AZ EN RU

Ev təsərrüfatlarının uçotunun aparılması işi yeni mərhələdə

    Ölkə başçısının müvafiq Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Nümayəndəlik institutunun yaradılmasından sonra əvvəllər bir sıra sahələrdə mövcud olan çatışmazlıqların aşkara çıxarılaraq aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb. Diqqət yönəldilən həllivacib məsələlərdən biri də ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlıdır. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının müəyyən etdiyi istiqamətə uyğun olaraq 28 dekabr 2022-ci il tarixdə Naxçıvanda müşavirə keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiqlənib. Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah təşkil edilib. 2023-cü il yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının uçotunun aparılması işinin təşkili ilə bağlı keçirilən müşavirədə şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələr izah olunub, məsul şəxslər təlimatlandırılıblar. Ev təsərrüfatlarının uçotunun aparılmasında hansı dəyişikliklərin nəzərdə tutulduğunu, yeniliklərin əhəmiyyəti, müşavirədə verilən tapşırıqların icrası ilə bağlı və mövzu ilə əlaqədar digər suallarımızı Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədr müavini Müşfiq Əliyevə ünvanladıq.

    – Müşfiq müəllim, öncə istərdik ki, oxucularımıza təsərrüfatbaşına uçot kitabları haqqında qısaca olaraq ümumi məlumat verəsiniz. Ümumiyyətlə, təsərrüfatbaşına uçot kitabı nədir, nə məqsədlə yazılır, əhəmiyyəti nədən ibarətdir?
    – “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən rəsmi statistikanın əsas məqsədi ilkin məlumatların məxfiliyini təmin etməklə ölkədə sosial-iqtisadi vəziyyəti, elmi-texniki inkişafı, ölkə, region və sahə səviyyəsində qarşılıqlı təsərrüfat əlaqələrini, struktur dəyişikliklərini və istehsalın səmərəliliyini səciyyələndirən statistik məlumatlarla idarəetmə orqanlarının və digər iqtisadi subyektlərin ehtiyaclarının ödənilməsindən ibarətdir. Bu istiqamətdə rəsmi statistika hesabatı formalarından biri olan ev təsərrüfatlarının uçotu kitabındakı göstəricilərin ümumi yekunlarından əhalinin milli və sosial mənsubiyyətinin, cins və yaş tərkibinin müəyyən edilməsi, mövcud torpaq sahələrindən istifadə vəziyyətinin öyrənilməsi, təsərrüfata məxsus yaşayış evləri və digər tikililər, heyvanlar, quşlar və arı ailələri haqqında məlumatların əldə edilməsi və digər məqsədlər üçün istifadə olunur.
    – Gəlin bir qədər keçmişə, Azərbaycanda təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinin həyata keçirildiyi ilk vaxtlara nəzər salaq...
    –  Məlumat üçün qeyd edim ki, Azərbaycanda təsərrüfatbaşına uçot sənədləri 1934-cü ildən tətbiq olunur və yalnız kənd yaşayış yerləri üçün nəzərdə tutulmuşdur. Məhz həmin sənədlərin tətbiqi ilə kənd təsərrüfatında daimi ilkin uçot təşkil edilmiş, əhalinin təhsili, həyat səviyyəsi, təsərrüfatlar üzrə mal-qaranın, quşların sayı və sair haqqında məlumatlar toplanmağa başlanılmışdır. Uçot sənədlərindən kənd təsərrüfatı statistikasının aparılması ilə yanaşı, eyni zamanda ölkə əhəmiyyətli müxtəlif tədbirlərin, o cümlədən əhalinin siyahıyaalınmasının keçirilməsində, seçici siyahılarının dəqiqləşdirilməsində geniş şəkildə istifadə olunmuşdur.
    Sovet dönəmində şəhər yerləri üzrə təsərrüfatbaşına uçot sənədləri tətbiq olunmayıb. Bu sahədə müvafiq məlumatların toplanılması üçün ev kitabçaları  tətbiq edilirdi və sahə müvəkkilləri də qeydiyyat məlumatlarının dəqiqləşdirilməsi məqsədilə evlərə baş çəkirdi. Lakin bu, şəhər yerləri üzrə yuxarıda qeyd olunan məqsədlər üçün ətraflı, eyni zamanda davamlı məlumatların əldə edilməsinə imkan vermirdi.
    – Bəs ölkəmizdə bu sahəyə nə vaxtdan lazımi diqqət göstərilməyə başlanılmışdır?
