AZ EN RU

“Gənclərin liderlik düşərgəsi” başa çatıb

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində üçgünlük “Gənclərin liderlik düşərgəsi” keçirilib. 
    İlk gün gənclər istirahət mərkəzi ilə tanış edilib zəruri vəsaitlərlə təmin olunduqdan sonra düşərgənin rəsmi açılış mərasimi olub. Açılış tədbirində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin sədri Arzu Qasımov və Həmkarlar İttifaqları Şurasının şöbə müdiri Qəzənfər Abdullayev çıxış edərək muxtar respublikada gənclərlə iş sahəsində görülən məqsədyönlü işlərdən, yaradılan şəraitdən danışıblar. 
    Açılış mərasimindən sonra gənclər üçün Bakı şəhərindən dəvət olunmuş təlimçi-ekspert Fəxri Məhəmmədzadə tərəfindən “Effektiv komanda işi” və “Zamanın idarə olunması” mövzularında təlimlər təşkil olunub, müxtəlif enercayzerlər və komanda quruculuğu oyunları keçirilib. Həmçinin gün ərzində gənclər arasında “Breyn rinq” intellektual oyunu da reallaşdırılıb.
    Qeyd edək ki düşərgənin ikinci günündə təlimçi Fəxri Məhəmmədzadə tərəfindən “Məntiqli düşüncə sənəti”, “Liderlik və təsirli ünsiyyət” təlimləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərlinin “Vətən müharibəsi və yeni geosiyasi reallıqlar” mövzusunda seminarı, “Labirint” strateji intellekt oyunu və yaradıcılıq gecəsi təşkil olunub. Düşərgənin üçüncü günündə isə səhər idmanı, Gənclər Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Cəlilzadə ilə “44 günlük Vətən müharibəsi: gənclər üçün dərslər” mövzusunda panel müzakirə, təlimçi-psixoloq Əsmər Səfərovanın təqdimatında motivasiya xarakterli təlim və bağlanış mərasimi keçirilib. 
    Sonda fərqlənən gənclərə Gənclər Birliyinin diplomu təqdim olunub. 
 

Nəşr edilib : 30.09.2022 21:16