AZ EN RU

“Gənclərin teatr dünyası” müsabiqəsi başa çatıb

Naxçıvan Dövlər Uşaq Teatrında müsabiqənin bağlanış mərasimi reallaşıb. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov və mədəniyyət nazirinin müavini Həsən Kərimov çıxış edərək muxtar respublikada teatr sənətinin yaşadılması, inkişafı, o cümlədən müxtəlif yaradıcılıq sahələri üzrə gənclərin formalaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, sözügedən müsabiqənin önəmi barədə danışıblar.

Maraqlı və rəngarəng tamaşalarla zəngin müsabiqənin təşkilatçılığında əməyi keçənlərə təşəkkürünü ifadə edən Azərbaycan Respublikasının Əməkdar artisti Tofiq Seyidov komandaların ümumi çıxışı və aktyor ifaları ilə bağlı fikirlərini bölüşüb.  

Çıxışların ardınca müsabiqənin yekun sıralaması elan olunub. Münsiflər heyətinin yekun qiymətləndirməsinə əsasən Babək rayonunun “Qələbə” komandası birinci olub. “Xarı bülbül” (Şərur) və “Yurd” (Naxçıvan) komandaları müvafiq ardıcıllıqla ikinci, üçüncü yerlərə layiq görülüblər. Müsabiqədə ilk üç yeri tutan komandalar, eləcə də mərhələ yarışlarının qalibləri kimi digər kollektivlər fəxri fərman, plaket və hədiyyələrlə mükafatlandırılıblar.

Sonda qalib komanda üzvləri şəhid leytenant Qabil Orucəliyevə həsr etdikləri və onlara uğur gətirən “Qəhrəman komandir” tamaşasını nümayiş etdiriblər. Səhnələşdirilən epizodlar tamaşaçılar tərəfindən maraqla izlənilib, təsirli anlara səbəb olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirlikləri tərəfindən birgə təşkil olunan müsabiqə gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün şərait yaratmaq və istedadlı aktyorları üzə çıxarmaq məqsədilə keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 25.06.2022 18:03