AZ EN RU

Fiber-optik şəbəkənin əhatə dairəsi genişləndirilir

    Rabitə və internet xidmətlərinin  ən mühüm elementlərindən biri hesab olunan fiber-optik kabel şəbəkəsinin Naxçıvan Muxtar Respublikasında əhatə dairəsinin ildən-ilə artırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir. Belə ki, texniki infrastrukturun mövcud olduğu istənilən ərazidə fərdi və korporativ istifadəçilərə təqdim edilməklə, istifadəçilərin bir optik xətt üzərindən multimedia xidmətlərinin müasir standartlara uyğun təşkilinə imkan verən fiber-optik şəbəkənin əhatə dairəsi genişləndirilir. Bu məqsədlə yaşayış məntəqələrinə, bir sıra qurumlara  və yeni inşa olunan kənd mərkəzlərinə fiber-optik xətt çəkilişi davam etdirilir, istismar müddəti ərzində fiber-optik xətt sahəsində yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Fiber-optik şəbəkənin genişləndirilməsi evlərə də fiber-optik kabelin çəkilməsinə imkan verib, 2022-ci ilin ötən dövrü ərzində “Evədək optika” layihəsi çərçivəsində Naxçıvan şəhərində 16 fərdi mənzilə fiber-optik xətlər çəkilib, zəruri avadanlıqlar quraşdırılıb.
    Həyata keçirilən tədbirlərin məntiqi davamı olaraq “Naxçıvan Sement Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Naxçıvan Şəhər Rabitə İdarəsi arasında bağlanmış müqaviləyə əsasən fiber-optik kabel xətlərinin çəkilməsi üçün zəruri tədbirlər görülüb, 30 ədəd metal dirək basdırılıb, 1650 metr fiber-optik xətt çəkilib, fiber-optik paylayıcı şkaflarda təmir-bərpa işləri həyata keçirilib, rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilib.
    Qeyd olunanlarla yanaşı,“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin valyutadəyişmə məntəqələrində zəruri avadanlıqlar quraşdırmaqla  fiber-optik xətt vasitəsilə bankın ümumi sisteminə qoşulması təmin edilib. Müraciətlərə əsasən “Nəxşicahan Med” Məhdud Məsuliyyətli Cəmiyyətinə, “Şərur broyler” quşçuluq təssərüfatına, Uzunoba Ailəvi İstirahət Mərkəzinə, “Accessbank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialına və “Dan yeri” Alış-Veriş Mərkəzinə fiber-optik xətt çəkilişi məqsədilə zəruri tədbirlər görülməkdədir.
    Qeyd edək ki, fiber-optik xətlər zəruri texniki tədbirlər görülməklə torpağın altı ilə çəkildiyindən məlumatın ötürmə sürəti hava şəraiti və ya stasionar telefon xətti kimi amillərdən asılı olmur. Bu da sakinlərə yüksəkkeyfiyyətli xidmət göstərilməsini təmin edir. Bu şəbəkə vasitəsilə təmin olunan internetdə sürət itkisi yoxdur. 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.07.2022 19:15