AZ EN RU

Gənclərin asudə vaxtı səmərəli təşkil olunur

    Gənc nəslə vətənpərvərlik ruhu aşılamaq, onlar üçün karyera, iş imkanları yaratmaq, könüllülük fəaliyyətinin inkişafına nail olmaq və gənclərin cəmiyyətdəki aktivliyini artırmaq məqsədilə ötən ay bir sıra tədbirlər həyata keçirilib. 

    Gənclər və idman naziri gənclərin problemlərinin həlli, fikir və təkliflərinin dinlənilməsi, eləcə də onların müxtəlif sahələrdə təşəbbüskarlıqlarının artmasına nail olmaq üçün Şərur rayon gəncləri ilə diskussiya xarakterli görüş keçirib, Bakı şəhərinin ev sahibi olduğu “Ənənəvi idmanın dirçəldilməsi” adlı 5-ci etnoidman forumunda könüllülərin iştirakı təmin olunub. Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Yüksəliş” müsabiqəsinin işçi qrupu ilə görüş təşkil edilib, tədbir zamanı müsabiqə və qeydiyyat prosesi ilə bağlı məlumatlar diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb. Gənclərin bank və sığorta sahəsində müəyyən bilik və bacarıqlara yiyələnməsi, maliyyə savadlılığının formalaşdırılması, onlar üçün karyera və iş imkanlarının yaradılması məqsədinə xidmət edən “Həvəskar maliyyəçilər marafonu” və “Maliyyə məktəbi” layihələri çərçivəsində təlimlər reallaşıb. Gənclər üçün vətənpərvərlik mövzusunda film nümayişi təşkil olunub, bir qrup könüllü gəncin iştirakı ilə Kəngərli rayonunda yaşayan şəhid ailələri ziyarət edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərən döyüşçülərin, o cümlədən Milli qəhrəmanların gənclər arasında tanıdılması məqsədilə könüllü gənclər tərəfindən hazırlanan “Qəhrəmanlar unudulmur!” adlı videoçarxların sosial şəbəkələrdə yayımı davam etdirilib.
    Təcrübəli mütəxəssislərin muxtar respublikaya dəvəti diqqətdə saxlanılıb. Azərbaycan Cüdo Federasiyasının hakimləri tərəfindən keçirilən seminarda cüdoda tətbiq edilən yeni qaydalar və dəyişikliklər barədə məlumat verilib, müvafiq vəziyyətlər tatamidə praktik şəkildə izah olunub və növbəti gün reallaşan yeniyetmə cüdoçuların muxtar respublika birinciliyi yeni qaydalar əsasında keçirilib. Federasiyanın vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədli hər iki tədbirdə cüdoçulara dəstəyini nümayiş etdirib. Bu yarış da daxil olmaqla Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi və 5 mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı təsdiq olunan tədbirlər planına əsasən yeniyetmələr arasında boks və atletika idman növləri üzrə muxtar respublika birincilikləri, şahmat üzrə komanda birinciliyi, sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü tennis birinciliyi, uşaq, yeniyetmə və gənclər arasında karate üzrə Naxçıvan şəhər açıq birinciliyi və basketbol üzrə yoldaşlıq görüşü təşkil olunub. Həmçinin futbol hakimliyi seminarları davam etdirilib, yerli və xarici şahmatçıların iştirakı ilə beynəlxalq reytinq yarışları, yeniyetmə və gənclər arasında şose velosipedi, hüquq-mühafizə orqanlarının əməkdaşları arasında stend atıcılığı üzrə muxtar respublika birincilikləri, hərbi qulluqçular arasında sərbəst güləş, yunan-Roma güləşi və cüdo yarışları reallaşıb. Bundan başqa, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ali və orta ixtisas təhsili müəssisələrinin qızlardan ibarət voleybol komandaları arasında birincilik, könüllülər arasında peyntbol yarışı və qızlardan ibarət basketbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. 
    Ötən ay usta cüdoçuların Azərbaycan çempionatında Naxçıvan Güləş Federasiyasının idmançıları Məcid Rzayev gümüş, Sarvan Məhərrəmov bürünc, yeniyetmə boksçuların Azərbaycan birinciliyində isə Naxçıvan Boks Federasiyasından Elbrus Kərimli və Kənan Allahverdiyev bürünc medal əldə ediblər. Naxçıvan Kikboksinq Federasiyasının idmançıları MMA, pankration və qrepplinq üzrə Bakı şəhər açıq birinciliyində uğurla çıxış edərək 5-i qızıl, 2-si gümüş və 3-ü bürünc olmaqla, ümumilikdə, 10 medal qazanıblar. Eyni zamanda ölkədə bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə və müvafiq idman növlərində tələb normalarını yerinə yetirdiklərinə görə muxtar respublikadan 4 nəfər “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” adına layiq görülüblər.
    İdman federasiyaları üçün mütəmadi təşkil olunan ekskursiyalar davam etdirilib, Hava və Ekstremal İdman Növləri, Kikboksinq, Paralimpiya və Atıcılıq federasiyalarının təmsilçiləri Cəlil Məmmədquluzadənin ev-muzeyini, Bəhruz Kəngərli muzeyini, Xatirə muzeyini, Hüseyn Cavidin ev-muzeyi və Xatirə kompleksini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublikası
 Gənclər və İdman Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 20.04.2022 18:33