    – Uzun illər istifadə olunmasına baxmayaraq, 90-cı illərdən başlayaraq Azərbaycanda, o cümlədən muxtar respublikada təsərrüfatbaşına uçot sənədlərinin işlənilməsinə lazımi diqqət göstərilməmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən şəhər, rayon və şəhər rayonlarının icra hakimiyyətləri başçılarının şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində ev təsərrüfatlarının uçotu kitabı və onun aparılmasına dair metodoloji göstərişlər hazırlanmış və təsdiq edilmişdir. 2013-cü ildən başlayaraq kənd  yerlərində olduğu kimi, şəhər və qəsəbələrdə yaşayan əhali üzrə də ev təsərrüfatlarının uçotu kitabının tətbiqinə başlanılmışdır.
    Təsərrüfatbaşına uçot sənədləri ilə bağlı köklü islahatlara 2015-ci ildən başlanılmış, kitaba torpaqların suvarılması və onlardan istifadə, əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan məhsullar, kənd təsərrüfatı texnikası ilə bağlı yeni bölmələrin, mal-qara və quşların bölgüsünə yeni göstəricilər əlavə edilmişdir. Bu isə, öz növbəsində, əvvəllər seçmə statistika müşahidələri əsasında toplanan və müxtəlif metodlarla qiymətləndirilən məlumatların indi bütün təsərrüfatlar üzrə ilkin mənbədən əldə edilməsinə imkan yaratmışdır.
    Mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən hər 5 ildən bir təsdiq edilən təsərrüfatbaşına kitablar bütün inzibati ərazi dairələrini əhatə edir və kitabdakı göstəricilər hər il yanvar ayının 1-i dəqiqləşdirilir.
    Muxtar respublikada 1 yanvar 2016-cı il tarixədək ev təsərrüfatlarının uçotu Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş kitablara uyğun olaraq şəhər və rayon icra hakimiyyətləri başçılarının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri, həmçinin sahə inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən aparılmışdır.
    – Hamımıza məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikasında aparılan struktur dəyişikliyindən sonra ilk diqqət yetirilən məsələlərdən biri də məhz təsərrüfatbaşına uçot kitabları ilə bağlı oldu, bu məqsədlə keçirilən müşavirədə həllini gözləyən zəruri məsələlərə də toxunuldu, qarşıda duran vəzifələr izah olundu, məsul şəxslər təlimatlandırıldı. Müşavirədə konkret olaraq qarşıya hansı vəzifələr qoyuldu?
     – İlk olaraq məlumat üçün onu bildirmək istəyirəm ki, 2022-ci ildə Azərbaycan Respublikasında ev təsərrüfatlarının uçota alınması işi yeni formatda aparılsa da, əfsuslar olsun ki, bu tədbir Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən asılı olmayan müəyyən səbəblərdən muxtar respublikada tələb olunan səviyyədə həyata keçirilmədi. Bununla da həm ölkə, həm də muxtar respublika üzrə dolğun məlumatların əldə edilməsi təmin olunmadı. Hazırda həyata keçirilən tədbirin əsas məqsədi ölkəmizin digər ərazilərində 2022-ci ildən başlayaraq görülən işin Naxçıvanda da uğurla başa çatdırılmasına nail olmaqdır.
    – Bildiyimiz kimi, 28 dekabr 2022-ci il tarixdə keçirilən müşavirədə Mərkəzi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq ötən dövrdə şəhər və rayon icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah da yaradılıb. Qərargahların fəaliyyəti necə qurulub?
    –  Sizin də qeyd etdiyiniz kimi, muxtar respublikada ev təsərrüfatlarına dair daha dolğun məlumat əldə etmək məqsədilə 28 dekabr 2022-ci il tarixdə müşavirə keçirilmiş, Mərkəzi Qərargah yaradılmış, Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq şəhər və rayon icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 qərargah yaradılmışdır.
    Görülən işlərin davamı olaraq cari il yanvar ayının 6-da ev təsərrüfatlarının uçotunun aparılmasına dair geniş müşavirə keçirilmiş, təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər və rayon icra hakimiyyətlərinin qarşısında duran vəzifələr izah olunmuş, məsul şəxslər təlimatlandırılmışdır.
