AZ EN RU

Gənclər günü münasibətilə konfrans keçirilib

“Naxçıvan” Universitetində “2 Fevral – Azərbaycan Gəncləri Günü” adlı elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki,  ümummilli lider Heydər Əliyev gənclərə həmişə yüksək qayğı göstərərək, onlarla bağlı məsələlərin həllini dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirib. Məhz Ulu Öndər Azərbaycanda dövlət gənclər siyasətinin təməlini qoyub və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Bunun nəticəsində gənclərimiz ölkə həyatının bütün sahələrində yüksək fəallıq nümayiş etdirirlər.

Bu gün Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdıran rektor gənclərin milli ruhda tərbiyəsinin daima diqqət mərkəzində saxlanılmasından bəhs edib.           

“Gənclik sabaha ümid və inam deməkdir” adlı məruzə ilə çıxış edən “Naxçıvan” Universitetinin Tələbə Gənclər Təşkilatının Sədri Altay Cəfərli bildirib ki, universitetdə gənclərin inkişafı, onların fəallıqlarının artırılması, məşğulluqlarının təmin edilməsi, istedadlarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl, sistemli tədbirlər görülüb və bunun müqabilində bir çox nailiyyətlər əldə olunub. Təbii ki, əldə olunan nailiyyətlərin hamısı respublikamızda aparılan uğurlu gənclər siyasətinin tərkib hissəsidir.

Ali təhsi ocağının İdarəetmə və Pedaqoji fakültələrinin tələbələri Oğuz Məmmədov və Zeynəb İlyasova bu gün Azərbaycanda gənclərin inkişafı, onların fəaliyyəti üçün hər cür şərait yaradılmasından danışıblar.  

Konfransın davamında videoçarx nümayiş olunub. Konfrans təhsil, ictimai və mədəni sahələrdə fərqlənən fəal gənclərə sertifikatların təqdim edilməsilə qurtarıb.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 01.02.2023 16:10