AZ EN RU

Gənclər günü qeyd olunub

Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirdə institutun rektoru Azad Novruzov çıxış edərək bildirmişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlət-gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclər daim diqqətdə saxlanılır, onların formalaşması və inkişafı üçün dövlət proqramları qəbul edilir, strateji yol xəritələri müəyyənləşdirilir. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ali təhsil müəssisələrinə əlavə təqaüdlərin verilməsi də tələbə-gənclərə güstərilən qayğının bariz nümunəsidir.     

Sonra institutun tədris və tərbiyə işləri üzrə prorektoru Çapay Quliyev çıxış edərək institutda Tələbə Gənclər Təşkilatları ilə aparılan işin mahiyyətindən və gələcək perspektivlərindən danışmışdır.

Magistrant Ülkər Məmmədova institut Tələbə Gənclər Təşkilatlarının 2022-ci ildəki fəaliyyətinə dair hesabat təqdim etmiş, qazanılan uğurlar və 2023-cü ildə görüləcək işlər haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, Naxçıvan Müəllimlər İnstitutu Tələbə Gənclər Təşkilatı 2022-ci il ərzində bir çox yarış və layihələrdə, ölkə səviyyəli və muxtar respublika səviyyəli tədbirlərdə iştirak edərək uğur qazanmışdır. Bildirilmişdir ki, təşkilatın nəzdində 15 klub fəaliyyət göstərir. Təşkilatımız qoşulduğu ON1000 proqramında 6, Hədəf “10 faiz” proqramında 3, Çətir proqramı çərçivəsində 5 tədbir, klubların fəaliyyəti çərçivəsində 4 viktorina, 5 rəsm sərgisi, 6 təlim, 7 intellektual oyun, 3 layihə, əlamətdar günlərə həsr edilmiş 15 tədbir, 10 idman turniri, 3 idman həftəsi və digər tədbirlər təşkil etmişdir. Bundan əlavə, institutun tələbələri “Yaşa və öyrən Bahariyyə” intellektual yarışının, institutun “Müəllimlər” komandası hərbi-idman oyununun, STEAM festivalının qalibi olmuşdur. Diqqətə çatdırılmışdır ki, tələbələrimiz badminton, qız tələbələr arasında keçirilən stolüstü tennis, yarışlarının qalibi olmuş və institut daxilində təşkil olunan bilik yarışlarında yüksək nəticələr sərgiləmişdir.

Həmçinin, yüngül atletika, atıcılıq və badminton idman yarışlarında və STEAM festivalında 2-ci, peyntbol və bilik yarışında 3-cü, “Naxçıvan Marafonu-2022”-də 4-cü yerə layiq görülmüşdür. İnstitutun tələbələrindən ibarət komanda Bakıda təşkil olunan “Heydər Əliyev və Azərbaycan tarixi” Vll ümumrespublika bilik yarışında iştirak edərək 49 ali təhsil müəssisəsi arasında 12-ci yerdə qərarlaşmışdır. Tələbə Gənclər Təşkilatının gələcək strategiyaları və planları arasında ən əsas vəzifə beynəlxalq təcrübəni fəaliyyətimizdə tətbiq etməkdir.        

Tədbirdə 2022-ci ildə tədris və ictimai işlərdəki fəalıqlarına görə fərqlənən bir qrup tələbə-gənclərə mükafatlar təqdim olunmuşdur.

Sonda tələbələrin hesabat sərgiləri ilə tanışlıq olmuş, tədbir bədii hissə ilə yekunlaşmışdır.

Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və

 ictimaiyyətlə əlaqələr xidməti

Nəşr edilib : 01.02.2023 14:17