    Naxçıvan Muxtar Respublikası üzrə ilkin variantı 2016-cı ildə təsdiq edilmiş “Ev təsərrüfatlarının uçotu kitabı”nda olan göstəricilərlə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi kitab arasında müəyyən fərqlərin aradan qaldırılması məqsədilə yeni kitablar çap olunmuş və statistika idarələrinin rəisləri tərəfindən ev təsərrüfatlarının uçotu kitabının hər birinin axırıncı səhifəsində onun səhifələrinin ümumi sayı göstərilməklə imza edilib möhürlənməsi, akt vasitəsilə digər sənədlərlə birlikdə tələb olunan sayda şəhər, qəsəbə, kənd və sahə inzibati ərazi dairələri üzrə nümayəndələrə təhvil verilməsi təmin olunmuşdur.
    Şəhər və rayon icra hakimiyyətlərində yaradılmış qərargahların fəaliyyəti haqqında onu qeyd etmək istəyirəm ki, Dövlət Statistika Komitəsinə yerli qərargahlar tərəfindən hər gün sorğu vərəqələri üzrə uçotu aparılmış ev təsərrüfatlarının, həmçinin sistemə işlənmiş ev təsərrüfatlarının sayı haqqında məlumatlar daxil olur və həmin məlumatlar tərəfimizdən ümumiləşdirilərək aidiyyəti üzrə  təqdim edilir.
    Ev təsərrüfatlarının uçota alınmasının müəyyən olunmuş vaxt ərzində və keyfiyyətlə yerinə yetirilməsi məqsədilə həyata keçirilən digər tədbirlərlə yanaşı, Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təşkil edilmiş 2 komissiya da şəhər və rayonlarda təsərrüfat uçotu işinin yerlərdə aparılmasına nəzarəti həyata keçirməkdədir.
    – Müşavirədə “Ev təsərrüfatlarının uçotu kitabı”nın proqram təminatı haqqında da söhbət açıldı, istərdik həmin proqram təminatının üstünlükləri barədə də oxucularımıza qısa məlumat verəsiniz.
    – Qeyd etmək istəyirəm ki, 2018-ci ildə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən həyata keçirilmiş islahatlar çərçivəsində ilkin olaraq kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə tətbiqinə başlanılmış yeni təsərrüfatbaşına uçot sənədlərinin elektronlaşdırılması məqsədilə müvafiq proqram təminatı hazırlanmışdır. 2019-cu ildə isə şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə məlumatlar proqram təminatına işlənilmiş və uçot sənədləri tam elektronlaşdırılmışdır. Şəhər və kənd yerləri üzrə təsərrüfatbaşına uçot sənədlərinin bölmələri, göstəricilər eyniləşdirilmiş və 2020-ci ildən başlayaraq şəhər və kənd yerləri üzrə təsərrüfatbaşına uçot sənədlərinin elektron məlumat bazaları birləşdirilərək vahid məlumat bazası yaradılmışdır.
    “Ev təsərrüfatlarının uçotu kitabı”nın proqram təminatında seçim imkanlarının çox olması daha müfəssəl və dəqiq məlumatların əldə edilməsinə imkan yaradır. Proqram təminatının imkanlarından istifadə edərək çıxış cədvəlləri üzrə əldə olunan məlumatlar qısa müddətdə təhlil edilir və aşkar olunmuş uyğunsuzluqların aradan qaldırılması həyata keçirilir. Eyni zamanda proqram təminatında axtarış bölməsinin mövcudluğu da şəxslər üzrə sürətli axtarışın təmin olunmasına şərait yaradır. “Ev təsərrüfatlarının uçotu kitabı”nın proqram təminatının əsas üstünlüklərindən biri də hər bir təsərrüfat üzrə göstəricilərin müvafiq sistemə daxil edilən kimi ölkənin digər şəhər və rayonları üzrə avtomatik rejimdə müqayisə olunmasına, təkrarçılıq halları varsa, onların aradan qaldırılmasına imkan yaradılmasıdır.
    – Son olaraq istərdik ki, bu günədək neçə təsərrüfatın qeydə alındığını və qarşıdakı dövrdə bu sahədə daha hansı tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu öyrənək...
    – 24 yanvar 2023-cü il tarixə muxtar respublikada sorğu vərəqələri üzrə uçotu aparılmış ev təsərrüfatlarının sayı 59 min 601, sistemə işlənmiş ev təsərrüfatlarının sayı isə 35 min 907 olub. Sistemdə uçota alınmış əhali sayı  123 min 378 nəfərdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
    Ev təsərrüfatlarının sorğusu tam başa çatdıqdan sonra muxtar respublikada statistika üzrə real göstəricilər elektron informasiya sistemində öz əksini tapacaqdır.
    – Suallarımızı ətraflı cavablandırdığınız üçün sağ olun.

Nail ƏSGƏROV

Nəşr edilib : 24.01.2023 19:03