AZ EN RU

Əqli mülkiyyət innovativ inkişafın mühüm amilidir

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür

    2000-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə aprel ayının 26-sı dünyada “Beynəlxalq Əqli Mülkiyyət Günü” kimi qeyd edilir.
    Ümumdünya Əqli Mülkiyyət Təşkilatı bu günü hər il fərqli istiqamətə yönəldir. Bu ili isə “Əqli Mülkiyyət və gənclik: daha yaxşı gələcək üçün innovasiyalar” mövzusuna həsr edərək gəncləri gələcək innovativ inkişafa birgə addımlamağı səsləyir. Elmi-texniki innovasiyanın və yaradıcılığın arxasında insanlıq tarixi və insan amili dayanır ki, insanların axtarış marağı, uzaqgörənliyi və əzmkarlığı gələcək baxımdan yeni üfüqlər və yollar açır. 
    Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi istiqamətində mühüm işlər görülmüş, əqli mülkiyyətin qorunması və inkişafına diqqət artırılmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”,    1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, həmçinin ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur. Yaradılmış möhkəm qanunvericilik bazası və əldə olunmuş təcrübə dinamik inkişaf edən Azərbaycan cəmiyyətində güclü insan kapitalına söykənən innovativ iqtisadiyyatın bərqərar edilməsi üçün etibarlı zəmin formalaşdırmışdır.

    Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-neft sektorunun inkişafına yönəldilən məqsədyönlü iqtisadi siyasət təcrübələrə və insan kapitalına hesablanan innovativ iqtisadiyyatın inkişafına xidmət etməkdədir. Cəmiyyətimizdə əqli mülkiyyətə iqtisadi faktor kimi artan maraq da bütün bunların əyani sübutudur. Sürətlə dəyişən dünyada Azərbaycan getdikcə öz mövqeyini möhkəmləndirir və layiqli yerini tutur. “Davamlı inkişafın Azərbaycan modeli” bir sıra vacib amilləri, o cümlədən biliklərə əsaslanan tərəqqini, informasiya-kommunikasiya texnologiyaları və əqli mülkiyyətin prioritetliyini özündə cəmləşdirir. Ölkə başçısının dediyi kimi: “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir”. Cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində əqli mülkiyyətin, kreativ sənayenin inkişaf etdirilməsi kimi məsələlər də öz əksini tapmışdır. Azərbaycan yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olsa da, XXI əsri xammal ixracından hazır məhsul ixracına keçid üçün həlledici dövr kimi qiymətləndirən dövlət başçısı qəbul etdiyi mühüm dövlət sənədlərində əqli mülkiyyətin, innovativ sənayenin inkişaf etdirilməsi kimi məsələləri də həmişə ön plana çəkmişdir.
    Son illər əqli mülkiyyət hüquqları sahəsindəki yeni çağırışlarla əlaqədar ölkə başçısının səyi və dəstəyi nəticəsində müvafiq islahatlar aparılır, qanunvericilik və normativ-hüquqi baza daha da zənginləşdirilərək təkmilləşdirilir. Təbii ki, həyata keçirilən bu məqsədyönlü islahatlar, əqli mülkiyyətin dünya iqtisadiyyatındakı yeni mahiyyətindən irəli gəlir. Məhz bu tədbirlərin davamı kimi Azərbaycan Respublikası Prezidentinin “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi yaradılmışdır.
    Əqli mülkiyyət sahələri – ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər ölkəmizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış normativ-hüquqi aktlarla tənzimlənməkdədir. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir. Ölkəmiz əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə uğurla inteqrasiya olunmuş, yaradıcı fəaliyyətin nəticələrinin hüquqi mühafizəsinə əlverişli zəmin yaradılmışdır. Məhz bu səbəbdəndir ki, innovativ inkişafın təmin edildiyi hər bir ölkədə əqli mülkiyyət məsələləri dövlətin prioritet siyasəti kimi müəyyənləşdirilir və hüquqi yollarla onun tənzimlənməsi prosesi həyata keçirilir.
    Naxçıvan Muxtar Respublikasında əqli mülkiyyət hüquqlarının qorunması və bu sahənin innovativ inkişafı üzrə həyata keçirilən uğurlu iqtisadi siyasət, ümumilikdə, əqli mülkiyyət sisteminin səmərəli formalaşdırılması üçün ciddi əsaslar yaratmışdır. İntellektual kapitaldan aktiv istifadənin və texnoloji inkişafın davamlı olaraq stimullaşdırılması hazırda üstün istiqamət kimi saxlanılmaqdadır. Xüsusən son dövrlərdə muxtar respublikada innovativ iqtisadiyyata keçid istiqamətində qəbul edilmiş mühüm qərarlar, icrası uğurla həyata keçirilən Dövlət proqramları və gənclərin bu istiqamətdə maarifləndirilməsi intellektual kapitala verilən əhəmiyyətin göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali           Məclisi Sədrinin “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” 2020-ci il 14 dekabr tarixli Sərəncamına əsasən muxtar respublikada innovasiyayönümlü iqtisadiyyata keçid, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan xidmət sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və nəticələrinin sənayedə tətbiqi təşviq olunur. Bu gün inşası davam etdirilən Texnoparkın layihəsinə nəzər saldıqda muxtar respublikanın gələcək innovativ inkişafa doğru istiqamətlənmiş hədəfləri və gələcəkdə qazanılacaq nailiyyətləri görmək mümkündür. Bu tədbirlərin davamı olaraq muxtar respublikada elm və təhsilin yeni standartlar çərçivəsində innovativ inkişafına yaradılan şərait və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı ilə təhsil tarixində yeni bir dövrün başlanğıcının əsası qoyulmuşdur. Sərəncamda “İdeyadan başlanğıca!” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin – startapların həyata keçirilməsi nəzərdə tutulmuşdur ki, bu da, öz növbəsində, yeni dövrün tələbi olan startap anlayışının əhatə etdiyi bütün sahələrdə innovasiyanı və dayanıqlı inkişafı təşviq edir.
    Muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaqla istedadlı gənclərin üzə çıxarılmasında, kadr hazırlığı sistemində akademik hazırlığın təcrübə ilə əlaqəsinin vəhdətində və kadrların gələcək karyera imkanlarının genişlənməsində məhz Ali Məclis Sədrinin təşəbbüsü ilə yaradılan “Startap Naxçıvan” hərəkatı mühüm rol oynayır. Bu hərəkatın əsas məqsədi yaradıcı düşüncə və inkişafa xidmət edən ən yaxşı layihələrin aşkarlanmasına, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə, müasir təfəkkürlü peşəkar mütəxəssis hazırlığına, həmçinin gənclərdə innovativ ideyaların üzə çıxarılmasına xidmət edir. Bu işdə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri ilə yanaşı, hami təşkilatların iştirakını da, xüsusilə vurğulamaq lazımdır. Hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqələrin daha da genişlənməsi qarşılıqlı əməkdaşlıq və insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələblərin formalaşmasına xidmət edir, gənclər tərəfindən irəli sürülən yeni startap layihələri üçün münbit şərait yaradır. Nəticədə, “fikir fabriki” rolunu oynayan gənc nəslin yaradıcı potensialının startap layihələrinin hazırlanmasına səfərbər edilməsi gələcək mühəndislər, menecerlər, sahibkarlar ordusunun formalaşmasına aparan ən optimal vasitədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “...Startap Naxçıvan” hərəkatının əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır”.
    Muxtar respublikada əqli mülkiyyət sahəsinin inkişafına təkan verən daha bir yenilik Ali Məclis Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən muxtar respublikada STEAM layihəsinin tətbiqinə başlanılmasından ibarətdir. Mütərəqqi təhsil metodu kimi əhəmiyyəti nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 7 iyun tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılmışdır. İlkin olaraq Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılmış, həmçinin muxtar respublika üzrə, ümumilikdə, 100-dən artıq ali və tam orta məktəbdə, lisey və məktəbdənkənar təhsil müəssisələrində STEAM kabinələri qurulmuşdur ki, bu layihənin icrası ümumtəhsil məktəblərində 22 mindən çox şagirdin STEAM təhsilindən yararlanmasına imkan yaradır. STEAM kabinələrinin lazımi avadanlıqlarla təchiz olunması, həmçinin təlimə aid metodik vəsaitlərin, eləcə də dərsliklərin və proqramların çap olunaraq istifadəyə verilməsi uşaq, yeniyetmə və gənclərdə XXI əsr bacarıqlarını, kreativlik, tənqidi düşüncə, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir informasiya-kommunikasiya texnologiyaları avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini inkişaf etdirir, yeni ixtiraların təməlini qoyur, müasir dövrdə yeni əqli mülkiyyətin formalaşmasına şərait yaradır.
    Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qarşısında muxtar respublikada innovasiyalı inkişafla bağlı yürüdülən iqtisadi siyasəti dəstəkləyən xidmətlərin göstərilməsi, əqli mülkiyyətin mühafizəsinin formalaşdırılması və müasir dövrün tələblərinə uyğunlaşdırılaraq sənayedə tətbiqinin dəstəklənməsi kimi mühüm funksional vəzifələr dayanır. Xidmət sənaye mülkiyyəti obyektlərinin mühafizəsi üçün əqli mülkiyyətin qorunması sahəsində mütəmadi tədbirlər həyata keçirir, muxtar respublikada patent sahəsinin inkişafını diqqətdə saxlayır. Yeni texnologiyaların iqtisadiyyata tətbiqini dəstəkləmək, bu istiqamətdə əqli mülkiyyətin rolunu artırmaq və innovasiyaların reallaşdırılmasına töhfə vermək əsas hədəflərdəndir. Xidmət tərəfindən patent sistemi vasitəsilə sənaye mülkiyyəti obyektlərinə dair iddia sənədlərinin qəbulu və ekspertizası həyata keçirilir, dövlət reyestri aparılır, bu sahədə hüquqların qorunması və beynəlxalq sistemlərə inteqrasiya təmin olunur. 
    Fəaliyyəti dövründə Patent şöbəsinə ixtira, sənaye nümunəsi, faydalı model, əmtəə nişanı və coğrafi göstəricilər üzrə 2243 müraciət daxil olmuş və müvafiq prosedurlara uyğun olaraq ekspertizası aparılmışdır. Bu dövr ərzində iddiaçılara, ümumilikdə, 1339 mühafizə sənədi verilmişdir. Əqli mülkiyyət hüquqlarının qorunmasına, bu sahədə maarifləndirmə işlərinin genişləndirilməsinə və əqli yaradıcılıq nəticələrindən qeyri-qanuni istifadənin qarşısının alınmasına xüsusi diqqət yetirilir.
    Muxtar respublikada əqli mülkiyyətin inkişaf etdirilməsi, ixtiraların istehsalatda tətbiqi və patentlərin beynəlxalq mühafizəsi işi bundan sonra da üstün istiqamət kimi davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası 
Antiinhisar və İstehlak Bazarına 
Nəzarət Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 25.04.2022 23:50