AZ EN RU

Etibarlı ərzaq təhlükəsizliyinin təminatı muxtar respublikada strateji istiqamətlərdən birini təşkil edir

    İlk dəfə 1974-cü ildə BMT Baş Assambleyasında gündəmə gələn “ərzaq təhlükəsizliyi” termini qlobal böhran və acların etirazları nəticəsində dünya gündəminin əsas məsələlərindən biri halına gələrək günümüzədək öz aktuallığını saxlayır. Qurum tərəfindən müəyyən edilmiş kriteriyalara görə ərzaq təhlükəsizliyi dedikdə elə situasiya nəzərdə tutulur ki, bütün insanlar istənilən vaxt aktiv və sağlam həyat tərzi sürə bilmək üçün kifayət qədər keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarına malik olsunlar. Qlobal böhran ərəfəsində  – 2007-ci ildən başlayaraq dünyada ərzaq qiymətlərinin kəskin bahalaşması böyük dövlətlərin ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik kontekstində baxmağına imkan verdi, daha doğru desək, məcbur etdi. Son 10-15 il ərzində dünyada qlobal ərzaq təhlükəsizliyinə yanaşma o qədər aktuallaşıb ki, bu məsələ artıq siyasi müzakirə və təsir rıçaqlarının əsas komponentinə çevrilib. ABŞ-ın tanınmış dövlət xadimi Henri Kissincerin “Neftə nəzarət etsən, millətləri, ərzağa nəzarət etsən, insanları nəzarət altına alarsan. Qida bir silahdır və bizim müzakirə çantamızdakı vasitələrdən biridir!” fikri dünyanın ən güclü iqtisadi qüdrətə malik bir ölkəsinin ərzaq siyasətini açıq şəkildə ortaya qoyur. Təbii ki, belə olan vəziyyətdə hər bir ölkə özünün ərzaq təhlükəsizliyi məsələsinə  ciddi yanaşmaq məcburiyyətindədir. 

    Tarixin bütün dövrlərində dövlətlərin qarşısında duran əsas vəzifə əhalini ərzaqla təmin etmək olub. Bu da faktdır ki, hər bir ölkə özünü tamamilə 100 faiz ərzaq məhsulları ilə təmin edə bilməz. Lakin etibarlı ərzaq təhlükəsizliyi dedikdə o başa düşülür ki, hər bir ölkə əsas ərzaq məhsullarının tam və yaxud 80 faizdən çoxunu özü təmin edə bilsin. Buna görə də ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyi – əsas ərzaq malları üzrə idxaldan asılı olmamasını, etibarlılığı, ərzaq sisteminin mövsüm, hava və digər amillərlə bağlı risklərdən qorunması, dayanıqlılığı, milli ərzaq sistemi istehsalının genişləndirilməsi rejimində inkişafını nəzərdə tutur. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ölkəmizin iqtisadi inkişaf strategiyasında əsas təməl prinsiplərindən birini ərzaq təhlükəsizliyi məsələləri təşkil edir. Hətta ümummilli lider tərəfindən 2001-ci il 2 mart tarixdə imzalanmış “Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamda ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla əsas insan hüquqlarından biri kimi vurgulanır. Məhz buna görə də ölkəmizdə, eləcə də muxtar respublikamızda ərzaq təhlükəsizliyinin gücləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bu məqsədyönlü siyasətin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramının əsas strateji hədəfi ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi və bu sahədə  məqsədyönlü tədbirlərin həyata keçirilməsidir.
    Qeyd etmək lazımdır ki, ötən dövrdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə qəbul edilən və icrası uğurla başa çatdırılan üç Dövlət proqramı bu sahədə böyük nailiyyətlərin qazanılmasına imkan verib. Əminliklə demək olar ki, hazırda icrası davam etdirilən dördüncü Dövlət proqramı da ərzaq təminatı sahəsində mühüm yeniliklərə səbəb olacaqdır. Bundan əlavə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiqlənmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Pro­qramı” da uğurla icra olunur. Bu proqramlar muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyətə malikdir. Dəqiq hədəflərə hesablanmış sosial-iqtisadi siyasətin real nəticələridir ki, 2021-ci ildə ümumi daxili məhsul istehsalı 3 milyard 16 milyon 315 min manat olub. Bu isə bir il öncəki göstəricidən 2,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı isə əvvəlki ilə nisbətən 3,4 faiz artaraq 6525 manat olub. Və yaxud  bu ilin yanvar-avqust aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 939 milyon 834 min 300 manata yaxın olub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur. 
    Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında sənaye müəssisələrinin mühüm rolu var. Bu gün muxtar respublika sənayesi texnoloji və innovativ baxımdan inkişaf edir. Ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılması isə sənayenin inkişafına yeni imkanlar açıb. Belə ki, sənaye məhəlləsi istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli iqtisadi modelə çevrilməkdədir. Bununla yanaşı, sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi də bu istiqamətdə görülən işlərin həcmini artırıb. Məsələn, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin birinci yarım ilində muxtar respublikada sahibkarlara 24 milyon 344 min 900 manat kredit verilib. Verilmiş kreditin 11 milyon 14 min 500 manatı yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 13 milyon 330 min 400 manatı isə fərdi sahibkarlığın inkişafına sərf olunub. Sahibkarlığa göstərilən qayğının nəticəsidir ki, bu gün muxtar respublikada 384 növdə məhsul istehsal olunur. Bu məhsulların 127-si ərzaq, 257-si qeyri-ərzaq məhsullarıdır. 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənilir. 
    Şübhəsiz ki, “Sənaye ili” Naxçıvanda yeni müəssisələrin açılmasına, deməli, həm də yerli məhsul istehsalının həcminin artmasına imkan verəcək.  Bu isə daxili bazarın yerli məhsullarla təminatına, ixracyönümlü məhsulların növ və çeşidlərinin artmasına, eyni zamanda əhalinin ərzaq məhsulları ilə təminatında etibarlılığın yüksəldilməsinə xidmət edəcək. Artıq modernizasiya və perspektivli yanaşmaların nəticəsində muxtar respublikada ərzaq istehsalı sahələri daha da genişləndirilir. Bu isə muxtar respublikada nümunəvi ərzaq təminatı modelinin yaradılmasında ən mühüm şərtlərdən biridir.  

Səbuhi HƏSƏNOV

Nəşr edilib : 22.09.2022 18:02