AZ EN RU

Ənənəvi təsəvvürdə Yel çərşənbəsi

Yelli-güllü çərşənbənin yeni nəfəsli, yeni ruhlu qədəmləri uğurlu olsun!

    Boz ay dönəmində, yəni Novruz bayramına yaxın 4 çərşənbə zamanı 4 ünsür oyanır. Bu, qədim türk mifik görüşləri ilə bağlıdır. Hər bir ilaxır çərşənbəni simvollaşdıran, dünyanın yaranmasında aparıcı mövqe daşıyan bu ünsürlər Novruzla bağlı fəlsəfi düşüncənin əsaslarındandır. Su, Torpaq, Yel, Od ünsürlərinin köməyi ilə qışda yatan, ölən təbiət dirilib canlanır. Hər çərşənbədə bir ünsürün ayılması qədim türk mifologiyasından qaynaqlanır.

    Üçüncü ilaxır çərşənbə Yel çərşənbəsidir.  Yel çərşənbəsində yelin ayılması, yelin əsməyə başlaması bəzi təsərrüfat işlərinin də sahmana salınmasına yardım edir. Əvvəllərdən “Xırman” mərasiminin icrasında da yelin, küləyin funksiyası aparıcı mövqe daşıyırdı. Xalq arasında “Küləkli hava gərəkli olar” atalar sözü də bu məqamı təsdiqləyir. Və ya “Xırmanın yelsiz qalmasın” kimi alqış nümunəsi də  yelin təsərrüfat əhəmiyyətini bir daha sübuta yetirir.
    Yel çərşənbəsinə bəzən xalq arasında “toz çərşənbə” də deyirlər. Təbiət qüvvələrinə etiqadla yanaşan etnos təbiətə hörmətini, ondan imdad, kömək istəyini müxtəlif ayinlərlə ifadə etmişdir. Təbiətdən kömək uman, aman diləyən xalq əzizləmə xarakterli adlarla da bu məqsədini açıq-aydın büruzə verir. Yelin təsərrüfata gərəkli olduğunu düşünən xalq onu “əzizləyərək” “külək oyadan çərşənbə”, “küləkli çərşənbə”, “yelli-güllü çərşənbə”, “yelli çərşənbə” də adlandırmışdır. 
    Yel dünyanın yaranmasında 3-cü fundamental stixiya, yəni ünsür sayılır. Yel nəfəsalma mexanizmi kimi təzahür edərək həyat prinsipi ilə birbaşa bağlanır. Qədim  mifologiyalardakı təsəvvürlərə görə, Yel Allahı Şu səmanı və torpağı doğurur. Bu obraz həyat simvolu kimi  səma qapılarını açan və örtən obraz kimi təsəvvür edilir. 
    Azərbaycan türklərində “Yel baba” obrazı kimi tanınan varlıq  qədim türk dünya duyumuna görə, dünyada nə külək varsa, hamısının ixtiyarını öz əlinə alır. Xalq  arasında belə bir mifoloji inam dolaşmaqdadır ki, “Yel yeldir, onu da əsdirən var”. Azərbaycan xalqının folklor örnəklərinə əsasən söyləmək olar ki, Yel çərşənbəsi zamanı müxtəlif ayin və mərasimlərin icrası mütləqdir. Xalq düşüncəsində yelin müqəddəs anlam daşıması xalqımızın şifahi təfəkküründə uzun müddət başlıca mövqe daşımışdır. Bu baxımdan Azərbaycanın bəzi regionlarından toplanmış mərasim örnəkləri haqqında məlumatlar  yelin bir zamanlar xalqımızın düşüncəsində kult məqamında olduğunu sübut edir. Naxçıvan ərazisindən toplanmış folklor örnəklərinə əsasən söyləmək mümkündür ki, xalqın folklor yaddaşında Yel kultu – Yel əyəsi ilə bağlı maraqlı mifik mətnlər, inanc-sınama nümunələri mövcuddur.  Belə ki, xalqın folklor yaddaşında Yel çərşənbəsi zamanı yel əyəsinin ayıldığına inanc dolaşmaqdadır.  Biz əyə kultuna, sözünə Naxçıvan ərazisində daha çox rast gəlirik. Xalq belə deyir ki: “Yel çərşənbəsində yel ayılır, küləyh əsir, havanın ağırrığı sınır”. Bu inanclar qədim türklərdə yelin kult səviyyəsində olduğunu nümayiş etdirir. Yelin “baba” hesab edilməsi xalqımızın şifahi təfəkküründə uzun zamanlar başlıca mövqedə olmuşdur. 
