AZ EN RU

Ərzaq təhlükəsizliyinin təmin edilməsi cəmiyyətin inkişafının mühüm şərtidir

    Ərzaq təhlükəsizliyi bütün insanların yaşamaq üçün zəruri olan ərzaq məhsullarına iqtisadi çıxışının təmin olunması, sağlamlığın və fəal həyat təminatının qorunub saxlanılması, cəmiyyətin inkişafının əsasıdır. Eyni zamanda əhalinin etibarlı ərzaq təminatı həm də hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti, dövlətin kompleks təhlükəsizliyinin, o cümlədən iqtisadi təhlükəsizliyinin tərkib hissəsi olmaqla, iqtisadi, xüsusilə aqrar siyasətin əsas hədəfidir. Bu səbəbdən cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi vacib şərtlərdən biridir. 

    Hazırda dünya iqtisadiyyatında baş verən proseslərin ümumi təhlilindən belə nəticəyə gəlmək olar ki, ərzaq təhlükəsizliyi gündən-günə daha ciddi xarakter daşıyan bir məsələyə çevrilir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq. Qarşıdakı illər ərzində əhali artımı ilə müqayisədə ərzaq istehsalının nisbətən azalması bir daha qida təhlükəsizliyinin təmin olunmasının gələcək illərdə də nə dərəcədə zəruri xarakter daşıyacağını göstərir.
    Qeyd etmək lazımdır ki, son iki ildə dünyada tüğyan edən koronavirus pandemiyası dövlətlər qarşısında, ilk növbədə, əhalinin zəruri və sağlam qida məhsulları ilə təminatı problemini qoydu. Belə ki, genişmiqyaslı məhdudiyyətlərin tətbiqi, iqtisadi aktivliyin zəifləməsi, iaşə və turizm sektorlarının fəaliyyətinin minimuma endirilməsi yüksək işsizlik səviyyəsi, gəlir itkiləri və ərzaq istehsalı xərclərinin artması ilə müşayiət olundu. Bu hal isə həm beynəlxalq, həm də lokal səviyyədə qida təchizatı zəncirinin zəifləməsi və bəzi hallarda qırılması kimi ciddi təhlükədən xəbər verirdi. Lakin ölkəmizdə, eləcə də muxtar respublikamızda qabaqcadan dayanıqlı iqtisadi inkişaf və sabitliyə hesablanmış iqtisadi siyasətin nəticəsində pandemiyanın təsirləri nəinki minimuma endirilib, hətta əvvəlki illərlə müqayisədə makroiqtisadi göstəricilərin səviyyəsində artım müşahidə olunub. Təbii ki, bütün bunlar əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında da özünü müsbət mənada göstərib. 
    Ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edib. Belə ki, 2001-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramında deyilirdi: “Ərzaq təhlükəsizliyi insan ləyaqətinin başlıca amili olmaqla, əsas insan hüquqlarından biridir. Ona görə də bu hüququn təmin edilməsi Azərbaycan Respublikası Hökumətinin mühüm vəzifələrindən sayılır”.
    Bu məqsədyönlü siyasətin davamı olaraq ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin real nəticələridir ki, muxtar respublikada 2016-cı illə müqayisədə 2021-ci ildə ümumi daxili məhsul istehsalı real ifadədə 16,8 faiz, sənaye məhsulu istehsalı 13,4 faiz, əsas kapitala yönəldilmiş vəsaitlər 6,5 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 33,5 faiz, pərakəndə ticarət dövriyyəsi 18,9 faiz artıb.
    Sənaye məhsulu istehsalının ildən-ilə artması muxtar respublikanın iqtisadi təhlükəsizliyinin əsas şərtlərindəndir. Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2022-ci ilin yanvar-noyabr aylarında 1 milyard 26 milyon 196 min 200 manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çoxdur. 
    Bu gün muxtar respublikada 384 növdə məhsulun istehsalı, həmçinin 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi idxaldan asılılığın ciddi şəkildə azaldılmasına səbəb olub. Nəzərə alsaq ki, bunların əksəriyyəti qida məhsullarıdır, əminliklə deyə bilərik ki, əhalinin tələbatının keyfiyyətli məhsullarla ödənilməsinə də şərait yaradıb.
