AZ EN RU

“Endokrinologiyanın aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı

    Naxçıvan Muxtar Respublika Xəstəxanasında “Endokrinologiyanın aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. 
    Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirliklərinin təşkilatçılığı ilə keçirilən konfransı xəstəxananın baş həkimi Zəbur Bağırov açaraq inkişaf edən dünya səhiyyə sisteminin müasir nailiyyətlərinin öyrənilməsində belə konfransların əhəmiyyətindən danışıb, növbəti tədbirin də həkimlərin bilik və bacarıqlarının artırılmasında faydalı olacağına əminliyini ifadə edib.
    Azərbaycan Respublikası Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Nərminə Hüseynova “Şəkərli diabetin diaqnostikası və müalicəsinin idarə olunması”, Naxçıvan Diaqnostika Müalicə Mərkəzinin baş həkim əvəzi Mətanət Səfərova “Şəkərli diabetin müalicəsində peroral preparatlar”, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva “İnsulin rezistentliyi” mövzularında məruzələr ediblər.
    Konfransda qeyd olunub ki, şəkərli diabet endokrin sistemin ən geniş yayılmış xəstəliklərindən biridir, bu xəstəliklə mübarizə hazırda dünya səhiyyəsinin ən aktual məsələlərindən biridir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannamədə şəkərli diabet “ağır xroniki xəstəlik” kimi səciyyələndirilib. Odur ki, Azərbaycan Respublikasında şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısının təşkilati-hüquqi əsaslarını müəyyənləşdirən, bu xəstəliyin profilaktikası və müalicəsi sahəsində yaranan münasibətləri tənzimləyən “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Şəkərli diabet üzrə Dövlət Proqramı” təsdiq edilib. 
    Vurğulanıb ki, muxtar respublikamızda səhiyyə sisteminin inkişafı endokrinologiyada da mühüm irəliləyişlərə səbəb olub. Əvvəllər fəaliyyət göstərən endokrinoloji dispanserin bazasında Naxçıvan Muxtar Respublika Xəstəxanasında Endokrinologiya şöbəsinin yaradılması səhiyyə islahatlarının tərkib hissələrindən biridir. Burada müalicə-diaqnostika işinin yaxşılaşdırılması şəkərli diabet xəstələrinin aşkarlanması üçün də şərait yaradıb. Muxtar respublikanın şəhər və rayonlarının səhiyyə müəssisələri ilə qarşılıqlı əlaqələr yaradılaraq şəkərli diabet xəstələrinin vahid reyestri təşkil edilib. Naxçıvan Muxtar Respublika Xəstəxanasının göz həkimləri ayrı-ayrı rayonlarda şəkərli diabet xəstəliyindən əziyyət çəkən xəstələrin göz dibinin müayinəsini aparır, lazımi məsləhət və təyinatlar verirlər. 
    Bildirilib ki, imtiyazlı xəstələr üçün 2007-ci ildə verilmiş qlükometr aparatları və test lövhələrindən ibarət özünənəzarət vasitələri yeniləri ilə əvəz olunub. Hazırda muxtar respublikada şəkərli diabet xəstələrinə şəkərölçmə cihazı, test çubuqları və dərmanlar pulsuz verilir. Endokrinologiya şöbəsi tərəfindən şəkərli diabetin diaqnostikası və müalicəsi üzrə klinik protokolların tətbiqi, xəstəliyin profilaktikasına dair maarifləndirici söhbətlərin aparılması, diabetin fəsadlarının profilaktikası məqsədilə tibb müəssisələrində təlim məktəbləri şəbəkəsinin gücləndirilməsi üzrə tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə diabet məktəblərinin təlim, məşğələ və treninqləri təşkil olunur.
    Diqqətə çatdırılıb ki, müasir müalicə metodlarının öyrənilməsi və tətbiqi üçün yüksəkixtisaslı mütəxəssislərin iş təcrübəsindən istifadə edilir. Hər il Bakıdan gələn yüksəkixtisaslı həkimlər yerli həmkarları ilə birgə bölgələrdə konsultativ söhbətlər, səhiyyə maarifi işi aparır, rayonlarda bu qəbildən olan xəstələrə baxış keçirir, onlara tibbi məsləhətlər verirlər.
    Konfransda müzakirələr aparılıb, endokrinologiyanın aktual problemlərinə aid suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 07.05.2022 20:19