    Əvvəldə qeyd etdiyimiz kimi, Yel çərşənbəsində, ümumiyyətlə, Azərbaycanda, o cümlədən  Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində bir-birindən maraqlı ayin və mərasimlər icra edilməkdədir ki,  bunların çoxunda Yel tanrısına sitayiş əks olunur. Evlərdəki paltar-palazın təmiz havaya çıxarılıb tozunu təmizləmək, “Xırman” mərasiminin aktual olduğu vaxtlarda taxılın biçilib xırmana yığılması ilə icra olunan “Yel baba” mərasimi Yel tanrıçılığına inamı təsdiqləyir.  Yel çərşənbəsi zamanı qəbirüstü ziyarətlər də təşkil olunur. Belə ki, dünyadan köçən insanların xatırlanması münasibətilə ehsanlar bişirilib paylanır, qəbirləri ziyarət edilir. Həmin ildə yas düşən evin sakinləri yasdan çıxarılır. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda  buna “paxır bayramı” deyilir. Belə ki, bu çərşənbəyədək qırxı çıxmayan mərhumun evinə yaxınlar, qohumlar toplaşır. Onun ailə üzvləri ilə birgə evdə bayrama hazırlıq görürlər. Bayrama münasib şirniyyatlar bişirilir, evin sakinlərinə təzə geyimlər geyinmək, qara libasları Novruz əhvali-ruhiyyəli libaslarla əvəzləmək tövsiyə olunur.  Beləliklə, həmin ailə də ərazidəki digər ailələr kimi sosial birlikdən, el-obanın bayram əhvali-ruhiyyəsindən kənarda qalmır.  
    Xalqımızın şifahi yaddaşında yaşayan, yel kultuna tapınmanı  ifadə edən atalar sözləri diqqətçəkəndir:
    Yel qayadan nə aparar?!;
    Yelnən gələn selnən gedər;
    Alçaxda yatma – sel aparar,
    Ucada yatma – yel aparar;
    Kələklə gələn, küləklə gedər.
    Kiçik janr nümunələrindən olan tapmacalar da yelin əfsanəvi obrazını yaratmaq baxımından xarakterikdir:
    Hər yan ələk-vələkdir,
    İsti tamam kələkdir.
    Dəyirmana can verər,
    Xırmana da gərəkdir.
    Yel baba obrazı  Naxçıvan Muxtar Respublikası  ərazilərindən toplanmış inanc nümunəsində öz maraqlı əksini tapmaqdadır. Xalq belə deyər ki: “Yel çərşənbəsi gecəsi söyüd ağacının altına keçib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib əssə və söyüdün yarpaqları ağaca toxunsa, diləyin gerçəkləşər”. 
    Yel çərşənbəsində ayılan yelin, küləyin təsiri ilə təbiətə güc-qüvvət, yeni nəfəs gəlir. Qışda “ölən” təbiəti Boz ayda oyadan 4 ünsür – Su, Torpaq, Yel, Od yeni təbiətin carçısı kimi xalq yaddaşında güc-qüvvət rəmzi olaraq yaşamaqdadır. 
    Uca Tanrı ömrünüzə nur qatsın, sağlam həyat, sağlam ruh diləyiniz gerçək olsun! Yelli-güllü çərşənbənin yeni nəfəsli, yeni ruhlu qədəmləri uğurlu olsun!

Aytən CƏFƏROVA
AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə 
fəlsəfə doktoru 

Nəşr edilib : 05.03.2022 22:10