AZ EN RU

Federasiya ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə edib

    Ötən ilin yaddaqalan və uğurlu olduğunu deyən Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev bildirib ki, idmançılar təkcə kikboksinqdə deyil, digər döyüş idmanı növləri – universal döyüş, pankration, qrepplinq, MMA və digər növlərdə nəticələr əldə ediblər. İdmançılar arasında ölkə, beynəlxalq və dünya səviyyəli yarışların qalib və mükafatçıları var və bu amil gələcəyə nikbin baxmağa əsas verir. Ötən il idmançıların ölkə və dünya səviyyəli yarışlarda iştirakı təmin edilib, federasiya idmançıları respublika miqyaslı birinciliklərdə 21, dünya çempionatlarında 9 medal olmaqla, ümumilikdə, 30 müxtəlif əyarlı medal qazanıblar. Qazanılan fərdi uğurlarla yanaşı, müasir fəaliyyət mexanizminə nail olmaq üçün xaricdə fəaliyyət göstərən idman təşkilatları ilə əməkdaşlıq əlaqələri qurulur, onların təşkilatçılıq təcrübəsinin muxtar respublikada tətbiqi və idmançılarımızın peşəkar arenalarda iştirakı ilə bağlı işlər görülür.    
    Federasiya sədri çıxışının sonunda yaradılan imkanlara görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirərək deyib ki, qazanılan uğurlara arxayın olmayaraq kollektiv bundan sonra da əzmlə çalışacaq, göstərilən dəstək və etimadı layiqincə dəyərləndirəcəkdir.
    Muxtar respublikamızda idman və idmançılara dövlət qayğısının ən yüksək səviyyədə olduğunu deyən gənclər və idman naziri Ramil Hacı bildirib ki, 2018-ci ildə yaradılan Kikboksinq Federasiyası ötən il də öz işini verilmiş tapşırıqlara əsasən qurub. Qeyd olunub ki, muxtar respublikada uğurla icra olunan dövlət idman siyasəti nəticəsində yaranan davamlı inkişaf tempi, qazanılan uğur və nailiyyətlərə baxmayaraq, qarşımızda mühüm vəzifələr dayanır. İdman federasiyaları və aidiyyəti qurumlarla birgə “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində işlərin davam etdirilməli olduğunu vurğulayan Ramil Hacı dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqları diqqətə çatdırıb. Nazir çıxışının sonunda qarşılıqlı əməkdaşlıq və fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına inamını ifadə edib.
    Federasiya nümayəndəsi Ramal Yaqubov ötən il ərzində keçirilən tədbirlər haqqında hesabat xarakterli məlumatı diqqətə çatdırıb. 
    Sonra gündəlikdə duran məsələlərlə bağlı qərar layihəsi təsdiq olunub. İclasda məşqçilərin fikir və təklifləri dinlənilib, bölmələrin fəaliyyəti, mövcud çatışmazlıqlar və gələcək istiqamətlər müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib, 2021-ci ildə uğurlu nəticələr əldə edən idmançılar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 25.01.2022 18:43