AZ EN RU

Enerji təhlükəsizliyi sahəsində görülən işlər bundan sonra da regionda sabitlik və inkişafın təmin olunmasına öz töhfəsini verəcək

    “Enerji təhlükəsizliyi” anlayışı qlobal məkanda son 50 ilin daha çox işlədilən ifadəsi olsa da, vahid konseptual mənada ona hələ ki, tərif verilməyib. Bir çox kateqoriyalarda texniki, sosial-iqtisadi, siyasi-fəlsəfi mənalar daşısa da, enerji təhlükəsizliyi energetikanın texniki təyinatı olma reallığından daha çox irəli gedib. Çünki bu gün müasir dünyada enerji təhlükəsizliyi milli iqtisadiyyatın müstəqilliyinin, dayanıqlılığının və inkişafının təminatçısı olduğu kimi, ölkələrin və xalqların xarici təhlükələrə qarşı müqavimətini də həyata keçirən çox mühüm strateji konsepsiyadır. Diqqət edilməli əsas məsələ odur ki, təbii enerji xammalı bütün dünyada bərabər paylanılmayıb. Eyni zamanda bu gün zəngin təbii ehtiyatlara malik elə ölkələr var ki, heç də bu potensialından tam istifadə edə bilmir və yaxud əksinə, elə ölkələr də var ki, kifayət qədər ehtiyata malik olmasa da, özünün enerji diversifikasiyasını tənzimləyə bilir. Deməli, əsas məsələ qətiyyət, məqsədyönlülük və milli maraqların qorunmasıdır. Məhz bütün bu tərəflərini nəzərə aldıqda bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda həyata keçirilən enerji layihələrinın gələcəyə doğru hesablanmış böyük işlər olduğunu görməkdəyik. Xüsusilə son illərdə Naxçıvan Muxtar Respublikasında bərpa olunan enerji mənbələri üçün qoyulan investisiyalar bu işin mahiyyətini bütün aydınlığı ilə ortaya çıxarır. Bir neçə gün bundan əvvəl Şərur rayonunda istifadəyə verilən növbəti Günəş Elektrik Stansiyası da bu istiqamətdə görülən işlərin davamıdır. 

