AZ EN RU

Federasiyanın daha bir uğurlu addımı

    Naxçıvanda insanların sağlam həyat tərzinin formalaşdırılması, uşaq, yeniyetmə və gənclərin idmana cəlbinin kütləvi xarakter alması, istedadlı və perspektivli idmançıların üzə çıxarılması, idmanın maddi-texniki bazasının müasirləşdirilməsi və müxtəlif idman növlərinin inkişafına şəraitin yaradılması muxtar respublikamızda daim diqqət mərkəzindədir. 
    2020-ci il fevralın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bu yöndə görülən işlərin bariz nümunəsidir.
    Muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları proqramın icrası ilə bağlı mütəmadi olaraq tədbirlər, seminarlar, təlim-məşq toplanışları təşkil edir ki, bu da bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində atılan addımların əyani göstəricisidir. Yaradılan şəraitdən məqsədyönlü istifadə edən federasiyalardan biri də Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasıdır. Nailiyyətlərini daim artırmağa çalışan federasiyanın 2022-ci ildə də əldə ediyi uğurlar az deyil. Dövlət proqramının icrası yönündə görülən işlərdən biri də təcrübəli məşqçi-müəllimlərin və tanınmış idmançıların muxtar respublikaya dəvətidir. 
    Federasiya dostluq əlaqələrinin gücləndirilməsi, eləcə də idmançıların yarış təcrübələrinin, məşqçilərin praktik cəhətdən püxtələşməsini təmin etmək məqsədilə Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının 15 idmançı və 3 məşqçi-müəllimini Naxçıvana dəvət edib. Federasiyanın iki nümayəndəsi ilə birlikdə idmançı və məşqçilər Atletika Federasiyasının Bədii gimnastika bölməsinin Naxçıvan şəhər və Şərur rayonunda yerləşən bölmələrində olub, idmançı və məşqçilərlə görüş keçiriblər. Görüş zamanı vurğulanıb ki, bədii gimnastika ilə məşğul olan uşaqlarla təcrübəli idmançıların, məşqçilərin görüşü onlar üçün böyük stimuldur. 
    Görüş zamanı qonaqlar məşq proseslərini izləyib, uşaqlara tövsiyələr veriblər. Sonra 2022-ci ilin dekabr ayında Şəki şəhərində keçiriləcək bədii gimnastika üzrə Azərbaycan birinciliyində mübarizə aparacaq Naxçıvan Muxtar Respublika yığma komandasının nümunəvi çıxışlarına baxılıb. Qonaqlar hər iki bölmədə məşğul olan gimnastlara idman avadanlıqları hədiyyə ediblər.
    Üçgünlük səfər çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının üzvləri Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini və Duzdağ Fizioterapiya Mərkəzini ziyarət ediblər.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 01.11.2022 17:50