    Muxtar respublikada yerli xammala əsaslanan müəssisələrin fəaliyyətinin dəstəklənməsi hər zaman aktual məsələ olub. Çünki ərzaq təhlükəsizliyinin etibarlı təminatında məhz yerli xammalla çalışan qida sənayesi müəssisələrinin rolu böyükdür. Bu istiqamətdə 2021-ci ildə Duzdağda ehtiyatı 15 milyon ton olan yeni şaxtanın istismara verilməsi əhalinin duz məhsuluna olan tələbatının dolğun şəkildə ödənilməsinə şərait yaradıb. 
    Məlum olduğu kimi, aqrar sahənin inkişafı ərzaq təhlükəsizliyi üçün başlıca amildir. Muxtar respublikamızda bu sahənin inkişafı istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi, ölkə başçısının regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı Dövlət proqramlarının uğurlu icrası təsərrüfatların müxtəlif sahələr üzrə fəaliyyətini şaxələndirməklə yanaşı, məhsul bolluğuna da zəmin yaradar. Belə ki, muxtar respublikada qapalı suvarma şəbəkələrinin tikintisi, yeni suvarılan sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi, məhsul istehsalçılarının mineral gübrə ilə təmin olunması, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikasının güzəştli lizinq şərtləri ilə fermerlərə verilməsi kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara bu sahəni inkişaf etdirmək üçün güclü stimul verər.
    Fermerlərin kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaları və əhalinin ilin soyuq fəsillərində kənd təsərrüfatı məhsullarına olan tələbatını dolğun şəkildə ödəmək məqsədilə əksər rayonlarda iritutumlu soyuducu anbarlar, əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixanalar tikilib. Təkcə 2021-ci ildə dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına 6 soyuducu anbarın və 5 istixana təsərrüfatının yaradılması, 3 istixana təsərrüfatının genişləndirilməsi başa çatdırılıb.
    Bu gün aqrar sektorda məhsul istehsalının həcmində xüsusi çəkiyə malik olan ailə təsərrüfatları muxtar respublikada əhalinin ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təminatında, bu sahədə idxaldan asılılığın azalmasında, eləcə də ərzaq təchizatı zəncirində əvəzsiz rola malikdir. Belə ki, bu cür kiçik təsərrüfatlar bazarda baş verən dəyişikliklərə cəld reaksiya verməklə əlavə sabitlik təmin edirlər.
    Araşdırmalar göstərir ki, bazar münasibətləri şəraitində ərzaq bazarının formalaşdırılması və məhsulun keyfiyyətinin yüksəldilməsinin mühüm cəhətlərindən biri də məhsulun keyfiyyətinin idarə olunması sisteminin təkmilləşdirilməsidir. 
    Muxtar respublikada istehsal olunan məhsulların, eləcə də idxal olunan qida məhsullarının keyfiyyətinin müvafiq standartlara uyğun təhlil olunması sahəsində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Latviya Respublikasının Latviya Milli Akkreditasiya Bürosu Dövlət Agentliyi (LATAK) tərəfindən beynəlxalq akkreditasiyadan keçmiş Mərkəzi Qida Sınaq Laboratoriyası, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin laboratoriyası və Naxçıvan Gömrük Ekspertizası İdarəsi fəaliyyət göstərir. 
    Bu gün qarşıya qoyulan vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər muxtar respublikada davamlı və adekvat ərzaq təklifinin formalaşdırılmasına, istehsal və satış infrastrukturunun genişləndirilməsinə, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsinə və hər bir vətəndaşın ərzaq məhsulları ilə etibarlı təminatına zəmin yaradıb.

Teymur ABBASOV 
iqtisad elmləri doktoru, 
Naxçıvan Dövlət Universitetinin professoru 

 

Nəşr edilib : 24.01.2023 19:10