    Stansiyanın açılış mərasimində verilən məlumatlar, sözün əsl mənasında, muxtar respublikada mühüm energetika infrastrukturunun yaradıldığını göstərir. Həmin məlumatlardan öyrəndik ki, muxtar respublikada ümumi qoyuluş gücü 240,5 meqavat olan 11 elektrik stansiyası vardır ki, onlardan ümumi qoyuluş gücü 103,5 meqavat olan 9-u bərpa olunan enerji mənbələri hesabına fəaliyyət göstərir. Məlumat verildi ki, Şərur rayonunun Zeyvə kəndində 35 hektar əkinəyararsız torpaq sahəsinin 15 hektarı bu iş üçün ayrılıb. Həmin ərazinin 7,9 hektarı ilk tikilən 5 meqavatlıq, 4,25 hektarı isə yeni tikilən 3 meqavat gücündə Günəş Elektrik Stansiyası üçün istifadə edilib. İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti arasında imzalanan müqaviləyə əsasən hər birinin gücü 330 vatt olan 9108 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 60 invertor, müasir tip kommutasiya aparatları və transformator yarımstansiyaları quraşdırılıb. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Zeyvə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə çıxış edərkən zəruri faktlar səsləndirdi. Məlum oldu ki, hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 60 faizə yaxını bərpa olunan enerji ilə təmin edilir. Ümumilikdə isə muxtar respublikanın təbii resurslarından istifadə edərək elektrik enerjisinə olan tələbatı tamamilə bərpa olunan enerji mənbələri hesabına ödəmək mümkündür. Belə ki, hazırda Ordubad rayonunda iki su elektrik stansiyasının qurulması davam etdirilir və yaxın zamanlarda istifadəyə veriləcəkdir. Bundan əlavə, Culfa rayonunda 1,1 meqavatlıq Külək Günəş Hibrid Elektrik Stansiyası artıq istifadəyə verilib. 10 yeni Külək Elektrik Stansiyasının qurulmasına isə qısa zamanda başlanılacaqdır. Eyni zamanda qarşıdakı illərdə hər birinin gücü 1,5 meqavat olan 5 külək elektrik stansiyasının qurulması da nəzərdə tutulub. Maraqlı faktlardan biri də bu oldu ki, istifadəyə verilən yeni Günəş Elektrik Stansiyası ilə muxtar respublikanın Günəş Elektrik stansiyalarının gücü 36 meqavata, illik istehsal gücü isə 55 milyon kilovat-saata çatdırılacaqdır. Bu da, ümumilikdə, muxtar respublikada enerji istehsalının 11 faizə yaxınını təşkil edəcəkdir. 
     Ali Məclis Sədrinin həmin tədbirdə dediyi: “İnsanların həyatını ərzaqsız təsəvvür etmək mümkün olmadığı kimi, enerjisiz də təsəvvür etmək mümkün deyil”, – dəyərli fikirləri müasir dövrün enerji reallıqlarını özündə əks etdirən ən məntiqli müqayisədir! Çünki dünya inkişaf etdikcə, enerjiyə olan ehtiyac da artır və iqtisadiyyat getdikcə daha çox enerjidən asılı vəziyyətə düşür. Digər tərəfdən enerji təhlükəsizliyi strateji amil kimi hər keçən gün daha çox ön plana keçir. Son dövrlərin silahlı münaqişələri də göstərir ki, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin bir elementinə çevrilib. Bütün bu amilləri nəzərə aldıqda muxtar respublikada etibarlı enerji təhlükəsizliyi infrastrukturunun yaradılmasının necə böyük əhəmiyyət daşıdığının bir daha şahidi oluruq.  
    Məlumat üçün bildirək ki, energetika sektorunda İsveçrənin tanınmış “Pure Energy Development” SARL şirkəti artıq bir neçə ildir, muxtar respublikada bərpa olunan enerji layihələrinin reallaşdırılmasında yaxından iştirak edir. Şirkətin icraçı direktoru Mişel Kaleraminin muxtar respublikada bu istiqamətdə görülən işləri yüksək səviyyədə qiymətləndirməsi də təqdirəlayiqdir: “Artıq 2014-cü ildən etibarən Naxçıvandayam. Bu illər ərzində Naxçıvanda kompleks inkişafın şahidi olmuşam. Heç şübhə yoxdur ki, Naxçıvan Ali Məclisi Sədrinin rəhbərliyi altında gələcəkdə daha çox uğurlara imza atacaqdır. Naxçıvanın coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Təsadüfi deyil ki, Naxçıvan alternativ enerji üzrə regionda lider hesab olunur. Əminəm ki, muxtar respublika rəhbərinin dəstəyi ilə Naxçıvan qısa zamanda “Yaşıl enerji” zonasına çevriləcəkdir”.
    Şərur rayonunda yeni Günəş Elektrik Stansiyasının açılış mərasimində söylənilən hər bir fikir mühüm nəticələrə gəlməyə imkan verir. Belə nəticələrdən biri odur ki, muxtar respublikada bərpa olunan enerji mənbələrindən istifadə dövlətin diqqət mərkəzindədir, bu sahədə son illər çox mühüm addımlar atılır və həyata keçiriləcək bir çox layihələr var. Görülən bu işlərin nəticəsidir ki, hazırda muxtar respublika bərpa olunan enerji üzrə regionda öz liderliyini qoruyub saxlayır. Digər tərəfdən muxtar respublikada enerji istehsalının həcminin artması region iqtisadiyyatının dayanıqlı inkişafını şərtləndirir. Bu isə o deməkdir ki, Naxçıvanda iqtisadi sahələri (xüsusilə istehsalyönümlü) inkişaf etdirmək üçün potensial böyükdür və istehsalın genişlənməsi xaricdən heç bir enerji asılılığı yaratmır. Bundan əlavə, Naxçıvan ötən dövrdə təkcə müasir energetika infrastrukturu yaratmayıb, həm də partnyorluq etdiyi enerji şirkəti tərəfindən etibarlı tərəfdaş kimi tanınıb. Bu isə müasir dövrdə çox mühüm amildir. Nəhayət, muxtar respublika enerji istehsalını artıraraq onu ixrac etməyə başlayıb ki, bu da Naxçıvanın elektrik enerjisi ixracatçısı kimi tanınmasını şərtləndirib. Daha bir başlıca mühüm nəticə odur ki,  muxtar respublikanın enerji təhlükəsizliyi sahəsində görülən işlər bundan sonra da regionda sabitlik və inkişafın təmin olunmasına öz töhfəsini verəcək. 

Səbuhi HƏSƏNOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 13.05.2022 19:49