ailələrinə mənəvi dəstək göstərilməsi, qazilərin və hazırda xidmət edən əsgər və zabitlərimizin fəaliyyəti ilə tanışlıq üçün gənclərin iştirakı ilə davamlı olaraq tədbirlər təşkil olunur. Vətən müharibəsi iştirakçıları ilə keçirilən ardıcıl görüşlər də bu qəbildəndir. Məqsəd gənclərin 44 günlük müharibənin qəhrəmanlarını yaxından tanımasına və onlarda vətənpərvərlik ruhunun artırılmasına zəmin yaratmaqdan ibarətdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi Nurlan Məhərrəmov Azərbaycan Ordusunun Şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsinin müasir hərb tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən işlərdən bəhs edib. Azərbaycan əsgərinin öz şücaəti, döyüş əzmi və qəhrəmanlığı ilə gələcək nəslə əsl milli vətənpərvərlik örnəyi miras buraxdığı qeyd olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi yolunda canlarından keçən şəhidlərimizə, o cümlədən bütün hərbçilərimizə Vətən uğrundakı fədakarlıqlarına görə minnətdarlıq ifadə olunub.
    Müharibə iştirakçılarından Məzahir Həsənov çıxış edərək göstərilən diqqətə görə təşəkkürünü bildirib. Qeyd edib ki, müharibə dövründə əsl əzmkarlıq nümayiş etdirən Azərbaycan əsgəri dövlət-xalq-ordu birliyindən aldığı mənəvi dəstəklə daha da ruhlandı, hər bir qarış torpaq uğrunda sonadək mübarizə apardı. O, qazanılan qələbənin hər bir azərbaycanlı üçün qürurverici olduğunu, bu ali yolda xidmətlər göstərmiş Vətən övladlarının daim iftixarla xatırlandığını deyib.
    Tədbirdə müharibə iştirakçılarına hədiyyələr təqdim olunub. Onlar öz döyüş xatirələrini iştirakçılarla bölüşüb, gəncləri maraqlandıran sualları cavablandırıblar. 

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.11.2022 19:48