AZ EN RU

Futbol Federasiyasında gənclərlə görüş

    Naxçıvan Muxtar Respublikasında yeniyetmə və gənclərin kadr kimi formalaşması, təcrübələrinin artırılması məqsədilə onların idman sahəsinə cəlb olunmasına xüsusi diqqət yetirilir. Bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında keçirilən görüşdə ətraflı danışılıb. 
    Gənclər və İdman Nazirliyinin könüllü gənclərinin iştirak etdiyi görüşdə çıxış edən Futbol Federasiyasının sədr müavini Sakit Rzayev bildirib ki, bu gün muxtar respublikamızda gənclərin asudə vaxtlarının səmərəli təşkili, intellektual inkişafının təmin edilməsi, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Gənclərin ixtisaslarına uyğun olaraq idman növləri üzrə seminarlara cəlb edilməsi, onların bu görüşlərdə aktiv şəkildə iştirakı və həm də keçirilən seminarlarda təcrübəli mütəxəssislərin təmsil olunması idmanın muxtar diyarımızda kütləvi şəkildə təbliğinin göstəricisidir. Məhz futbol hakimliyi ilə bağlı keçirilən bu görüş də bunun əyani sübutudur. Sakit Rzayev federasiya tərəfindən futbol sahəsinin inkişafı ilə bağlı görülən işlərdən, gənc hakimlərin hazırlıq prosesindən  danışıb, bu sahədə onların üstünlük təşkil etdiyini vurğulayıb.
    Sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Hakimlər Komitəsinin təhsil şöbəsinin müdiri,  FIFA dərəcəli hakim Anar Salmanov gənclərlə hakimlik barədə fikirlərini bölüşüb. Vurğulayıb ki, ölkəmizdə futbol hakimliyinin inkişaf yolu gündən-günə sürətlənməkdədir. Yeniyetmə və gəncləri hakimlik kurslarına dəvət edən Anar Salmanov onların bu sahədə çalışması üçün geniş imkanlar yaradıldığını bildirib. Hakimlər komitəsinin üzvü gənclərlə maarifləndirici söhbətlər aparıb, görüləcək işlər barədə məlumat verib.
    Görüşdə gənclərin sualları cavablandırılıb.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 06.04.2022 18:13