AZ EN RU

“Gənclər şəhərciyi” yaşayış komplekslərində “Evədək optika” layihəsi tətbiq edilir

    Rabitə və internet xidmətlərinin  ən mühüm elementlərindən biri hesab olunan fiber-optik kabel şəbəkəsinin əhatə dairəsinin ildən-ilə artırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
    Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin əsasını təşkil edən fiber-optik şəbəkə vasitəsilə bütün yaşayış məntəqələrinə və bir sıra qurumlara kəsintisiz  rabitə və internet xidmətləri təqdim olunur. Fiber-optik şəbəkənin genişləndirilməsi evlərə də fiber-optik kabelin çəkilməsinə imkan verib. 2022-ci ilin ötən dövrü ərzində “Evədək optika” layihəsi uğurla davam etdirilib, 10 fərdi mənzilə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb. Həyata keçirilən tədbirlərin məntiqi davamı olaraq əhaliyə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə Naxçıvan şəhərinin Mərkəzi Avtomat Telefon Stansiyasına 3 ədəd 1248 abonentlik internet plataları artırılmışdır. GPON texnologiyası əsasında həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində Naxçıvan şəhəri Çənlibel Avtomat Telefon Stansiyasından 1900 metr məsafədə Əziz Əliyev küçəsində yerləşən “Gənclər şəhərciyi” yaşayış kompleksinə kabel-kanalizasiya qurğuları vasitəsilə 48 lifli fiber-optik xətlər çəkilir. Bunlarla yanaşı, Mərkəzi Avtomat Telefon Stansiyasından Naxçıvan şəhərinin 49-cu məhəlləsində yeni inşa olunmuş “Gənclər şəhərciyi” yaşayış kompleksinə 2750 metr məsafədə inşa olunmuş kabel-kanalizasiya qurğuları vasitəsilə 48 lifli fiber-optik xətlər çəkilir. Sözügedən ünvanlardakı  yaşayış komplekslərində olan mənzillərə internet  GPON (Gigabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında optik paylayıcı abunə qutuları vasitəsilə veriləcəkdir. Bütün bunlar da, öz növbəsində, istifadəçilərin GPON texnologiyası əsasında fiber-optik xətt üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet və digər interaktiv xidmətləri istifadəçilər üçün əlçatan edir.
    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Buta Global Enerji” şirkəti ilə bağlanmış müqaviləyə əsasən telekommunikasiya şəbəkəsi qurularkən Prysmian Group şirkətinin “Draka” markalı yüksəkkeyfiyyətli kabel məhsullarından istifadə olunur. Həmin kabellər İtaliya keyfiyyət standartlarında və Türkiyə istehsal gücündə Naxçıvan Muxtar Respublikası üçün xüsusi olaraq istehsal edilir. İnkişaf etmiş dünya ölkələrində də odadavamlı, yüksəkkeyfiyyətli Prysmian Draka kabellərdən fiber-optik xətt çəkilişində, yeraltı və hava rabitə xətlərinin çəkilməsi zamanı istifadə olunur.

Naxçıvan Muxtar Respublikası
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 23.05.2022 20:30